RU

Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Bakı, TurkicWorld

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günü qeyd edilib. Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, Tbilisi konservatoriyanın rektoru, müəllim və tələbə heyəti, eləcə də AGM-nin üzvləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, rektor Qeorqi Vaçinkadze çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, 6 görkəmli Azərbaycan bəstəkarının əsərlərinin notlarından ibarət kitabların Konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. O, Üzeyir Hacıbəylinin doğum gününün və Milli Musiqi Gününün Tbilisidə qeyd edilməsini təqdirəlayiq hadisə adlandırıb, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Daha sonra Mərkəzin sədri Leyla Əmrahova və digər iştirakçılar çıxış edərək Ü.Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında dedikləri fikirlər, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə danışıblar.

"Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrların ilk nümunələrinin yaradıcısı kimi tanınır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq",- deyə Mərkəzin icraçı direktoru Rəna Hüseynova qeyd edib.

Sonra Mərkəzin tələbələri Mahirə Durmuşova "Çırpınırdı Qara dəniz" və "Ay Laçın", Ramin Pirməmmədov isə tarda "Ayrılıq" və "Bakı gecələri" mahnılarını ifa ediblər.

Избранный
19
4
turkic.world

5Источники