Erməni baş nazirin bu barədə dedikləri
Baş nazir Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı açıqlamaları sağlam düşüncəyə sığmır. Bunu IV Avrasiya Qadınlar Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
N.Paşinyan bir neçə gün əvvəl bildirmişdi ki, rəsmi İrəvan KTMT-yə üzvlüyünü təkcə alyansın Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün deyil, həm də qurumun özünün ölkənin təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid yaratdığına görə dondurub. Əslində, baş nazirin mövqeyi, ümumən, Ermənistan rəhbərliyinin anti-KTMT kursunda müəyyən yeniliyin olduğunu söyləməyə əsas verir. Əvvəlcə bu yeniliyə diqqət yetirək.
Məlum olduğu kimi, Ermənistan – KTMT münasibətlərindəki ziddiyyətlərin əsası 2022-ci ildə qoyulmuşdu. Həmin il noyabrın 23-də qurumun İrəvanda zirvə toplantısı keçirilmişdi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı toplantını anti-Azərbaycan motivləri üçün plasdarma çevirməyə cəhd göstərmişdi. Nikol ölkəsinin təşkilata rotasiya qaydasındakı sədrliyindən sui-istifadə yolu tutmuş, ciddi-cəhdlə çalışmışdı ki, qurum Azərbaycan – Ermənistan şərti sərhədində sentyabr ayında baş vermiş hərbi insidentə siyasi qiymət versin, Bakını işğalçı kimi göstərən bəyanat yaysın. Ancaq istəyinə nail ola bilməmiş, hətta KTMT-yə üzv bəzi dövlətlərin başçılarının sərt reaksiyası ilə də üzləşmişdi. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko Paşinyana toplantı iştirakçıları olan ölkə rəhbərlərini “uşaq yerinə qoymamağı” məsləhət görmüş, onu Azərbaycanla danışıqlara və problemi həll etməyə dəvət etmişdi. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mövqeyi isə daha konkret olmuşdu – Azərbaycan– Ermənistan sərhədlərinin delimitasiyası aparılmayıb və buna görə KTMT-nin məsuliyyət zonasını müəyyənləşdirmək mümkünsüzdür.
Bəli, 2022-ci ilin İrəvan sammitindən sonra KTMT-nin Ermənistan üzrə məsuliyyət zonasının qeyri-müəyyənliyinə dair tezis gündəmə gəldi. Ermənistanın hakimiyyət nümayəndələrinin həyasızlıqları isə bundan ibarətdir ki, onlar təşkilatın özünün həmin məsuliyyət zonalarını müəyyənləşdirməli olduğuna dair arqument səsləndirirlər. Başqa sözlə desək, KTMT həmin zonaları müəyyənləşdirməyincə, onunla münasibətlər yoluna qoyulmayacaq. Göründüyü kimi, bu yanaşmada da Zaxarovanın dili ilə desək, sağlam məntiq və düşüncə yoxdur, kifayət qədər, incə düşünülmüş bəhanə var.
Bəhanədən söz düşmüşkən, İrəvan sammiti gedişində Azərbaycan – Ermənistan şərti sərhədinə KTMT-nin müşahidəçilərinin göndərilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılmışdı. Hətta, qurumun Xarici işlər nazirləri səviyyəsində müəyyən razılaşmalar əldə edilmişdi. Sonradan KTMT-nin nəzərdə tutulan missiyasının hərbi təyinatlı olacağı bildirilmişdi. Ancaq o da məlumdur ki, Paşinyan bundan boyun qaçırmış və Avropa İttifaqının mülki müşahidə missiyasına üstünlük vermişdi. Sözügedən missiyanın KTMT-nin İrəvanda keçirilmiş sammitindən bir ay sonra, yəni dekabrda Ermənistana yerləşdirilməsinə başlanmışdı və hələ də fəaliyyətdədir. Belə nəticəyə gəlirik ki, Ermənistanın KTMT ilə ziddiyyətləri həm də ölkənin Qərbə yaxınlaşmaq əzminin təzahürü kimi meydana çıxmış hadisədir. Əlbəttə, buna əzm demək mümkündürsə...
Qeyd edək ki, İrəvan sammitindən sonra Paşinyan hakimiyyəti KTMT-ni boykot yolunu tutdu. Ermənistan nümayəndələri təşkilatın ayrı-ayrı strukturlarının iclaslarına qatılmaqdan imtina etdilər və mövqelərini davamlı şəkildə ictimailəşdirərək, Rusiya tərəfində qıcıq yaratmağa çalışdılar. 2024-cü ildən isə N.Paşinyan ölkəsinin anti-KTMT kursundakı boz rəng çalarlarını bir qədər də tündləşdirdi. Nikol və komandasının üzvləri, əvvəla, Ermənistanın təşkilatdakı üzvlüyünü dondurduğunu bəyan etdilər, ikincisi, rəsmi İrəvanın qurumdan ayrılmasının mümkünlüyünə dair mesajlar səsləndirməyə başladılar. İndiki, yəni yuxarıda haqqında söz açdığımız yenilik isə Paşinyanın KTMT-ni bilavasitə ölkənin ərazi bütövlüyü və suverenliyi üçün təhlükə görməsi ilə bağlıdır. Ancaq “yeniliyi” gözləməyə dəyərdi. Çünki onun işartıları özünü göstərirdi.
