RU

İlk azad və demokratik seçkilər: 3 oktyabr 1993-cü il TƏHLİL

““Səs” qəzeti mənim üçün ən əziz qəzetdir” deyən Ulu Öndər Heydər Əliyev bununla dövlətçiliyə xidmət edən, milli maraqlara dəyər verən mətbuata xüsusi hörmət göstərdiyini nümayiş etdirib

Hər bir xalqın formalaşması və dünya miqyasında yerinin və rolunun möhkəmlənməsi onun uzaqgörən, müdrik liderinin olmasından asılıdır. Təəssüflər olsun ki, bugünkü reallıqda elə xalqlar var ki, lider probleminin olması səbəbindən ağır, məşəqqətli həyat yaşamaqla bərabər dövlət müstəqlliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalır. Oxşar ağır faciəli dövr 1991-1993-cü illərdə Azərbaycanda yaşanmışdır. Fakt ondan ibarətdir ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, xaos və anarxiya dövrü kimi xatırlanır. Faciələrin kökündə isə 1991-1993-cü illərdə Azərbaycan rəhbərlik etmiş şəxslərin idarəetmədə bacarıqsız, səriştəsiz, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olmalarından irəli gəlirdi. Beynəlxalq aləmlə əlaqələrin qurulmasında ciddi problemlərin yaşanması, uzaq, yaxın dövlətlərələ əməkdaşlıq əlaqələrinin yaradılmasında ciddi səhvlərə yol verilməsi Azərbaycan dövlətinə xeyli çətinliklər yaratmışdı. Əlavə olaraq müxtəlif qüvvələrin əlində oyuncağa çevrilən silahlı birləşmələr ölkədə hərci-mərciliyin və özbaşınalığın artmasına, xalqın qorxu altında yaşamasına gətirib çıxarırdı. Belə ağır vəziyyətdə xalqın ümidi tamamilə sarsılmışdı, insanlar ölkədən getmək üçün çıxış yolları axtarırdı.

“Azərbaycan Sizin sözünüzü gözləyir”

1993-cü ilin iyunda Gəncədə qardaş qanının axıdılması və silahlı birləşmələrin əhalini hədələməsi ölkədə həlli mümkün olmayan problemlərin yaranmasına gətirib çıxarırdı. Aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı o dövrün ən oxunaqlı, xalqın tribunası olan “Səs” qəzeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə müraciət ünvanladı. “Azərbaycan Sizin sözünüzü gözləyir” başlığı ilə ünvanlanan müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan sözün əsl mənasında siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.

Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir.

Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar görünür demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarçıları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.

Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inildəyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır.

Yaşadığımız dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi, fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirir.

Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlər hələ cəzalarına çatmayıblar. Axırı görüməyən, minlərlə insan ömrü aparan, saysız-hesabsız ailələri doğma yurdlarından didərgin salan Qarabağ fitnəkarlığı bir çoxları üçün siyasi oyunbazlığa, məqam, vəzifə qamarlamaq girəvəsinə, qazanc mənbəyinə dönübdür. Azərbaycanda “sürətli artım” ancaq yeni-yeni partiyaların və onların liderlərinin meydana çıxması sahəsindədir. Bu siyasi partiyaların sayı gündən-günə çoxalsa da, respublikada ictimai-siyasi həmrəylik yaratmaq yolunda əməli iş görülmür, siyasi vakuum mövcuddur. Çünki bu siyasi partiyaların rəhbərləri arasında, sözün əsl mənasında, geniş xalq kütləsinin dərin inam və etimadını qazanmış, ən müxtəlif zümrələrdən olan adamları birləşdirə biləcək beynəlxalq nüfuzlu və respublika həyatının bütün sahələrindən tam, geniş məlumatı olan güclü lider yoxdur.

Möhtərəm HEYDƏR BƏY! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar.

Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq, hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz.

