RU

İran Zəngəzurla alver edir: Əvəzində nə istəyir?

Dəhlizin açılması təkcə Rusiya yox, həm də Azərbaycan, Türkiyə və ABŞ-ın marağına uyğundur. İlkin mərhələdə bununla bağlı müsbət bəyanatları Avropa Birliyi vermişdi. Onların bu məsələdə Ermənistana maliyyə baxımından kömək edəcəyinə dair fikir də var idi. Görürük ki, dəhliz məsələsinin qarşısında duran və onu qəbul eləməyən təkcə İrandır.

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Zəngəzur dəhlizi ilə bağlı son vaxtlar bəlli güclərin aktivləşməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Tehranın mövqeyinin konkret olaraq nədən ibarət olduğunu anlamaq çətindir:

“Bəzən deyirlər ki, dəhliz hansısa kənar qüvvələrin nəzarətində olmamalıdır. Faktiki olaraq isə 1992-ci ildən bu bölgə rus sərhədçilərin nəzarəti altındadır və buna qarşı İranın heç bir etirazı ilə qarşılaşmamışıq. Digər sərgilənən mövqe isə guya ki, Tehranın “Turan-NATO dəhlizi”nə qarşı olmasıdır”.

T.Zülfüqarov Zəngəzur dəhlizi ilə bağlı hazırda Rusiyanın ciddi fəallıq göstərməsinə diqqət çəkib:

“Kreml bu dəhlizə Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarət etməsini istəyir. Müxəlif mövqelər olduğu üçün bununla bağlı təmaslar davam edir”.

O, Rusiyanın kommunikasiya məsələsində İranın mövqeyini dəstəklədiyi ilə bağlı xəbərlərə də münasibət bildirib:

“Maraqlıdır: Rusiya İranın hansı mövqeyini, hansı həddə, hansı hissəsini dəstəkləyir? Bu haqda məlumat yoxdur. Ona görə də gözləyək və baxaq görək, bunun nəticəsi necə olacaq! Danışıqlar gec, ya tez digər ölkələrin mövqelərinə uyğunlaşacaq. Çünki İranın etirazı üçün heç bir əsas yoxdur”.

Politoloq qeyd edib ki, İranda dəhliz mövzusunun daha çox daxili siyasi məsələ ilə əlaqədar olduğunu düşünür:

“Dəhliz məsələsindən bir bəhanə kimi istifadə olunur. Hazırda İrana rəhbərlik edən müxtəlif qüvvələr təzə administrasiyanın formalaşmasında bir-biri ilə rəqabət aparır. Bu məsələdə SEPAH-ın da mövqeyi tez-tez qabardılır. Amma bilirsiniz ki, SEPAH Tehranda Haniyənin öldürülməsindən sonra tənqid atəşinə tutulur. Gündəmi dəyişdirmək üçün də Zəngəzur dəhlizi məsələsi aktuallaşdırılıb. Bu baxımdan, ümumi prosesi müsbət dəyərləndirirəm. Praktiki şəkildə dəhlizin açılması artıq daha realdır”.

Rusiya TŞ katibi Şoyqunun avqust və sentyabr ayında İrana iki dəfə səfər etməsinə, eyni zamanda İran TŞ katibi Əhmədianın Sankt-Peterburqa getməsinə toxunan ekspertin fikrincə, bu danışıq və təmasların gündəmi olduqca genişdir:

“Rusiya İrandan hansısa silahların alınmasında maraqlıdır. Digər tərəfdən, guya Rusiyanın da öz növbəsində İrana çatışmayan hansısa texnologiyanı verməyi vəd etdiyinə dair məlumatlar var. Burada bəzi raket texnologiyalarından söhbət gedir. Çünki İran bəzi texnologiyalardan məhrumdur və bu mövzuya çox böyük önəm verir. Nəticə olaraq Rusiyanın vəziyyətindən istifadə edib, bu texnologiyaları əldə etməkdə maraqlıdır. Ola bilər ki, Zəngəzur mövzusu bu məsələdə İran tərəfindən alver kimi istifadə olunur. Ümumilikdə İranın bu vəziyyətə, proseslərə təsir imkanları çox məhduddur. Diplomatik alverdə İran bu məsələyə digər bir mövqe sərgiləməyə razı olacaq”.

Избранный
18
4
axar.az

5Источники