RU

“Doğrudan da, futbolla yaşayan, emosional insandı” -Elvin Kaxaber Sxadadzedən danışdı

“Qəbələ” 1-ci liqanın 2-ci turunda böyükhesablı qələbə qazandı. “Qaradağ Lökbatan”ı darmadağın edən “qırmızı-qaralar” ruhlandı.

Kaxaber Sxadadzeninheyətə yeni cəlb etdiyi futbolçulardan olan Elvin Yunuszadə ilə son oyunla bağlı söhbətləşdik. Ancaq təkcə bu haqda yox.
- Belə ehtimalar var idi ki, “Qaradağ Lökbatan”la süni meydanda oynamaq “Qəbələ” üçün çətin olacaq. Bəs hesabın 5:0 olmasında nə əsas rol oynadı?
- Həftə ərzində yaxşı hazırlaşdıq. Qələbəyə köklənmişdik. Şükür, yaxşı alındı, qalib gəldik, istədiyimiz 3 xalı hesabımıza yaza bildik. Amma bu oyunu unudub, növbəti matçlara hazırlaşmalıyıq.

- “Qəbələ” yoldaşlıq görüşlərində də böyükhesablı qələbə qazanırdı. Yəqin rəqibləriniz zəif idi?
- Yox, deməzdim. Yəni rəqiblərin zəif olduğunu düçünmürəm. Hər bir rəqibə hörmətlə yanaşırıq. Çempionatda heç bir komandanı da zəif görmürük.

- “Qaradağ Lökbatan” çempionluq yolunda ciddi rəqiblərinizdən biridi. İndiki vəziyyətdə “Qəbələ”ni lider kimi düşünmək doğrudu?

- Əlbəttə, niyyətimiz çempionatı lider kimi başa vurmaqdı. Amma deməzdim ki, indidən hər şey bəllidi. Çempion olmaq üçün çox əziyyət çəkməliyik, lazımından artıq çalışmalıyıq.

- Sən də “Qəbələ”də yenisən. Həm premyer-liqa, həm də 1-ci liqa təcrübən var. “Qəbələ”nin indiki durumunu necə xarakterizə edərdin?
- Təbii ki, “Qəbələ” yarandığı gündən Azərbaycan futboluna rəng qatan komanda olub. Könül istəyər ki, premyer-liqada olaq. Amma hazırda istəyimiz, məqsədimiz odu ki, “Qəbələ”ni layiq olduğu yerə, yəni elitaya qaytaraq.

- Qəbələdə günlərin necə keçir?
- Çox yaxşı. Sırf futbol oynamaq üçün ideal yerdi, hər bir şəraiti var. Şəhər olaraq da sakit yerdi.

- Hər iki oyunda əsas heyətdə sona qədər şans qazanmısan. Görünür, baş məşqçi sənə inanır. Komanda elitaya vəsiqə qazandığı halda, sən də premyer-liqa karyeranı bərpa edə bilərsən? Ümumiyyətlə, bu barədə Kaxaber Sxadadze və ya klub ilə hansısa söhbətiniz olub?

- Məşqçi mənə şans verirsə, öz növbəmdə çalışıram onun inamını doğruldum, gündən-günə daha yaxşı formaya düşüm. Premyer-liqa barədə söhbətimiz olmayıb. Ən birinci hədəfimiz “Qəbələ”ni çempion etməkdi. Ondan sonra oturub bu haqda danışmaq olar. Onu gələcək göstərəcək. İndidən bu barədə danışmaq tezdi.

- Digər komandalar düşünür ki, “Qəbələ”nin büdcə və şərait baxımından üstün olması rəqabətə də təsir edir. Sən necə fikirləşirsən?

- Biz öz gücümüzə inanırıq. Başqalarına hörmətlə yanaşır və zəif görmürük. Amma “Qəbələ”nin üstünlüyünü maliyyədən daha çox orda etdiyimiz məşqlərdə, məşqçimizin fəlsəfəsində görürəm. Komandalar var, baxırsan maliyyəsi var, amma ortada bir şey olmur.

- Sxadadze ötən mövsüm daha aqressiv, emosional görünsə də, bu il sanki sakit təsir bağışlayır. Futbolçularla ünsiyyəti necədi? Tapşırığını yerinə yetirmədikdə sizi necə cəzalandırır?

- Bu məşqçi ilə ilk dəfə işləyirəm. Ötən mövsüm komandada deyildim. Amma doğrudan da, futbolla yaşayan, emosional insandı. Biz də çalışırıq ki, onun tapşırılarını düzgün yerinə yetirək. Gündən-günə daha çox öyrənir, daha da səy göstəririk ki, dediklərini düzgün icra edək. Cəza deməzdim, amma səhv edəndə başa salır, səhvimizi göstərir. İşini sevərək görür və bizə də belə aşılayır.

RÖYANƏ OĞUZ

Избранный
27
football-plus.az

1Источники