Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Azər Cavanşir oğlu Əsgərovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, prosesdə zərərçəkən şəxs Hüseynov Füzuli Möhsün oğlu ifadə verərək bildirib ki, "Qara İnək" şirkəti ilə bağlı mənə heç bir ziyan ödənməyib. Mən Qanboyu Azərin dostu Nurlanın hesabına tanımışam. Qanboy ferma işlədirdi. Azərdən yer almalı idim".
Təqsirləndirilən şəxs isə zərərçəkənin çıxışına münasibət bildirərək bunları deyib: "Mənim şərikim Fuad Füzuliyə "Qara İnək" şirkətinin satışından 10 faiz verib".
Həsənov Qanboy Rəfi oğlu şahid qismində ifadə verərək qeyd edib ki, təqsirləndirilən şəxsi tanıyıram. Ağdamda fermaya baxdıq, 200 min manata alqı- satqı elədik, pulu Hövsanda ödədim. Ancaq ferma bizə gəlib çatmadı. Mən bunula bağlı 50 yerə şikayət etmişəm. İşə Binəqədi rayonu Məhkəməsində baxıldı, ancaq yarımçıq qaldı. Qardaşı görüşüb bizimlə, Ağdama getmişik. Onun fermada şəriki var. Füzulinidə Nurlanın hesabına kafedə tanıdım.
Azər Əsgərov isə ona pulun ödəndiyini qeyd etdi: "Həmin satışdan sonra Füzuliyə olan borcumu əvəzləmişəm. Mən Nurlan Abbasovla iş görmüşəm. 27 dekabrda Nəsimi rayonunda 54 saylı notariusda alqı-satqı olub. Şərikim Fuad mənimlə telefon əlaqəsi qurub və pul Füzuliyə ödənilib".
Zərərçəkən və şahid dindirildikdən sonra hakim Səbinə Məmmədzadə məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib. Sonra dövlət ittihamçısı Ziya Mansurov ittiham nitqi ilə çıxış edərək Azər Əsgərovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin Cinayət Məcəlləsinin 32.4-cü maddənin ittihamdan xaric edilməsini istəyib.
Daha sonra zərərçəkənin vəkili Vüqar Babayev çıxış edərək Azər Əsgərovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib, ittihamdan maddənin xaric edilməsinə isə etiraz edib. Həmçinin mülki iddianın təmin edilməsini, dəymiş ziyanın onun əmlaklarına yönəldilməsini istəyib.
Təqsirləndirilən səxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib və proses oktyabr ayının 3-nə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işində 3 nəfər zərərçəkmiş var və dəymiş ziyanın ümumi miqdarı 2 milyon 270 min manatdır.
Qeyd edək ki, Azər Əsgərov Prezident Administrasiyasının məsul işçisi olan Arif Novruzovun kürəkəni olub. Bir neçə rayonun kuratoru kimi çalışan A. Novruzovun işdən çıxarılmasına səbəb də elə kürəkəninin onun adından dələduzluq etməsi olub.
O, həmin vaxt 4 nəfərə qarşı 500 min manatdan çox dələduzluqda ittiham edilirdi. Azər Əsgərov ötən ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt Azər Əsgərov türkiyəli həmtəsisçiləri ilə birgə ölkədə yetişdirilən pambıq məhsullarının emalı üçün fabrik quracağına, sərmayə qismində pul yatıracağı halda fabrikin fəaliyyəti ilə əlaqədar əldə olunan gəlirdən ona da mənfəət verəcəyinə dair yalan vəd verib, daha bir tanışından 224 min manat alaraq geri qaytarmayıb.
Başqa bir tanışına isə A.Əsgərov yalan vədlər verərək ona topdansatış qiymətinə “İPhone” markalı mobil telefon alıb səyyar qaydada satışını həyata keçirməklə ona gəlir verəcəyini bildirərək 58 min manatını ələ keçirib.
Bundan başqa A.Əsgərov digər şəxsdən Türkiyədə tekstil fabriki qurulması adı ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları məbləğində pulu hissə-hissə alaraq ələ keçirib.
Qeyd edək ki, Azərin qayınatası Arif Novruzov onu həbsdən azad eləməyə cəhd göstərərkən özü dələduzluğun qurbanı olub və adı cinayətdə hallandığı üçün vəzifəsini itirib. Belə ki, A.Novruzov həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
A.Novruzov bu hadisələrdən sonra xəstəlik səbəbindən vəfat edib.
Seymur Əli