RU

Azərbaycanın müdafiə sənayesinin güc və qüdrətinin nümayişi ŞƏRH

Prezident İlham Əliyev: "Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir"

Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə ev sahibliyi edir. Sərgi 5-ci yubileyini qeyd edir. Beynəlxalq tədbirlər məkanı olan Azərbaycan təhlükəsiz və əmin-amanlıq şəraitində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilinə nail olur. Azərbaycan Prezidenti İlham Əliyevin "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətində bildirdiyi kimi, "Ölkəmiz mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə və böyük peşəkarlıqla təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirmişdir. Azərbaycanın belə genişmiqyaslı və son dərəcə əhəmiyyətli tədbirləri keçirmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyəti tərəfindən hər zaman müsbət qiymətləndirilir. Bu il ölkəmizdə baş tutacaq dünyanın qlobal xarakterli mötəbər beynəlxalq tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 da bunun bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, artıq beşinci dəfədir təşkil olunan "ADEX" sərgisi əvvəlki illərdəki kimi yenə də yüksək səviyyədə keçiriləcəkdir."

"ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbiri müxtəlif ölkələrin yüksək rütbəli şəxsləri ziyarət edir. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ADEX" və "Securex Caspian" sərgiləri ilə tanış olub. Prezident İlham Əliyevin "ADEX" sərgisinə göstərdiyi diqqət və ənənəvi olaraq şəxsi iştirakı tədbirin beynəlxalq müstəvidə və ölkə daxilində strateji əhəmiyyətini nümayiş etdirir və nüfuzunun artmasına böyük təkan verir. Xatırladaq ki, ilk "ADEX" sərgisi 2014-cü ildə keçirilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkətləri və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30 mindən çox qonaq ziyarət edib.

Beşinci dəfə təşkil olunan "ADEX" Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişidir. "ADEX" sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır.

"ADEX" dünyanın tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında da mühüm rol oynayır. "ADEX" dost və müttəfiq ölkələrin tanınmış hərbi sənaye müəssisələri və aparıcı xarici şirkətlər arasında işgüzar əlaqələrin qurulmasında unikal rol oynayır. Bu sərgi dünya silah bazarında ixraca təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq, beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün geniş imkanlar yaradır", - deyə Prezident bildirib.

Bu il yubiley sərgisində daha çox - dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edir. "ADEX" müdafiə sərgisinin iştirakçıları arasında Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorlarının aparıcı şirkətləri var. Macarıstan, Rumıniya və Sinqapurdan olan şirkətlər sərgiyə ilk dəfə qatılıb. Bu il 12 ölkə sərgidə milli stendləri ilə iştirak edir. İtaliya, Macarıstan, Qətər Dövləti və Slovakiya ilk dəfə milli stendlərlə iştirak edirlər. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini böyüdüblər.

TÜRKİYƏNİN MÜDAFİƏ SƏNAYESİNİ TƏMSİL EDƏN ŞİRKƏTLƏR

"Tədbirdə dünyaca məşhur yüzlərlə şirkət öz məhsullarını nümayiş etdirir", – deyən Prezident bildirib ki, "ADEX" müxtəlif ölkələrin öz müdafiə və müdafiə sənayesi sahələrini gücləndirmələri, istehsal imkanlarını artırmaları, müasir və innovativ vasitələri tətbiq etmələri və təcrübə mübadiləsi aparmaları baxımından önəmli tədbirdir.

Qardaş Türkiyə sərgidə ən çox şirkətlərlə təmsil olunan ölkələrdən biridir. Bu şirkətlərdən biri olan "Roketsan" 1988-ci ildə qurulub. Şirkət müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə-idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, şirkət bu sistemlərə maddi-texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır.

Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə "Baykar"dır. 1986-cı ildən fəaliyyət göstərən "Baykar" şirkəti ölkədə ilk yerli PUA sistemlərini istehsal edərək müdafiə və aviasiya sənayesində inqilab yaradıb. Şirkət sərgidə "Akıncı" adlı PUA, "Bayraktar TB2" və "Bayraktar KALKAN" məhsullarını təqdim edir.

Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə "Turkish Aerospace"dir. "Turkish Aerospace" sabit və hərəkətli hava platformalarından pilotsuz uçuş aparatı və peyklərə qədər inteqrasiya olunmuş aerokosmik sistemlərin dizaynı, işlənib hazırlanması, müasirləşdirilməsi, istehsalı, inteqrasiyası və istifadəsinə dəstək sahəsində Türkiyənin texnologiya mərkəzidir. Türkiyənin müdafiə sənayesini sərgidə təmsil edən daha bir şirkət isə "REPKON"dur. Şirkət təzyiq ilə metal emalı sektoru üçün tam "açar təslim" istehsal qurğularının tədarükçüsü və qlobal bazar üçün metal emalı maşınlarının inkişaf etdiricisi və istehsalçısıdır.

Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin, İsrailin,Rusiya Federasiyasının, Slovakiyanın və digər ölkələrin stendləri maraq doğurub.

ƏN BÖYÜK SƏNAYE MƏHSULLARI İSTEHSAL EDƏN MƏRKƏZLƏRDƏN BİRİ - STP

Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzinin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.

"Azərsilah" QSC tərəfindən sərginin açıq havada nəzərdə tutulmuş ərazisində zirehli maşınlar, kəşfiyyat və kamikadze dronları, o cümlədən PUA-lar nümayiş etdirilir. Sumqayıt Texnologiyalar Parkı (STP) da sərgidə fəal iştirak edir. STP regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan STP 30-dan artıq istehsal sahəsi ilə öz sektorunun lideridir. Sərgidə şirkət tərəfindən silah və sursat, hava bombaları və hava raketləri, simulyatorlar və təlim sistemləri ilə yanaşı, yerüstü hərbi təlim avadanlıqları da nümayiş olunur.

"ADEX" və "Securex Caspian" sərgiləri iştirakçılar, ziyarətçilər və müxtəlif ölkələrdən gələn ekspertlər arasında təcrübə mübadiləsi aparmaq, həmçinin məhsulların regional müdafiə sənayesi bazarının tələblərinə uyğun olaraq modernləşdirilməsinə şərait yaratmaq baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Builki sərgilərin əvvəlkilərdən fərqi daha çox ölkədən şirkət və nümayəndə heyətinin qatılmasıdır. İştirakçı ölkələrin sayının getdikcə artması isə bu sərgilərin bir çox dövlətin hərbi-sənaye müəssisələrinin diqqətini cəlb edən tədbir olduğunu təsdiqləyir.

"ÖLKƏMİZİN MÜDAFİƏ SƏNAYESİ ÇOX SÜRƏTLƏ İNKİŞAF EDİR"

Qeyd edək ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrə aid xərclər dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2022-ci ildə müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 5 milyard manatdan çox vəsait ayrılıb. 2023-cü ilin dövlət büdcəsində isə bu istiqamətdə olan xərclər üçün 5,3 milyard vəsait təsdiq olunub. Bu da ötən illə müqayisədə 200 milyon manat, 2021-ci illə müqayisədə isə 17,1 faiz çoxdur. "Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dövlət tərəfindən xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişafı prioritet istiqamətlərdəndir. Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir", - deyə Prezident qeyd edib ki, düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılmışdır və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar: "Bir çox dost və müttəfiq dövlətlərlə müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlar qurulur, mövcud əlaqələr uğurla davam etdirilir. Azərbaycan müdafiə sənayesi sahəsində dinamik inkişafa nail olmaqla hərbi-texniki imkanlarını genişləndirir".

MİLLİ TƏHLÜKƏSİZLİK MƏHSULLARININ TƏQDİM EDİLMƏSİ ÜÇÜN İDEAL PLATFORMA

"ADEX" sərgisi Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye komplekslərinin gücü və qüdrətinin genişmiqyaslı nümayişi, hərbi-texniki sahədə yerli və xarici ekspertlər arasında konstruktiv ünsiyyət, təcrübə mübadiləsi və səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Tədbiri ziyarət edən peşəkarlar müxtəlif ölkələri təmsil edən şirkətlərin təqdim etdiyi müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycanın güc strukturlarının satınalma potensialı ilə tanış olurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsində müstəsna rol oynamış Azərbaycan hərbi sənaye kompleksinin gücü və qüdrəti, ölkəmizdə istehsal olunan müasir silahlar da "ADEX" sərgisi çərçivəsində nümayiş olunur. Təsadüfi deyil ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsi inkişaf etmiş ölkələrin hərbi mərkəzlərində bu gün diqqətlə öyrənilir".

Bu sərgi dəniz, hava və quru qoşunları üçün nəzərdə tutulmuş məhsulların, eləcə də milli təhlükəsizlik məhsullarının təqdim edilməsi üçün ideal platformadır.

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
13
26
sesqazeti.az

10Источники