Məlum olduğu kimi, rəsmi İrəvan son günlər ən müxtəlif platformalarda Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığını tirajlamaqla məşğuldur. O da məlumdur ki, bu klişe ölkənin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan boyun qaçırmaq, konkret olaraq, sənədin 9-ci bəndini icrasından yayınmaq istəklərindən qaynaqlanır. Paşinyan və komandası Qərbin təhriki ilə Naxçıvana maneəsiz, yəni heç bir gömrük və sərhəd nəzarəti olmayan yolu təmin etmir, ən əsası isə 9-cu bəndin həmin yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət müddəasını heçə sayır. KTMT-nin bu ritorikaya daxil edilməsi isə rəsmi İrəvanın destruktiv mövqeyini daha da möhkəmləndirmək vasitəsidir. Hədəfin Rusiya olduğu gün kimi aydındır.
Bir halda ki, Moskvanın hakim rol oynadığı təşkilat Ermənistanın ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaradır, deməli, Rusiyanın özünün də Naxçıvan yolunda təhlükəsizliyin təminatı ilə bağlı zəmanətinə etibar edilməməlidir. Məntiq budur və məsələnin mahiyyətini Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bilməmiş deyil. Xanım Zaxarova məhz buna görə son günlər nümayiş etdirdiyi sərt ritorikanı yenidən işə salır. Daha doğrusu, sərtliyini sırf bu məsələ müstəvisində də ortaya qoyur.
Rusiya XİN-in sözçüsü Ermənistanın üçtərəfli bəyanatın icrasından boyun qaçırması ilə bağlı tez-tez onu bildirir ki, rəsmi İrəvan sənəddən imzasını geri çəkməyib. Bu, əslində, erməni rəhbərliyini qıcıqlandırmaq və ələ salmaqdır. Yəni, üçtərəfli Bəyanatdan rəsmən imtina edə bilmirsənsə, niyə boş-boş danışırsan? Zaxarova eyni məntiqi yenə də işə salır və deyir: “Bir halda ki, KTMT Ermənistanın ərazi bütövlüyü və suverenliyi kimi vacib məsələ üçün təhdid yaradırsa, nəyə görə ölkə qurumdan uzaqlaşdığını bəyan etməyib”.
Rusiya rəsmisi fikrinə davam edərək onu da deyib ki, Ermənistan KTMT-də qalırsa, deməli, strukturda hansısa məqsədəuyğunluq görür. Deməli, bir daha sübut olunur ki, sağlam olmayan düşüncə Paşinyanın bildirdikləridir. Ancaq Nikolun KTMT və Ermənistana təhdid mövzusunu gündəmə gətirməsi mahiyyətcə yenilik olsa da, baş nazirin oxşar xüsusda “təhlükə axtarışlarına” baş vurması ilk dəfə deyil. Onun məhz indi əsələdən söz açması da təsadüf sayıla bilməz.
Yada salaq ki, Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirməsindən və uğur qazanmasından sonra, N.Paşinyan ölkəsinin duruma müdaxiləsinin olmayacağından danışmış və sözügedən müdaxilənin Ermənistan üçün tələ ola biləcəyinə eyham vurmuşdu. Ardınca isə bildirmişdi ki, KTMT-yə üzv bəzi ölkələr Ermənistanda dövlət çevrilişi reallaşdırmaq istəyirdilər, lakin məqsədlərinə çata bilmədilər. Nikol belə deməklə, əslində, erməni avantürizminin Qarabağ rüsvayçılığına görə Rusiyanı günahlandırmaq yolu tutmuşdu. Görünür, üzərindən bir il keçdikdən sonra Paşinyan yenidən eyni məntiqi gündəmə gətirmək yolu tutur. Amma bu dəfə daha konkret şəkildə. Çox güman ki, Ermənistan rəhbərliyi növbəti mərhələdə Zaxarovanın dediyi yolla getməyin, yəni KTMT-dən çıxmağın mümkün olub-olmadığını daha əmin şəkildə yoxlayacaq.
Hərçənd, rəsmi İrəvanın mövcud istiqamətdə qəti qərar verəcəyini söyləmək mümkünsüzdür. Həm də ona görə ki, Ermənistan hakimiyyəti Rusiyanın əks addımlarının nədən ibarət olacağını tam müəyyənləşdirməyib. Daha doğrusu, hələlik həmin addımlardan etibarlı şəkildə sığortalanmaq iqtidarında deyil. Nəzərə alaq ki, KTMT-dən rəsmən ayrılma iqtisadiyyatı tamamilə Rusiyadan asılı Ermənistan üçün başqa fəsadlar da törədə bilər. Elə bu mənada da Zaxarovanın Paşinyanın dediklərini sağlam düşüncədən uzaq adlandırmasında məntiq var.
Ə.RÜSTƏMOV
XQ