“Reklamında çox tərifləyirdilər, aldım. Ancaq keyfiyyəti reklamda deyildiyi kimi olmadı”. Gündəlik həyatımızda bu və ya bu kimi ifadələri çoxlarından eşidirik. Bəs, həqiqətəuyğun olmayan reklamla bağlı məsuliyyət kimin üzərinə düşür? Bununla bağlı qanuna əməl etməyənləri hansı cəza gözləyir?"Azərbaycan Reallığı" xəbər verir ki, “Reklam haqqında” Qanuna əsasən, reklam istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədilə yayımlanan məlumatdır.Əvvəlcə ondan başlayaq ki, istehsalı lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. Reklam istehlakçıların seçimini stimullaşdırmalıdır.Lakin reklam istehlakçını aldatmamalı, çaşqınlıq yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən məhsullarla eyni, yaxud onun əvəzedicisi olan başqa məhsulların bazar nüfuzuna xələl gətirməməlidir. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verilməsi haqsız reklamdır. Haqsız reklama isə yol verilmir.Reklamla bağlı qanunvericiliyin pozulmasına görə cinayət və inzibati məsuliyyət də nəzərdə tutulub.Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə fiziki şəxslər 200 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.Reklam barədə qanunu pozan media qurumları da məsuliyyət daşıyırlar. Belə ki, audiovizual media, çap mediası və onlayn media subyektləri tərəfindən reklam və sponsorluqla bağlı “Media haqqında” və “Reklam haqqında” qanunların tələblərinə riayət edilməməsinə görə vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.Qanunvericiliyin tələblərinin pozulması nəticəsində istehlakçılara xeyli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. Belə ki, Cinayət Məcəlləsinin 198-ci maddəsi bilə-bilə yalan reklam etməyə görə məsuliyyəti nəzərdə tutur. Bu maddəyə görə, əmtəələr və xidmətlər haqqında, habelə onların istehsalçıları haqqında tamah məqsədilə bilə-bilə yalan məlumatlardan reklamda istifadə etmə xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən üç mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Eyni əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 misli miqdarında cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Burada xeyli miqdar dedikdə, 50 000 manatdan yuxarı, lakin 200 000 manatdan artıq olmayan məbləğ, külli miqdar dedikdə isə 200 000 manatdan artıq olan mәblәğ nəzərdə tutulur.Qanunsuz reklam nəticəsində reklam istehlakçısına dəyən zərər məhkəmənin qərarı ilə təqsirkar bilinmiş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir.
Facebook-da paylaş
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта