RU

Almaniya Kiyev və Moskvanı necə barışdıracaq? (ŞƏRH)

"Olaf Şoltsla Vladirmi Putin arasında danışıqlar baş tutsa, Moskva və Kiyev arasında müəyyən müzakirələr aparıla bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Almaniya kansleri Olaf Şoltsın Rusiya lideri Vladimir Putinlə birbaşa danışmaq istəyini şərh edərkən deyib.

"Hər halda Almaniya rəhbərlərinin Rusiya ilə bu və ya digər formada danışıqları bərpa etmək barədə indiyə qədər müxtəlif mesajları olub. Bəlkə də son iki il ərzində bu  dərəcədə açıq şəkildə qoyulmayıb. Amma bu cür mesajlar olub. Şoltsla Putin arasında danışıqlar baş tutsa, sözsüz ki, bu ilk  növbədə Ukrayna ilə bağlı olacaq", deyə Arif Əliyev bildirib.
 


Həmsöhbətimiz düşünür ki, Rusiyanın son mesajları da buna rəvac verir:

"Çünki Putin son zamanlar Rusiya daxilinə etdiyi səfərlər zamanı bir neçə dəfə bəyan edib ki, Ukrayna ilə müəyyən şərtlər daxilində danışıqlara hazırdır. Şoltsla Putin arasında danışıqlar olsa, yəqin ki, onlar arasında həmin şərtlərin müzakirəsi aparılacaq".

Lakin ekspert hesab edir ki, Kiyev indiki mərhələdə buna meyl etməyəcək:

"Çünki Ukrayna Rusiya ilə münasibətlərin hansı formada tənzimlənməsi məsələsində öz mövqeyini daha çox Böyük Britaniya və ABŞ-la uzlaşdırır".

Qeyd edək ki, Qərb mətbuatının yazdığına görə, Almaniya kansleri Olaf Şolts demək olar iki ildən sonra ilk dəfə Rusiya lideri Vladimir Putinlə birbaşa danışmaq istəyir. Bu barədə "Die Zeit" hökumət dairələrindəki mənbələrə istinadən məlumat yayıb. 

Bildirilir ki, Şolts noyabrda Braziliyada keçiriləcək G20 toplantısı öncəsi Putinlə telefon danışığı imkanını nəzərdən keçirir. Lakin hələlik danışmaq istəyi daxil olmayıb. 

Xatırladaq ki, Şoltsla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. 

Rüfət Sultan
Избранный
9
qaynarinfo.az

1Источники