Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyük el sənətkarı, Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) abidəsinin açılışını edib və açılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi ilə bağlı tarixi çıxış edib.
Publika.az xəbər verir ki, bununla bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, Aşıq Ələsgər Qərbi Azərbaycanda - Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindən olan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunu əks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.
“1918-ci ildə Ermənistan daşnak hökuməti tərəfindən bütün Göyçə əhalisinin qovulması və onların 1921-ci ilə qədər qaçqın olaraq yaşamaq məcburiyyətində qalmalarına və sonralar Ermənistan SSR hökumətinin güclü təzyiqlərinə rəğmən Göyçə aşıq məktəbi Sovet dövründə inkişaf edirdi. Bu işlərdə Ümummilli Lider Heydər Əliyevin əvəzedilməz xidmətləri olub. Məhz onun şəxsi səyləri ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ-də dövlət səviyyəsində keçirilmiş və aşığın doğma Ağkilsə kəndində qəbirüstü abidəsi ucaldılıb. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycan mədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etnik təmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsi ciddi zərər görüb” - deyə, sənəddə vurğulanıb.
İcmanın bəyanatına görə, Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də Qərbi Azərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkilik siyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətinin göstəricisidir:
“Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmiş ağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədər yaxından qayğı göstərdiyinin təzahürüdür.
Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb”.
Qərbi Azərbaycan İcması bildirib ki, prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir: