RU

Koke Madrid derbisindəki qalmaqala münasibətini açıqladı

“Atletiko”nun kapitanı Koke La Liqanın 8-ci turunda “Real”la matçda (1:1) yerli azarkeşlərlə yaşanmış qalmaqala münasibətini açıqlayıb.

Arena.az ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu, azacıq çılğın bir hal idi. Biz oynamaq istəyirdik və bunun bir daha təkrarlanmaması üçün sakitləşmək istədik. Azarkeşlər dedilər ki, təxribata məruz qalıblar, amma bu, bəhanə deyil və ola da bilməz. Onlar hücuma məruz qaldıqlarını hiss ediblər, amma tribunadan heç nəyin atılmasına imkan verməməlidirlər. Biz oyun haqqında danışmalıyıq. Ümidvaram ki, bu bir daha təkrarlanmayacaq, bunu edənlər isə stadiona qayıtmayacaq və “Atletiko” buna görə cəzalandırılmayacaq”.

Xatırladaq ki, Koke “Atletiko”nun öz yetirməsidir. O, 2008/2009 mövsümündə bu klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib.

Ümumilikdə o, “döşəkçilər”in heyətində 646 oyun keçirib ki, bu da klub tarixində rekord göstəricidir. Yarımmüdafiəçi bu oyunlarda 48 qol vurub, 117 məhsuldar ötürmə verib. Cari mövsümdə ispan futbolçu 9 oyuna 1 qolla yadda qalıb.

Koke “Atletiko” ilə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).

Yarımmüdafiəçi 2013-cü ilin avqustunda debüt etdyi İspaniya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu görüşlərdə 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 32 yaşlı Kokeni 12 milyon avro məbləğində qiymətləndirir.

Избранный
46
arena.az

1Источники