RU

Hərb tariximizin parlaq səhifəsi: antiterror tədbirlərindən bir il ötdü

Məlum olduğu kimi, sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Ölkə ərazisində uzun illər mövcud olmuş erməni separatizminə son qoyan, suverenliyimizin tam bərpası ilə başa çatan lokal antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə davam etdi. Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Bununla da erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular.

Qarabağın erməni sakinlərinin nümayəndələrinin o zaman Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Razılığa əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərindən və hərbi postlardan çıxıb və tam şəkildə tərksilah olundular. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etdi, qeyri-qanuni erməni silahlı dəstələri buraxıldı. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verildi.




Sentyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi:

"Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır".


Antiterror tədbirlərindən dərhal sonra dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşlərdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edildi. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradıldı. 2023-cü il sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Bununla da 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu. Beləliklə, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər etdi, Əsgəran qalasında oldu və orada Azərbaycan bayrağını qaldırdı. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi.

2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olundu.


Antiterror tədbirləri dünya hərb tarixində də ən unikal əməliyyatlardan biri hesab edilir.




Millət vəkili Ceyhun Məmmədov deyir ki, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı:

"İkinci Qarabağ müharibəsinin nəticələri düşmənə dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Amma biz hansı yolla olur-olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan işğala son qoydu. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan bir daha Azərbyacan ordusunun gücünü gördü. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu. Bundan sonra antiterror tədbirləri dayandırıldı. Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla həyata keçirildi. Hərbçilərimiz böyük qəhrəmanlıq göstərib erməni terroruna son qoydular”.



Millət vəkili Arzu Nağıyev bildirib ki, antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində yerləşdirilən terror düşərgələri məhv edildi və ölkənin ərazi bütövlüyü tam təmin olundu:


”Antiterror əməliyyatı müxtəlif terror düşərgələrində təlimlər keçmiş terrorçulara qarşı keçirildi. Əməliyyat bütün müharibə qanunlarına uyğun şəkildə, sivil qaydada gerçəkləşdi. Dinc əhaliyə, mülki şəxslərə ziyan vurulmadı. Bu əməliyyat yalnız həmin ərazilərdə məskunlaşan terrorçulara qarşı idi. 30 il Azərbaycan xalqına qarşı soyqırımları həyata keçirən, günahsız insanları qətlə yetirən separatçı qüvvələrin rəhbərləri məsuliyyətə cəlb edildi. Beləliklə, növbəti qələbəyə imza atıldı”.



Politoloq İlyas Hüseynovun sözlərinə görə, antiterror əməliyyatı 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ərazisində qalan qeyri-qanuni silahlı birləşmələrin məhv edilməsi məqsədilə həyata keçirilən çox uğurlu bir hərbi əməliyyat idi:


“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin 10 min nəfərliki hərbi birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Amma bu qaydalara əməl olunmadı. Qarabağda hələ də erməni terrorçuları qalmaqda idi. Onlar bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədirdilər. Buna cavab olaraq Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli anti-terror tədbirlərinə başlanıldı. Bu tədbirlərdən sonra bölgədə olan ermənilər könüllü surətdə regionu tərk elədilər və Ermənistana üz tutdular. Çünki elə Ermənistan pasportunu daşıyırdılar. Lokal xarakterli antiterror tədbirləri hər zaman ölkəmizin şanlı tarixində qalacaq".




Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovun dediyinə görə, ermənilərin Qarabağda ard-arda törətdiyi terror hadisələrindən sonra antiterror tədbirləri qaçılmaz idi:

“Erməni silahlılarının zərərsizləşdirilərək torpaqlarımızdan çıxarılması, azərbaycanlı mülki işçilər və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlandı. Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün çox vaxt lazım olmadı. Əməliyyatlar 24 saatdan da az müddətdə həyata keçirildi. Qısa müddətdə ordumuz düşmənin dizini yerə qoydu və onu təslim olmağa məcbur etdi. Bu əməliyyat da Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi. Xalqımız həmişə olduğu kimi, bu dəfə də həmrəylik nümayiş etdirərək öz rəhbərinin ətrafında dəmir yumruğa döndü. Məhz bu vəhdət bizi növbəti parlaq Qələbəyə qovuşdurdu”.

Sevinc,
BakuPost
Избранный
99
46
bakupost.az

10Источники