RU

Baş nazir: Şimali Kipr Azərbaycan və Türkiyə ilə əlaqələri dərinləşdirmək niyyətindədir

Ankara, 21 sentyabr, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Azərbaycan və Türkiyə ilə əlaqələri dərinləşdirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel türk Kiprinin aparıcı siyasi partiyası olan Milli Birlik Partiyasının 21-ci Qurultayında iştirak etmək üçün Lefkoşaya səfərə gəlmiş Milli Məclisin deputatı Ramil Həsənov və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla keçirdiyi görüşdə bildirib.

Üstel beynəlxalq aləmdə, o cümlədən Türk Dövlətləri Təşkilatında Lefkoşanın maraqlarının təşviqi istiqamətində atılan addımları dəstəklədiklərinə görə prezidentlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkür edib.

Onun sözlərinə görə, qardaş ölkələr arasında əlaqələr siyasi partiyalar səviyyəsində də inkişaf etməlidir. “Mənim rəhbərlik etdiyim Milli Birlik Partiyası bu prosesə öz töhfəsini verməyə hazırdır”, - deyə siyasətçi vurğulayıb.

O qeyd edib ki, üç ölkənin siyasi qüvvələrinin gənclər birlikləri arasında əlaqələr də böyük əhəmiyyət kəsb edir.

Ramil Həsənov öz növbəsində Yeni Azərbaycan Partiyasının Türkiyənin və ŞKTC-nin siyasi partiyaları ilə dialoqu dərinləşdirməyə hazır olduğunu qeyd edib.

Görüşdə Milli Birlik Partiyasının baş katibi Oğuzhan Hasipoğlu və partiyanın gənclər qanadının rəhbərləri iştirak ediblər.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
4
3
azertag.az

4Источники