RU

Ortaq əlifbadan – ortaq universitetə

II MƏQALƏ

Məndə sığar iki cahan, mən bu cahana sığmazam.

NƏSİMİ

Təşkilatlanmanın iki bəndi

Nəhayət, əlifba da daxil olmaqla, türk dövlətlərinin mədəni əlaqələrinin inki­şafı baxımından son dərəcə əhəmiyyətli olan təşkilatlanma prosesi 2009-cu ildə Naxçıvanda yeni səviyyəyə keçdi. "Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"­nin 29 və 30-cu bəndlərində yazılmışdır: “TÜRKSOY-un Türk dünyasının ümumi dəyərlərinin müəyyən edilməsi, inkişafı, beynəlxalq səviyyədə yayılması və popul­yarlaşdırılmasında vacib rol oynadığını vurğuladılar, eləcə də onun türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşmə­sinə töhfəsini qiymətləndirdilər. Bununla əlaqədar, onlar türkdilli ölkələrin xalqla­rının dil, mədəniyyət və mənəvi dəyərlə­rinin ümumiliyinə əsaslanan əlaqələrin və əməkdaşlığın daha da möhkəmləndirilmə­sində TÜRKSOY-un əhəmiyyətini qeyd etdilər”; “Dünya sivilizasiyasının inkişa­fına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənmə­si üzrə TÜRKSOY Fondunun yaradılması barədə Azərbaycan Respublikası Preziden­tinin təşəbbüsünü yekdilliklə dəstəklədilər. TÜRKSOY Fondunun yaradılması və fəa­liyyəti ilə bağlı təşkilati məsələlərin həlli tərəflərin hökumətlərinə həvalə olunur”.

Bu, olduqca əhəmiyyətli bir addım idi. Çünki türk dövlətləri tarixində ilk dəfə ola­raq dil, əlifba, mədəniyyət məsələlərində təşkilati formada əməkdaşlığa qərar ve­rirdilər. Bu o demək idi ki, etnik eyniliyi və mədəni ortaqlığın ümumi soydan gələn ortaq dəyərlərini sivil müstəvidə konkret nəticəverici əməkdaşlıq səviyyəsinə trans­fer etməkdə qərarlıdırlar. Təbii ki, burada fərqli fikirlər ola bilər, qarşıya həlli asan olmayan məsələlər çıxar. Lakin ana xətt kimi türk xalqlarının müasir tələblərə uy­ğun olan ortaq mənəvi, mədəni, əxlaqi və digər dəyərləri məqsədyönlü şəkildə müəyyən etməyə feili olaraq başlamaları çox əlamətdardır. 

Burada Naxçıvan ortaq türk sinerjisinin strateji mənasını da vurğulamaq lazımdır.

Birincisi, türk xalqlarının ortaq fəaliy­yəti yollarını tamamilə mədəni, mənəvi, əxlaqi, ideoloji və demokratik dövlətçilik kontekstinə yerləşdirmək istiqamətində vacib addım atılırdı. 

İkincisi, prosesin düşünülmüş və mər­hələli aparılması yanaşmanın məntiqin­dən aydın görünürdü. Bu da “emosional qardaşlığa” deyil, çağdaş dövrün mədə­ni, mənəvi, siyasi, geosiyasi, ideoloji və hüquqi şərtlərinə uyğun birləşməyi təşviq edir. 

Üçüncüsü, bu cür yanaşma Türk xalqlarının təşkilatlanmasını “böyük qar­daş-kiçik qardaş” dixotomiyası çərçivə­sindən çıxarır. Yəni türklərin birləşməsi geniş dünyəvi kriteriyalar əsasında hüquqi müstəvidə bərabərlik təməlində baş verir.

Əlbəttə, Naxçıvan sənədinin Ortaq Türk Əlifbası kontekstində təhlilini daha da genişlndirmək olar. Ancaq burada hə­min konteksdə Ortaq əlifbadan ortaq ali təhsilə keçidin fəlsəfi məqamları üzərində dayanaq. 

Ortaq əlifbanın öyrədilməsi

Mədəniyyət elə bir sahədir ki, onun nəzəri olaraq qalmasının faydası yoxdur. Mədəniyyət yalnız həyata keçəndə mədə­niyyət olur, öz funksiyasını yerinə yetirə bilir. Ortaq əlifba bir ideya, məqsəd, qra­fika sistemi kimi rəmz statusunda, əlbəttə, çox əhəmiyyətlidir! Ancaq, məncə, əsas iş bundan sonra başlayır. O cümlədən, bu əlifbanı nə zaman, necə və hansı səviyyə­də öyrətməklə konkret tətbiqi zamanının uyğunluğu çox vacibdir. Şübhə yoxdur ki, bununla bağlı müzakirələr aparılacaq, hə­min prosesə aidiyyatı olan çox dəyərli zi­yalılarımız düzgün yol müəyyən edəcəklər (bəlkə də artıq müəyyən edilmişdir, lakin cəmiyyətin informasiyası yoxdur).

