RU

“İsrail İranın neft təsisatlarını vursa, qazanan Rusiya olacaq...”- Sabiq səfir

“Eyni zamanda Netanyahu belə bir fikir də işlətmişdi ki, biz İranla bağlı bu cür durumun yaranmasını 50 il idi ki, gözləyirdik. Yəni söhbət İranın proksi qüvvələrinin zəifləməsindən gedir. Bu gün “HƏMAS” artıq tam zəifləyib, elə bir gücü qalmayıb. İndiyədək dünyada ən böyük və güclü qeyri-dövlət hərbi qurumu olan “Hizbullah” da xeyli sarsıdılıb...”
 
"İran Prezidenti Məsud Pezeşkian son çıxışında bildirdi ki, "mən hakimiyyətə gələndə öz xalqıma onların əsas problemlərini aradan qaldırmaq, ölkədə gözəl bir həyat qurmaq üçün əlimdən gələni edəcəyimə söz vermişdim. Ancaq gözlənilmədən  tale elə gətirdi ki, artıq hamımız bir yerdə əl-ələ verib bu çətinliklərin öhdəsindən gəlməli, Vətənimizi qorumalıyıq"… Lakin İran prezidentinin həmin çıxışında İsrailə qarşı hansısa bir təhdid eşitmədim. Görünür ki, İran qarşıdurmanı o qədər də dərinləşdirmək istəmir. Əslinə qalsa, İsrail də sanki hücum etmək istəmir, gözləyirlər ki, əgər İran yenidən hücum etmək istəsə, o halda hücum etsinlər. Bir sözlə, hər iki tərəf məsələnin ağırlığını yaxşı başa düşür. Bir tərəfdən, İsrailin ərazisi çox kiçikdir. Əgər İran bu ölkəyə genişmiqyaslı hücum etsə, istənilən halda insan tələfatları da ola bilər. Eyni zamanda İran da başa düşür ki, neft obyektlərinə, yataq və anbarlarına zərbə vursalar, ölkə iqtisadiyyatına böyük zərərlər dəyə bilər”.  
 
Bu fikirləri Moderator.az-a açıqlamasında İranla İsrail arasında gözlənilən genişmiqyaslı savaş başlanması ehtimalından danışarkən Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov dilə gətirib.
 
“Onu da deyək ki, xüsusilə ABŞ İsrailin İranın neftlə bağlı təsisatlarına zərbələr endirməsinin əleyhinədir. Çünki bu halda dünya bazarında neftin qiyməti qalxacaq və bu da Ukrayna ilə də bağlı belə bir gərgin vəziyyətdə Rusiyanın neftdən daha çox gəlir əldə etməsinə gətirib çıxaracaq. Bu isə Putinin əl qolunu açmaqla Ukrayna cəbhəsində əlavə çətinliklər yaradacaq. Başqa sözlə, İsrailin İranın neft obyektlərinə zərbə vurmasından qazanan Rusiya olacaq”, -deyə davamında həmsöhbətimiz bildirib. 
 
Diplomat hesab edir ki, bütün hallarda İsrailin mövcud hakimiyyəti hazırda İran ətrafında yaranmış durumu özü üçün həmişə ələ düşməyəcək bir fürsət bilir.
 
“Digər tərəfdən, İsrail hakimiyyəti sanki başa düşür ki, müharibənin hər bir halda başlaya bilməsi ehtimalı var. Eyni zamanda Netanyahu belə bir fikir də işlətmişdi ki, biz İranla bağlı bu cür durumun yaranmasını 50 il idi ki, gözləyirdik. Yəni söhbət İranın proksi qüvvələrinin zəifləməsindən gedir. Bu gün “HƏMAS” artıq tam zəifləyib, elə bir gücü qalmayıb. İndiyədək dünyada ən böyük və güclü qeyri-dövlət hərbi qurumu olan “Hizbullah” da xeyli sarsıdılıb. “HƏMAS” liderinin öldürülməsinin ardınca “Hizbullah” lideri və onun ən yaxın silahdaşları da aradan götürülüb. Son məlumatlara görə, Həsən Nəsrullahın yerinə təyin olunmuş yeni lider də İsrail tərəfindən qətlə yetiriilib. Artıq elə bir durum yaranıb ki, “HƏMAS” və “Hizbullah”ın rəhbərliyində qalanlardan heç kəs boş qalmış liderlərin yerini rəsmən tutmaq istəmir. Çünki bilirlər ki, həmin şəxs məlum olan kimi dərhal İsrail onu da aradan götürəcək.  İsrail həmçinin Yəməndəki husilərlə bağlı da eyni addımları ata bilər. Bir sözlə, rəsmi Təl-Əviv İranın bütün proksi qüvvələrini sarsıtmaq istəyir ki, Tehranın əl-qolu bağlanmış olsun. Çünki indiyədək həmin proksi-qüvvələr İran üçün həm müdafiə, həm də yeri gələndə hücum rolunu oynayıbdır. İran isə heç bir ölkə ilə birbaşa savaşa girmək istəmir. Ona görə ki, bu halda onun iqtisadiyyatına güclü zərbələr dəyər və bunun ardınca ölkənin, hakimiyyətin çökməsinə gətirib çıxaracaq digər hadisə və proseslər baş verə bilər”, -deyə keçmiş səfir vurğulayıb
 
Sultan Laçın
Избранный
44
50
moderator.az

10Источники