EN

Moskva – İrəvan “dueli” KTMT müstəvisində

Erməni baş nazirin bu barədə dedikləri

Baş nazir Nikol Paşinyanın Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatının Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı açıqlamaları sağlam düşüncəyə sığmır. Bunu IV Av­rasiya Qadınlar Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

N.Paşinyan bir neçə gün əvvəl bildir­mişdi ki, rəsmi İrəvan KTMT-yə üzvlüyü­nü təkcə alyansın Ermənistanın təhlükə­sizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün deyil, həm də qu­rumun özünün ölkənin təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid yaratdığına görə dondurub. Əslində, baş nazirin mövqeyi, ümumən, Ermənistan rəhbərliyinin an­ti-KTMT kursunda müəyyən yeniliyin ol­duğunu söyləməyə əsas verir. Əvvəlcə bu yeniliyə diqqət yetirək. 

Məlum olduğu kimi, Ermənistan – KTMT münasibətlərindəki ziddiyyətlərin əsası 2022-ci ildə qoyulmuşdu. Həmin il noyabrın 23-də qurumun İrəvanda zirvə toplantısı keçirilmişdi. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı toplantını anti-Azərbaycan motivləri üçün plasdarma çevirməyə cəhd göstərmişdi. Nikol ölkəsinin təşkilata rotasiya qay­dasındakı sədrliyindən sui-istifadə yolu tutmuş, ciddi-cəhdlə çalışmışdı ki, qurum Azərbaycan – Ermənistan şərti sərhədində sentyabr ayında baş vermiş hərbi insidentə siyasi qiymət versin, Bakını işğalçı kimi göstərən bəyanat yaysın. Ancaq istəyinə nail ola bilməmiş, hətta KTMT-yə üzv bəzi dövlətlərin başçılarının sərt reaksiyası ilə də üzləşmişdi. Məsələn, Belarus Preziden­ti Aleksandr Lukaşenko Paşinyana toplantı iştirakçıları olan ölkə rəhbərlərini “uşaq yerinə qoymamağı” məsləhət görmüş, onu Azərbaycanla danışıqlara və problemi həll etməyə dəvət etmişdi. Qazaxıstan Prezi­denti Kasım-Jomart Tokayevin mövqeyi isə daha konkret olmuşdu – Azərbaycan– Ermənistan sərhədlərinin delimitasiya­sı aparılmayıb və buna görə KTMT-nin məsuliyyət zonasını müəyyənləşdirmək mümkünsüzdür. 

Bəli, 2022-ci ilin İrəvan sammitindən sonra KTMT-nin Ermənistan üzrə məsu­liyyət zonasının qeyri-müəyyənliyinə dair tezis gündəmə gəldi. Ermənistanın haki­miyyət nümayəndələrinin həyasızlıqları isə bundan ibarətdir ki, onlar təşkilatın özünün həmin məsuliyyət zonalarını müəyyənləş­dirməli olduğuna dair arqument səsləndi­rirlər. Başqa sözlə desək, KTMT həmin zonaları müəyyənləşdirməyincə, onunla münasibətlər yoluna qoyulmayacaq. Gö­ründüyü kimi, bu yanaşmada da Zaxarova­nın dili ilə desək, sağlam məntiq və düşün­cə yoxdur, kifayət qədər, incə düşünülmüş bəhanə var. 

Bəhanədən söz düşmüşkən, İrəvan sammiti gedişində Azərbaycan – Ermənis­tan şərti sərhədinə KTMT-nin müşahidə­çilərinin göndərilməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılmışdı. Hətta, qurumun Xarici işlər nazirləri səviyyəsində müəy­yən razılaşmalar əldə edilmişdi. Sonradan KTMT-nin nəzərdə tutulan missiyasının hərbi təyinatlı olacağı bildirilmişdi. Ancaq o da məlumdur ki, Paşinyan bundan boyun qaçırmış və Avropa İttifaqının mülki mü­şahidə missiyasına üstünlük vermişdi. Sö­zügedən missiyanın KTMT-nin İrəvanda keçirilmiş sammitindən bir ay sonra, yəni dekabrda Ermənistana yerləşdirilməsinə başlanmışdı və hələ də fəaliyyətdədir. Belə nəticəyə gəlirik ki, Ermənistanın KTMT ilə ziddiyyətləri həm də ölkənin Qərbə yaxınlaşmaq əzminin təzahürü kimi mey­dana çıxmış hadisədir. Əlbəttə, buna əzm demək mümkündürsə... 

Qeyd edək ki, İrəvan sammitindən son­ra Paşinyan hakimiyyəti KTMT-ni boykot yolunu tutdu. Ermənistan nümayəndələri təşkilatın ayrı-ayrı strukturlarının iclasları­na qatılmaqdan imtina etdilər və mövqelə­rini davamlı şəkildə ictimailəşdirərək, Ru­siya tərəfində qıcıq yaratmağa çalışdılar. 2024-cü ildən isə N.Paşinyan ölkəsinin an­ti-KTMT kursundakı boz rəng çalarlarını bir qədər də tündləşdirdi. Nikol və koman­dasının üzvləri, əvvəla, Ermənistanın təş­kilatdakı üzvlüyünü dondurduğunu bəyan etdilər, ikincisi, rəsmi İrəvanın qurumdan ayrılmasının mümkünlüyünə dair mesaj­lar səsləndirməyə başladılar. İndiki, yəni yuxarıda haqqında söz açdığımız yenilik isə Paşinyanın KTMT-ni bilavasitə ölkənin ərazi bütövlüyü və suverenliyi üçün təh­lükə görməsi ilə bağlıdır. Ancaq “yeniliyi” gözləməyə dəyərdi. Çünki onun işartıları özünü göstərirdi. 

