RU

İranın “Zəngəzur dəhlizi” qorxusu: Tehran nədən çəkinir?

İranın mərhum prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirmişdi. İbrahim Rəisi Tehranda Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını iddia etmiş və İranın buna qəti şəkildə qarşı olduğunu vurğulamışdı. NATO-nun Zəngəzur dəhlizinə nə aidiyyatı var, bunun izahını kimsə verməyib. NATO-nun Zəngəzur dəhlizinə aidiyyatı varsa, Çin öz mallarını Orta Dəhlizlə (Zəngəzur dəhlizi bunun tərkib hissəsidir) Avropa ölkələrinə daşıyarmı? NATO ilə Zəngəzur dəhlizi arasında əlaqə yaratmaq məntiqə sığmır. İbrahim Rəisi helikopter qəzasında həlak olduqdan sonra da iranlı rəsmilər, diplomatlar və mollalar Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına ara vermədilər. Ermənistanın baş naziri Nikol Paşinyan Məsud Pezeşkianın Tehranda andiçmə mərasimi çərçivəsində ali dini lideri Əli Xamaneyi ilə görüşdü. Paşinyan Zəngəzur dəhlizi barədə fikir söyləməzkən, Əli Xamaneyi bu dəhlizin reallaşmasının əleyhinə olduğunu vurğuladı. Paşinyan Xamaneyinin bu sözlərinə reaksiya vermədi, çünki bu dəhlizin İrana dəxli yoxdur, nəqliyyat yolu Ermənistan ərazisindən keçəcək.
İranın yeni Prezidenti Məsud Pezeşkian bu vaxta qədər Zəngəzur dəhlizinin əleyhinə fikir bildirməyib. Görünür, Pezeşkian daxilən anlayır ki, Zəngəzur dəhlizinin İran üçün təhlükəsi yoxdur, sadəcə o bu barədə açıqlama vermək istəmir. Əks halda o İranın mühafizəkar dairələrinin qəzəbinə tuş gələcək. İranın baş dərddədir, imicinə böyük zərbə dəyib. İsrail İranın silahlandırdığı regional silahlı qrupları başsız qoyub, komandirlərinin mütləq əksəriyyətini öldürüb. İsrail raket zərbələriylə SEPAH generallarını müxtəlif ölkələrdə öldürməkdə davam edir. Tehran və Qum İsrailə qarşı bir şey edə bilmədikləri halda, onların Zəngəzur dəhliziylə bağlı hədələrinin heç bir əhəmiyyəti qalmayıb. Beynəlxalq aləm də gördü ki, İrandakı siyasi və hərbi dairələr ancaq sözdə qorxu yaratmağa çalışırlar, reallıqda isə elə bir gücləri yoxdur, olsaydı, kiçik İsraillə savaşa başlayardılar. İranın parçalanması və bir neçə yerə bölünməsi təhlükəsi barədə ən doğru izahı elə ölkə Prezidenti Məsud Pezeşkian verib. Yaxın Şərqdə baş verən son olaylar Zəngəzur dəhlizinin reallaşmasını sürətləndirə bilər, bu Çindən başlayaraq hamının, o cümlədən Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanın da xeyrinədir.

Elxan Şahinoğlu

Избранный
50
45
veteninfo.az

10Источники