RU

Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Perunun paytaxtı Lima şəhərində keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb. Tədbirdə otuzdan çox ölkənin səfirlikləri, eləcə də təhsil və mədəniyyət mərkəzləri iştirak ediblər. Sərgidə Azərbaycanın zəngin mədəniyyəti və turizm potensialı nümayiş etdirilib.

Sərginin açılış mərasimi Ümumdünya Turizm Günü çərçivəsində keçirilib və tədbirdə Perunun xarici ticarət və turizm naziri, inkişaf və sosial inteqrasiya naziri, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycan stendi sərgidə böyük maraqla qarşılanıb. Burada ölkəmiz haqqında, həmçinin Formula 1 Azərbaycan Qran-Prisi və noyabrda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirlər haqqında məlumat təqdim olunub. Azərbaycanın turistik məkanları, ölkəmizin turizm potensialı, Qız qalası, Şuşa qalası və digər mühüm tarixi abidələr haqqında məlumatlar verilib. Milli məhsullar, o cümlədən Azərbaycan çayı, şərabları və xalçaçılıq sənəti nümunələri də ziyarətçilərə təqdim edilib.

Üç gün ərzində sərgiyə 60 mindən çox qonaq qatılıb.

 

 

 

Избранный
59
2
azertag.az

3Источники