Məlum olduğu kimi, rəsmi İrəvan son günlər ən müxtəlif platformalarda Ermə­nistanın ərazi bütövlüyünün və suverenli­yinin toxunulmazlığını tirajlamaqla məş­ğuldur. O da məlumdur ki, bu klişe ölkənin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəya­natdan boyun qaçırmaq, konkret olaraq, sənədin 9-ci bəndini icrasından yayınmaq istəklərindən qaynaqlanır. Paşinyan və ko­mandası Qərbin təhriki ilə Naxçıvana ma­neəsiz, yəni heç bir gömrük və sərhəd nə­zarəti olmayan yolu təmin etmir, ən əsası isə 9-cu bəndin həmin yola Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarət müddəa­sını heçə sayır. KTMT-nin bu ritorikaya daxil edilməsi isə rəsmi İrəvanın destruktiv mövqeyini daha da möhkəmləndirmək va­sitəsidir. Hədəfin Rusiya olduğu gün kimi aydındır. 

Bir halda ki, Moskvanın hakim rol oy­nadığı təşkilat Ermənistanın ərazi bütöv­lüyünə və təhlükəsizliyinə təhdid yaradır, deməli, Rusiyanın özünün də Naxçıvan yolunda təhlükəsizliyin təminatı ilə bağlı zəmanətinə etibar edilməməlidir. Məntiq budur və məsələnin mahiyyətini Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxa­rova bilməmiş deyil. Xanım Zaxarova məhz buna görə son günlər nümayiş etdir­diyi sərt ritorikanı yenidən işə salır. Daha doğrusu, sərtliyini sırf bu məsələ müstəvi­sində də ortaya qoyur. 

Rusiya XİN-in sözçüsü Ermənistanın üçtərəfli bəyanatın icrasından boyun qaçır­ması ilə bağlı tez-tez onu bildirir ki, rəsmi İrəvan sənəddən imzasını geri çəkməyib. Bu, əslində, erməni rəhbərliyini qıcıqlan­dırmaq və ələ salmaqdır. Yəni, üçtərəfli Bəyanatdan rəsmən imtina edə bilmir­sənsə, niyə boş-boş danışırsan? Zaxarova eyni məntiqi yenə də işə salır və deyir: “Bir halda ki, KTMT Ermənistanın ərazi bütöv­lüyü və suverenliyi kimi vacib məsələ üçün təhdid yaradırsa, nəyə görə ölkə qurumdan uzaqlaşdığını bəyan etməyib”. 

Rusiya rəsmisi fikrinə davam edərək onu da deyib ki, Ermənistan KTMT-də qalırsa, deməli, strukturda hansısa məqsə­dəuyğunluq görür. Deməli, bir daha sübut olunur ki, sağlam olmayan düşüncə Pa­şinyanın bildirdikləridir. Ancaq Nikolun KTMT və Ermənistana təhdid mövzusu­nu gündəmə gətirməsi mahiyyətcə yenilik olsa da, baş nazirin oxşar xüsusda “təhlükə axtarışlarına” baş vurması ilk dəfə deyil. Onun məhz indi əsələdən söz açması da təsadüf sayıla bilməz. 

Yada salaq ki, Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda lokal xarak­terli antiterror tədbirləri keçirməsindən və uğur qazanmasından sonra, N.Paşinyan ölkəsinin duruma müdaxiləsinin olmaya­cağından danışmış və sözügedən müdaxilə­nin Ermənistan üçün tələ ola biləcəyinə ey­ham vurmuşdu. Ardınca isə bildirmişdi ki, KTMT-yə üzv bəzi ölkələr Ermənistanda dövlət çevrilişi reallaşdırmaq istəyirdilər, lakin məqsədlərinə çata bilmədilər. Nikol belə deməklə, əslində, erməni avantürizmi­nin Qarabağ rüsvayçılığına görə Rusiyanı günahlandırmaq yolu tutmuşdu. Görünür, üzərindən bir il keçdikdən sonra Paşinyan yenidən eyni məntiqi gündəmə gətirmək yolu tutur. Amma bu dəfə daha konkret şəkildə. Çox güman ki, Ermənistan rəhbər­liyi növbəti mərhələdə Zaxarovanın dediyi yolla getməyin, yəni KTMT-dən çıxmağın mümkün olub-olmadığını daha əmin şəkil­də yoxlayacaq. 

Hərçənd, rəsmi İrəvanın mövcud is­tiqamətdə qəti qərar verəcəyini söyləmək mümkünsüzdür. Həm də ona görə ki, Ermənistan hakimiyyəti Rusiyanın əks addımlarının nədən ibarət olacağını tam müəyyənləşdirməyib. Daha doğrusu, hələ­lik həmin addımlardan etibarlı şəkildə sı­ğortalanmaq iqtidarında deyil. Nəzərə alaq ki, KTMT-dən rəsmən ayrılma iqtisadiy­yatı tamamilə Rusiyadan asılı Ermənistan üçün başqa fəsadlar da törədə bilər. Elə bu mənada da Zaxarovanın Paşinyanın dedik­lərini sağlam düşüncədən uzaq adlandır­masında məntiq var. 

Ə.RÜSTƏMOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
xalqqazeti.az

1Sources