RU

“Sülhə gəlin, ey insanlar!”

Bu gün Beynəlxalq Sülh Günüdür

Mən anayam, bu səsimdə

Yerin, göyün dərdi var.

Sülhə gəlin, ey insanlar,

Yoxsa dünya məhv olar!

Hələ məktəbli ikən 5-ci sinfin “Nəğmə” dərsliyində musiqisi Ələkbər Tağıyevə, sözləri N?vruz Gəncəliyə məxsus olan “Ananın səsi” şeirini oxuyanda “sülhə gəlin, ey insanlar” hayqırışının mahiyyətini, batinindəki mənanı bu qədər dərindən anlayırdıqmı? Əlbəttə, yox. Dünyadakı müharibələrdən, bu müharibələr nəticəsində ölən uşaqlardan, qucağı yetim, ürəyi yalın qalan analardan, yarımçıq sönən həyatlardan xəbərsizdik hələ onda. Amma bəzi ölkələr övladlarını silaha, əzaba alışdırarkən, bizim uşaq beynimizə, təhtəlşüurumuza ədəbiyyatın, musiqinin dili ilə yeridirdilər sülh olmasa dünyanın məhv olacağı gerçəyini...

Silahları yandırın,

Ərşə qalxsın tüstüsü.

Hər obada, hər bir evdə

Qanad açsın sülh sözü.

Üzü gülsün insanların,

Bayram etsin yer üzü.

Bəs nə oldu? Yandırıldımı silahlar, qanad açdımı sülh sözü?! Yox, təəssüf ki... Hər gün bir az daha artdı qana bulanmış əllər, hər il bir az daha çoxaldı müharibə qurbanları. Bizim “sülh” hayqırışımızı partlayan mərmilər, atəşlənən silahlar boğdu elə beşiyindəcə. Bizsə, susmadıq, dünyanın vecsiz yaxasından tutub silkələməyə davam etdik “sülh” deyə-deyə. Axı biz müharibənin hər üzünü tanıyırdıq. Axı biz İkinci Dünya Müharibəsi, Birinci və İkinci Qarabağ savaşları vermiş ölkə kimi müharibənin hər cür silləsini yemişdik. Axı biz yorulmuşduq bomba səsindən, usanmışdıq imdad yalvarışlarından. Bu, bir xalq kimi bizim yaradılışımıza zidd idi.

Nəhayət, dünya da anladı sülhsüz məhv olacağını. O da gördü gərdişin heç də yaxşı yerə getmədiyini. Beynəlxalq Sülh Gününü təsis etdi, “sülh” sözünü dünya insanlarına tanıtmaq, dilində söylətmək üçün.

21 sentyabr bütün dünyada Sülh günü kimi qeyd edilir

Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı. Halbuki, bizim elə o zamandan, hətta ondan çox öncələrdən “sülh” deməkdən dil-dodağımız təpimişdi. Çi fayda! 

21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün təyin edilən bir gündür. Buna görə də 21 Sentyabr bütün planet insanları üçün çox vacib və əhəmiyyətlidir.

Bir çox beynəlxalq təşkilatlar tərəfindən sülhsevər ölkə kimi qəbul edilən Azərbaycanımız məhz bu səbəbdən multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfransların keçirildiyi dövlət olaraq regionda önəmli yerə sahibdir. Təəssüf ki, daim regionda sülhə nail olmağa çalışan Azərbaycan uzun illər uğradığı haqsızlıqlar nəticəsində özü müharibə meydanına çevrilib. Lakin 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladıqları Birgə Bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı.

Öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün son məqamda silaha sarılan dövlətimiz istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsiplərini daim qorudu, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə etdi.

Heç kimə sirr deyil ki, Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib. Bu baxımdan ötən ilə məhz bu günlərində ordumuz tərəfindən keçirilən anti-terror əməliyyatları nəticəsində cəmi 23 saat ərzində dövlət suverenliyimizin bərpa edilməsi Azərbaycanın daim çalışdığı əbədi sülhün əldə edilməsi üçün çox yaxşı fürsət yaratdı. Əlbəttə, birtərəfli sülhə nail olmaq çox çətin, hətta mümkünsüzdür. Lakin bu yolda ölkəmiz daim qətiyyətli addımlar atmaqda davam etməkdədir.

Dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunmasına göstərdiyi xidmətlərə görə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə daim fərqlənib. Belə ki, Azərbaycanın Birinci xanımının təşəbbüsü ilə ölkəmizdə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə”, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində böyük rol oynayıb.

Təbii ki, dünyada sülhün qorunub saxlanılmasında dövlət-din münasibətlərinin əhəmiyyəti danılmaz faktdır ki, çoxkonfessiyalı ölkəmizdə dövlət başçısı tərəfindən bu sahəyə də həssaslıqla yanaşılaraq daim qayğı göstərilməkdədir.

Böyük ümid və inam bəsləyirik ki, ana vətən Azərbaycanımızda dövlət başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı sayəsində görülən işlər, xüsusilə Avropa İttifaqı səviyyəsində aparılan danışıqlar öz bəhrəsini verəcək, tezliklə bölgədə əbədi sülhə nail olunacaq. Bu, öz qəlbində humanist hisslər bəsləyən hər bir azərbaycanlının ən ümdə arzusu və diləyidir.

Şahanə MÜŞFİQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
yeniazerbaycan.com

1Источники