"Bir qarış torpağımız da Ermənistanın nəzarətində qala bilməz"
Müharibə başa çatdıqdan sonra Paşinyan zaman-zaman Azərbaycan tərəfinin haqlı tərəflərini təhrif etməyə çalışsa da, sonradan bu tələbləri yerinə yetirməyə məcbur qalıb. Azərbaycan Vətən müharibəsində qələbə əldə edən tərəfdir. Bizim bir qarış da olsun torpağımız Ermənistan nəzarətində qala bilməz.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, daha əvvəl Ermınistan nəzarətində qalan kəndlərin sayı 8 idi, onlardan 4-u Azərbaycana qaytarılıb, digər 4 kəndin də Azərbaycana qaytarılması mütləqdir:
“Ermənistan ərazisində olan Azərbaycan kəndlərinin qaytarılması məsələsi yeni deyil. Bu müzakirələr uzun zamandır ki, davam edir. Görünür artıq Ermənistan başqa bir yolun olmadığını anlayaraq Azərbaycan ərazilərini əsl sahiblərinə qaytarmaq qərarına gəlib. Paşinyan üç tərəfli birgə bəyanatla Ermənistanın üzərinə götürdüyü digər öhdəlikləri, o cümlədən Naxçıvanla Azərbaycanın iki tərəfli əlaqəsini təmin edən yolun açılmasını, konstitusiya dəyişikliklərini qərbi azərbaycanlıların yurd-yuvalarına qayıtmaq hüququnu da yaxın perspektivdə tanıyacaq. Bu Ermənistanın sülh əldə etmək üçün ən qısa və təhlükəsiz yoludur”.