HEYDƏR BƏY! Bizim bu müraciətimizə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

“SƏS” qəzeti, 16 oktiyabr 1992-çi il, № 43 (72)

Hər zaman ürəyi xalqal döyünən Dahi Öndər Heydər Əliyev ziyalıların narahatlığını və təşviş hissi keçirmələrini nalayırdı. Ona görə də, 24 oktyabr 1992-ci il tarixli cavab məktubu göndərdi, Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə ( Ulu Öndərimizin ziyalılara cavab mktubunu növbəti sayımızda oxuya bilərsinz. İ.Ə.) razılıq verdi. Beləliklə xalqın istəyi və Ulu Öndərimiz Heydər Əliyevin razılığı əsasında Yeni Azərbaycan Partiyasının quruculuğuna başlanıldı və 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Haşiyəyə çıxaraq onu vurğulamaq lazımdır ki, 1992-ci ildən başlayaraq, "Səs" qəzeti hakim Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında baza rolunu oynayıb, partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb. Sonralar Ulu Öndərimiz Heydər Əliyev “Səs” qəzetinin fəaliyyətini yüksək qiymətləndirib və ““Səs” qəzeti mənim üçün ən əziz qəzetdir” deyə bildirb. Böyük şəxsiyyətin, dahi liderin “Səs” qəzetinə verdiyi yüksək qiymət ümumilik də, dövlətçiliyə xidmət edən, milli maraqların qorunmasına öz tövhəsini verən mətbuata göstərilən yüksək hörmət və dəyərin nümunəsidir.

Azad və demokratik seçki ənənəsinin əsasının qoyulduğu tarix

Yeni Azərbaycan Partiyasının yaradılması və Ulu Öndəri Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqda gələcəyə olan ümidləri artırdı. Vəziyyətin daha da ağır xarakter almaması üçün xalq Ulu Öndər Heydər Əliyevi Bakıya gəlməyi və onları bəlalardan xilas etməyi xahiş etdi. Dahi Öndər 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıtd. Ulu Öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin vaxtdan etibarən Dahi Öndərimiz ölkədə siyasi sabitliyə nail olmağa, iqtisadi, sosial sahədə inkişaf əldə olunması istiqamətində mütərəqqi addımlar atmağa başladı və qısa müddətdə qarşıya qoyulan vəzifələrə nail oldu. Azərbaycan tədricən beynəlxalq aləmə inteqrasiya olundu və ayrı - ayrı ölkələrlə əməkdaşlıq münasibətləri yaradıldı. Tarixi proseslərin ən böyük hadisəsi isə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin Dahi Öndərimiz Heydər Əliyevə səs verərək Onun Prezident seçilməsini dəstəkləməsidir. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində səsvermədə iştirak edən 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfəri, yaxud 98,84 faizinin seçimi Ulu Öndərimiz Heydər Əliyev oldu. Bu seçki həm də müstəqlliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik seçki və xalqın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürü idi. Bu seçkidə xalqımız görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə dərin etimadını nümayiş etdirdi. Seçki ərəfəsi xalqla görüşündə Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur”. Ulu Öndər Heydər Əliyevin prezident seçkilərdə böyük üstünlüklə qələbə qazanması xalqın Ona olan hədsiz sevgisinin, böyük dəyərinin göstəricisi idi. 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizdə əsl demokratik seçki nümunəsi olmuşdur. Həmin seçki də xalqın və dövlətin möhtəşəm həmrəyliyi və birliyi ölkəmizə qələbə qazandırmış, yeni tarixi epoxanın yaranmasının bünövrəsinə çevrilmişdir. Tam qətiyyətlə demək olar ki, bugünkü azad və demokratik, xalqın iradəsi əsasında baş tutan seçkilərin ilkin bünövrəsi 3 oktyabr 1993-cü ildə qoyulub.

İLHAM ƏLİYEV

Избранный
10
sesqazeti.az

1Источники