Misli Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyununda yaşanan mübahisəli epizodlara aydınlıq gəlib...
İdman.biz xəbər verir ki, AFFA-nın Hakimlər Komitəsinin sədri Frank De Bleker görüşdə baş verənləri şərh edib.
O, 55-ci dəqiqədəki epizodu dəyərləndirib: “Neftçi”nin 11 nömrəli oyunçusu (Kilan Lebon) meydanın özlərinə aid hissəsində “Sumqayıt”ın 19 nömrəli oyunçusunun (Roi Kehat) formasını tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. Əgər “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydı, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi”.
Mütəxəssis 63-cü dəqiqədəki epizoda da aydınlıq gətirib: “Bu situasiyada cərimə meydançasının içində “Neftçi”nin 44 nömrəli oyunçusu (Yuri Matias) ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın 19 nömrəli hücumçusu (Roi Kehat) ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır. Çox önəmli texniki kriteriya, müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi”.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı 1:1 hesabı ilə başa çatıb.
Poliqon.info