RU

Müasir biznesin gizli sirri

Nərmin Əhmədzadə
  "Kapital Bank"ın işçi bağlılığı və motivasiya üzrə baş mütəxəssisi, psixoloq 

Heç iş yerində özünüzü niyə bəzən enerjili və ilhamlanmış, bəzən isə tamamilə tükənmiş hiss etdiyinizi düşünmüsünüz? Maraqlıdır ki, bu hisslər çox vaxt işin ağırlığı ilə deyil, ətrafınızdakı atmosferlə bağlıdır. Korporativ psixologiya sübut edir ki, işçilər yalnız məvacib və tapşırıqlardan deyil, ətraflarındakı münasibətlərdən və iş mühitindəki dəyərlərdən ciddi şəkildə təsirlənirlər. Yəni, iş yerindəki psixoloji atmosfer, əməkdaşların motivasiyasını, yaradıcılıq qabiliyyətini və səmərəliliyini birbaşa müəyyənləşdirir.

“Gallup”un 2024-cü il qlobal iş yerinə dair hesabatında deyilir ki, işçilərin 41 %-i iş günləri ərzində yüksək stress yaşayır. Stressin əsas mənbəyi isə çox vaxt zəif idarəetmə və işçilərin ehtiyaclarının düzgün qarşılanmamasıdır. Qeyripeşəkar idarəetmə o qədər mənfi təsir edir ki, bu mühitlərdə işləyən işçilər işsiz insanlardan 30 % daha çox stress yaşayırlar. Bu, işdən məmnunluğun yalnız peşəkar sahədə deyil, şəxsi həyatımıza da təsir etdiyini göstərir. İşini sevməyən insanlar daha çox qəzəb, narahatlıq və kədər hiss edir.

Korporativ psixologiya bizə işçilərin emosional vəziyyətini dərinləşdirərək öyrədir ki, sağlam və dəstəkləyici iş mühiti şirkətin mənfəətinə birbaşa təsir edir. Təsəvvür edin ki, hər səhər işə gedəndə sizi dəstəkləyən, ilhamlandıran insanlar var. Bu, iş gününüzün necə keçəcəyinə dair ən güclü amillərdən biri deyilmi?

Toksik atmosferin təhlükələri

Bəs bunun əksi? Toksik iş mühiti – daimi gərginlik, tənqid və rəqabətin dominant olduğu iş yerləridir. Bu cür atmosferdə işçilər özlərini daim təzyiq altında və narahat hiss edirlər. Tədqiqatlar göstərir ki, toksik iş mühiti işçilərin emosional və fiziki sağlamlığına ciddi zərbə vurur. Stress altında işləmək yalnız məhsuldarlığı azaltmır, həm də işçilərin işdən çıxmasına səbəb olur. Məsələn, ABŞ-da işçilərin 85 %-i öz işindən xoşbəxt deyil. Bu rəqəm təkcə əməkdaşların şəxsi həyatına deyil, həm də şirkətlərin maliyyə göstəricilərinə mənfi təsir göstərir. Hər il milyardlarla dollar itirən şirkətlər yalnız işçilərin xəstəlik məzuniyyətinə çıxması və işdən ayrılması səbəbindən böyük zərərə uğrayır.

Hesabatda qeyd olunur ki, aşağı işçi bağlılığı dünya iqtisadiyyatına hər il təxminən 8,9 trilyon dollar həcmində zərər vurur. Düşünün, yalnız işçilərin bağlılığını və motivasiyasını artırmaqla şirkətlər nə qədər böyük maliyyə gəliri əldə edə bilərlər.

Sağlam korporativ mədəniyyətin gücü

Sağlam korporativ mədəniyyət isə bunun tam əksini yaradır. “Google”, “Apple” “Netflix” kimi nəhəng şirkətlər işçiləri üçün dostluq və etibar əsaslı iş mühiti yaratmağa böyük məbləğlər sərf edirlər. Bunun səbəbi sadədir: sağlam iş mühiti əməkdaşların motivasiyasını artırır, onların yaradıcılıq potensialını üzə çıxarır və bu da nəticədə şirkətin uğurlarına töhfə verir.

Psixoloji araşdırmalara görə, insanlar özlərini təhlükəsiz və dəstəklənmiş hiss etdikləri yerlərdə daha çox yaradıcılıq göstərir və məhsuldar olurlar. İndi təsəvvür edin ki, iş yerinizdə ideyalarınızı sərbəst şəkildə paylaşa bilirsiniz, həmkarlarınızın sizi dəstəklədiyini hiss edirsiniz. Bu cür mühit yalnız sizin peşəkar inkişafınıza deyil, şirkətin ümumi uğuruna da böyük təsir göstərir.

Sağlam korporativ mədəniyyətin əsas prinsipləri

Bəs sağlam iş mühiti necə yaradılır?

1. Etibar və şəffaflıq: İşçilər rəhbərlikdən və həmkarlarından açıq, dürüst münasibət gözləyirlər. Şəffaf ünsiyyət işçilər arasında etimadı artırır və onları daha çox motivasiya edir.

2. Dəstək və əməkdaşlıq: İşçilər bir-birinin uğurlarını tanımalı və dəstəkləməlidir. Həmrəy və yardımlaşan komanda istənilən çətinliyi birlikdə həll edə bilər.

3. İnkişaf imkanları: İşçilərin həm peşəkar, həm də şəxsi inkişafına şərait yaratmaq vacibdir. Yeni bacarıqlar öyrənmək və karyera perspektivlərini genişləndirmək üçün daim imkanlar təqdim olunmalıdır.

4. Liderliyin dəstəyi: Yaxşı rəhbərlər işçilərə yalnız əmrlər vermir, onları dəstəkləyir və inkişaf etdirmək üçün onlara şərait yaradır.

Nəticə: Sağlam iş mədəniyyəti sizi harada gözləyir?

Sağlam korporativ mədəniyyət yalnız işçilərin psixoloji sağlamlığına deyil, şirkətin ümumi nəticələrinə də birbaşa təsir edir. İndi öz iş yerinizə bir nəzər yetirin: Siz özünüzü dəyərli və dəstəklənmiş hiss edirsinizmi, yoxsa hər səhər işə gedərkən narahatlıq keçirirsiniz? Hər birimiz sağlam və dəstəkləyici bir mühitdə çalışmaq istəyirik. Unutmayın ki, sağlam mədəniyyət yalnız rəhbərliyin deyil, həm də hər bir əməkdaşın töhfəsindən asılıdır.

Избранный
17
valyuta.az

1Источники