Bakı, 27 sentyabr, AZƏRTAC
Belçikanın paytaxtı Brüsseldə "Qara dəniz regionunda sülh və təhlükəsizlik üçün qadınların birgə təşəbbüsləri" adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan konfransda bölgədə qadınların sülhün və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib.
Tədbirdə çıxış edən Azərbaycanın Belçikada, Lüksemburqda və Avropa İttifaqı yanında Nümayəndəliyinin müşaviri Tünzalə Aydəmirova konfrans iştirakçılarına Azərbaycandakı gender bərabərliyindən, qadınların ictimai-siyasi həyatda fəaliyyətindən danışaraq, Ermənistanın işğalı nəticəsində qadınlarımızın mənəvi-psixoloji zərər görməsindən də söz açıb.
Ukrayna ərazisində gedən müharibənin acı nəticələrindən danışan ukraynalı ekspert Sofii Şevçuk bildirib ki, hazırda dünyanın bu haqsızlığa sərt reaksiya verməsinə baxmayaraq hələ də problem öz aktivliyini qoruyub saxlayır.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, konfransda Azərbaycanı təmsil edən beynəlxalq səviyyəli ekspert Şəhla İsmayıl İkinci Qarabağ müharibəsi zamanı sivil vətəndaşların, hətta qadınların və uşaqların da zərər görməsindən bəhs edib, dünyasını dəyişmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Yaxın günlərdə Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini xüsusi vurğulayan Şəhla İsmayıl təşkilat komitəsində qadın iştirakçıların yetərli səviyyədə təmsilçiliyini də qeyd edib.
Çıxış edən Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər, BMT-nin Brüsseldəki əlaqələndirici ofisinin nümayəndəliyinin rəhbəri xanım Florence Roes və NATO-nun təhlükəsizlik və müdafiə platformasının rəhbəri Elena Marzak, Sarbona Universitetinin araşdırmaçısı Saida Ounissi, yerli QHT-lərin təmsilçiləri sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən danışıblar.
Sonda çıxış edən “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli diqqətə çatdırıb ki, Qara dəniz ərazisində bu gün illərlə həllini tapmayan münaqişələr mövcuddur və regionda tezliklə sülhü bərqərar etmək vacibdir: “Azərbaycan öz ərazi bütövlüyünü 30 ildən sonra təmin etsə də hələ də sülhə nail olunmasına, bununla bağlı müqavilənin bağlanmasına süni maneələr yaradanlar mövcuddur. Bu gün Ukraynada müharibə davam edir. Biz bu konfrans çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinə, dövlət başçılarına müraciət qəbul etdik. Müraciətdə bildirilir ki, qadınlar artıq regiona sülhün gəlməsini istəyirlər. Qərbi azərbaycanlılar da öz evlərinə qayıtmaq istəyirlər. İnanırıq ki, bu müraciətə qoşulan region qadınlarının səsi beynəlxalq təşkilatlar tərəfindən eşidiləcək, bölgəyə sülh və əmin-amanlıq gələcək”.
Tədbirdə, həmçinin Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, tədbirin məqsədi regionda sülhün və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələr təşkil edilib.