Əgər tədrisin fəlsəfəsi prizmasında məsələyə baxsaq, yeni əlifbanın yalnız qrafika sistemi deyil, həm də məzmun, məna, məqsəd və strateji proqnoz obyekti olaraq izah edilməsi vacibdir. İndi dünyada tədrisin səmərəli təşkili məsələsi ən aktual sosial-mədəni, elmi və təhsil faktoru kimi diqqətdədir. Çünki təhsilin nəticə baxımın­dan səmərəli olmasının təməlində tədris dayanır. Yen əlifbanı necə öyrətmək olar ki, insanlar onu öz daxili mənəvi, mədəni, intellektual və feili tələbatları kimi qəbul etsinlər. Bu prosesi ardıcıl olaraq kiçik yaşlı məktəblilərdən başlamaqla aparmaq səmərə verərmi? Və ya səmərə verməsi üçün hansı pedaqoji, metodiki, elmi-nəzəri və elmi-tətbiqi yanaşmadan istifadə etmək olar? 

Düşünmək olar ki, məsələni bu dərəcə­də qəlizləşdirməyə bəlkə ehtiyac yoxdur? Türk dövlətlərinin təhsil işçiləri yığışıb müzakirə etsinlər və konkret vaxt təyin edərək tədrisə başlasınlar (əlifbanı öyrət­mək mənasında). Məncə, bu, yarımçıq iş və özlüyündə bir sıra gizli ziddiyyətləri gələcəyə “aparmaq istəyənlərə” töhfə olar­dı. Çünki perspektivli və qalıcı birliyin mədəni-mənəvi, sosial-psixoloji təfəkkür və zəkavi təməli tam aydın pirnisplər üzrə, məsələni dərk etməyə dayanmalıdır. Dərk edilməyən proses nə qədər müsbət ruhlu olsa da, bir yerdə neqativ rol oynaya bilər. Əlifba isə insanın daxili dünyasını, mənəvi keyfiyyətlərini, psixoloji kimliyini, mədə­ni mənsubluğunu, dünyaduyumu və özü­nüdərkini dəyişir. Bu dəyişikliklərin insa­nın ruhuna hopması lazımdır. Onun yolu isə məhz özünüdərkdən keçir. 

Deməli, əlifbanın öyrədilməsi özlü­yündə iki məqamı gözləməlidir. 

Birincisi, hər bir türk xalqının mədəni avtonomluğuna zərər verirməməlidir.

İkincisi, ortaq türk mədəniyyətinin “kod”ları və ya (“kültür memləri”) həmin avtonomluqların ortaq qarşılıqlı əlaqələr ritmi sahəsində yenidən mənalandırma əsasında formalaşmalıdır. 

Kifayət qədər mürəkkəb nəzəri və me­todoloji situasiyadır. Əslində, bütövlükdə, mədəniyyət və dövlətçilik kontekstində məsələyə bu cür yanaşmanın ciddi fəlsə­fi-elmi nümunəsi vardır. Onların Ortaq Türk Əlifbası kontekstində Ortaq Təhsil Sisteminin formalaşdırılmasına təbiqi im­kanları üzərində düşünək.

Mədəniyyətin tarixi kaskad ritmləri və təhsil 

“Tarixin kaskad ritmləri” anlayışını ru­siyalı filosof və riyaziyyatçı Vladimir Bu­danov daxil etmişdir. Kaskadritmlər tarixi zamanda sosial-mədəni və psixoloji kod­ların (arxetiplərin) pilləvari təkamülünü nəzərdə tutur. Əgər proses müsbət inkişaf istiqamətində gedirsə, hər yeni mərhələdə (yeni pillədə) formalaşan yeni mənalar ön­cəki mərhələdən ikiqat güclü və səmərəli ola bilir. 

V.Budanova görə, hər bir xalqın, top­lumun və dövlətin tarixi təkamülündə bu qayda işləyir. O cümlədən. mədəniyyət, təhsil, elm və başqa sferalarda təkamül di­namikası kaskad ritmlər formasında olur. 

Bunu mədəniyyətə aid etsək, əmin ola­rıq ki, xalqın tarixi təkamülündə düzgün seçim əsasında yeni mərhələdə birliyə və inteqrasiyaya doğru öncəki mərhələdən iki dəfə artıq güclə keçid etmək olar. Burada, əlbəttə, şüurda, təfəkkürdə, zəkada, intel­lektdə gözlənən tərəqqiyə də ümid etmək olar. Əlifbanın yuxarıda M.Maklüyen tərə­findən təhlil edilən özəlliklərini nəzərə al­saq, bu prosesi dərin fəlsəfi və elmi-tədrisi aspektinin olduğuna şübhə yeri qoymaz. 

Konkret desək, V.Budanovun “sosi­al-mədəni və tarixi proseslərin kaskadritm” formasında inkişaf nəzəriyyəsi göstərir ki, Ortaq Türk Əlifbası bütövlükdə təhsil sis­teminin səmərəli yeniləşməsi ilə sıx bağlı hadisədir. Bu sistemdə işləri elə qurmaq olar ki, kiçik yaşlarından uşaqlar ortaq əlif­banı özlərinin daxili tələbatı, ehtiyacı kimi qəbul etsinlər. V.Budanov yazır ki, “sosial arxetipin aktivləşdirilməsi məqamı cəmiy­yətə yeni keyfiyyətlər gətirir, yeniləşmiş arxetipin kaskadritmlərinin ağacvari art­ması prosesini motivə edir”. Bu, həm də sosial-mədəni mühitin güclü parlaması kimi də təsəvvür edilə bilər. Məsələn, mə­dəni və mənəvi-əxlaqi passionarlığa güclü təkan verər. 

V.Budanov fikirlərinə davam edir: “Bu, minlərlə insanın, ictimai şüurun və ya təfəkkür durumunun (intellektual vəziyyə­tin – F.Q.) parlaq ahəngdar yüksəlişi kimi təzahür edə bilər”. Bu, güclü “transforma­siya zonası”nın yaranması deməkdir. 

Əlifba ritmkasadın faktoru kimi təcrid olunmuş halda güclü transformasiya zona­sı yarada bilməz. Çünki, o, ayrıca proses deyildir, bütövlükdə, xalqın intellektual, mədəni, mənəvi. əxlaqi, dünyadumuyu təkamülünün tərkib hissəsi, çox vacib xa­rakteridir. Əlifba isə bu keyffiyyətdə ilk növbədə təhsil sistemində “yuvalanır”. 

Deməli, əlifbanın real, qalıcı və konst­ruktiv reallaşması, bütövlükdə, təhsilin təş­kili kontekstində predmetləşə bilər. Əlifba bu anlamda təhsilin ibtidai mərhələsindən başlayaraq ali təhsil miqyasına qədər bütün mərhələlərdə ciddi rol oynayır. 

Maraqli nəzəri problemdir. Bir tərəf­dən, əlifbanı mücərrəd məqsədlərə tabe etməmək lazımdır, çünki o, həmişə prak­tiki-tətbiqi kontekstə malikdir. Digər tərəfdən, təhsilin bütün pillələrində onun özünəməxsus funksiyası mövcuddur. Bu iki aspektin optimal münasibətlərində yeni əlifbanın tədrisi çox vacibdir. 

Əlifbanın birləşdirici rolu

Vurğuladığımız yanaşma əlifbanın mə­dəni müstəvidə birləşdirici rolunu da dərk etməyə imkan verir. Onun iki aspektini ayıra bilərik. 

Birincisi, əlifba, bütövlükdə, müasir cəmiyyətlərdə yaradıcılıq, yaddaş, infor­masiyanın saxlanması və ötürüməsi, bü­tün kommunikativ proseslərin mexanizmi kimi əvəzedilməz funksiya yerinə yetirir. 

İkincisi, təhsilin müxtəlif pillələri ara­sında məzmun və kommunikativ vəhdəti təmin edir. İbtidai təhsil başlanğıc, ali təh­sil isə son deyildir. İbtidai təhsilə qədər də uşaqların əlifbanı öyrənməsi mümkündür. Ali təhsildən sonra isə elmi fəaliyyətdə əlifba əsas kommunikativ və dərkedi­ci mexanizm rolunu oynaya bilər. Bu o deməkdir ki, hansı sahədə çalışmasından asılı olmayaraq əlifba müasir insanın həya­tının bütün mərhələlərini avtomatik olaraq intellektual aspektdə birləşdirən mühüm faktordur. 

Bir qədər də açıq ifadə etsək, əlifba insanın beyninin intellektual sferasının qurulmsının təməlidir. İnsan əlifbanı məz­mun, mahiyyət və formasına uyğun olan intellektə sahib ola bilər. M.Maklüyen və həmfikirləri əlifbanın məhz bu yaradıcı, qurucu, birləşdirici və kommunikativ özəl­liklərini nəzərə alaraq onu, ümumiyyətlə, kimliyinin əsas faktorlarından biri kimi qəbul etmişlər. 

Bu kontekstdə əlifbanın ali təhsil səviy­yəsində oynadığı rol ayrıca əhəmiyyət daşı­yır. O mənada ki, Ortaq Türk Əlifbasından Ortaq Türk Universitetinə keçidin daxili məntiqi və məqsədləri olmalıdır. Cəmiy­yətlərin ortaq əlifbadan ortaq universitetin təşkilinə zehni transformasiyası sadə proses deyildir. Burada bir-biri ilə sıx əlaqəsi olan iki istiqamətin vəhdəti vacibdir. 

Birincisi, Ortaq əlifbanı bilən gənclərin vahid mədəni, mənəvi, əxlaqi və vətənpər­vər məcraya yönəldirilmələri. Onlarda or­taq “türk dövləti vətəndaşlığı” təsəvvürü­nün və duyğusunun formalaşdırılması.

İkincisi, bu təməldə yüksək səviyyəli və müasir düşüncəli peşəkar kimi forma­laşması. 

Məhz bu kimi kadrları nəzərdə tutaraq Azərbaycan Prezidenti “gələcəyin kadrlarını hazırlamaq lazımdır” tezisini rəli sürmüşdür. Bu tezisin tarixi və strateji də­rinliyini anlamaq üçün topluma vaxt lazım olacaqdır. 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Избранный
17
xalqqazeti.az

1Источники