Son günlər kərə yağının qiymətində xeyli artım müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, bəzi kərə yağları 3, bəziləri isə 6 manat bahalaşıb.Elə satıcılar da qiymətlərin son günlər 3-6 manat arasında artdığını deyirlər. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycana 71 milyon 44 min dollar dəyərində 13 min 509 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24 milyon dollar və ya 51% çoxdur.
Kərə yağının bahalaşmasının səbəblərindən danışan qtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, Azərbaycanda kərə yağı istehsal edilmir:
''Ona görə də ölkəmiz xaricdən asılıdır. Xaricdə kərə yağının qiyməti artan kimi bu nüans Azərbaycan bazarına da təsir edir. Həmçinin, bu istiqamətdə rəqabət mühiti çox zəifdir. Yəni, ölkəyə yağ gətirən şirkətlərin sayı məhduddur. Əlavə olaraq ölkəyə yük daşımaların qiyməti yüksəlib. Çünki birdən-birə dizel yanacağının qiymətini 25 faiz artırıldı. Bu da birbaşa yük daşımalarının maya dəyərinə təsir göstərir. Bir sözlə, kərə yağının qiymətinin artması sadaladığım kompleks amillərlə bağlıdır. Qeyd edim ki, bizim bazarda daxili şirkətlərin adı ilə satışa çıxarılan məhsullar xaricdən gətirilir. Sadəcə olaraq Azərbaycanda qablaşdırılması həyata keçirilir. Bu isə həmin yağların ölkəmizdə istehsal olunduğu mənasına gəlmir".