“Bu gün bizim konsolidasiyaya ehtiyacımız var. Bəli, çətin vəziyyətdəyik, amma birləşmək, hər birimizin iştirak etməli olduğu proqram tərtib etmək lazımdır”.
Musavat.com xəbər verir ki, bu sözləri bütün ermənilərin katolikosu II Qareginin Vatikandakı nümayəndəsi, arxiyepiskop Xajak Parsamyan erməni KİV-ə müsahibəsində bildirib.
“Əgər güclüsənsə, səsin eşidiləcək, deyilsənsə, sadəcə, yazıq durumda qalacaqsan. Ona görə də məncə, biz güclənmə strategiyası yaratmalıyıq. Bu 25 il ərzində azərbaycanlılar çox yaxşı diplomatlar yetişdiriblər, onların çox aydın strategiyası var və onu həyata keçirirlər. Ona görə də etiraf etmək lazımdır ki, indiki Azərbaycan 30 il əvvəlki deyil”, - keşiş qeyd edib.
Uydurma “soyqırım” mövzusuna toxunan arxiyepiskop vurğulayıb: “Təbii ki, biz “soyqırımı” unuda bilmərik, ancaq qurban psixologiyasından da çıxmaq zəruridir. Ermənistan üçün azad bazarın olması çox vacibdir. Ona görə ki, yalnız bir yerdən asılı olmaq olmaz. Azad bazarlar iqtisadiyyatı güclü edir. Ölkənin iqtisadiyyatı güclü olanda isə digər problemlərin həlli üçün daha çox imkanlar yaranır. Hesab edirəm ki, Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir”.
Maraqlı etirafdır. Ancaq Azərbaycanla sülh müqaviləsi imzalanmayınca Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Son olaraq bu mesajı ötən həftə qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda baş nazir Nikol Paşinyana bir daha çatdırıb. Ermənistanın inkişafı və təcrid durumdan qurtulması isə bilavasitə iki əsas qonşu - Azərbaycan və Türkiyə ilə barışıqdan keçir. Yolu məlum.
Hiss olunur ki, bütün ermənilərin katolikosu II Qareginin Vatikandakı təmsilçisi də bunu anlayır. Amma gerçəyi axıradək ya dilə gətirmək istəmir, ya da qorxur. Yoxsa Türkiyə ilə münasibətləri qaydaya salmağın vacibliyindən öncə o, mütləq şəkildə “biz millət olaraq, Azərbaycanla düşmənçiliyə, Türkə nifrətə son qoymalıyıq” söyləyərdi. Söyləmir, çünki “böyüyü” II Qareginin Türkə münasibətdə terrorçu, faşist mövqeyini bilir.
Elə təxminən bir ay öncə - sentyabrın 2-də baş katolikos mifik “artsax”ın qondarma “müstəqillik günü” yaydığı açıqlamada növbəti dəfə ərazi bütövlüyümüzü şübhə altına alan hədyanlar səsləndirmiş, revanş naminə müharibə çağırışı etmişdi...
Ermənistan və əhalisinin ağ günə çıxmasına ən böyük əngəl də məhz elə Türklə barışığı rədd edən irqçi erməni kilsəsi və onunla eyni hava çalan Qərbdəki varlı erməni lobbisidir. Qısacası, radikal-revanşist zümrədir. Nikol Paşinynan hökumətinin özünə qalsaydı, şübhə yox ki, vəziyyət hazırda xeyli ümidverici olar, Bakı ilə sülh danışıqları öz məntiqi sonluğuna qat-qat tez çatardı.
İrəvanın Türkiyə və Azərbaycanla barışığı isə əslində ABŞ başda olmaqla Qərbin də marağındadır. Çünki o halda Ermənistanın Rusiyadan asılılığı faktiki aradan qalxacaq. O sırada kapitulyant ölkənin hətta qaz (energetik) təchizatı da Azərbaycan hesabına təmin oluna bilər. Paşinyan daxil, İrəvan rəsmilərinin son açıqlamaları göstərir ki, qonşu ölkə bizim təbii qazı məmnuniyyətlə istehlak edərdi...
Qalır indi erməni toplumun tam ağıllanması: özündə güc tapıb Nikolun “real Ermənistan” projesi ətrafında birləşməsi və radikal-revanşist ünsürləri həmişəlik çıxdaş eləməsi. Bu xüsusda N. Paşinyanın Facebookdakı son statusu yerinə düşür: “Sosial psixoloji nöqteyi-nəzərdən bizim əsas problemimiz budur - erməninin sonrakı ağlını irəliyə keçirmək”.
Bacaracaqlarmı?
Bu, artıq bizim problem deyil...
Siyasət şöbəsi,
Musavat.com