"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib".
Qaynarinfo xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.
Dövlət başçısı qeyd edib ki, I Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşüb.
"Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”, deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident bildirib ki, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılıb.
"Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirib. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir", deyə prezident qeyd edib.