RU

"İran və İsrail üçün əsas məsələ post-Xamenei dövrüdür" - Ekspert

"İsrailin hədəfi İranın neft infrastrukturunu çökdürməkdir. Bu əsasda da İsrail İranı İraqın düşdüyü vəziyyətə salmaq istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsrailin İrana cavab zərbəsinin gecikməsi səbəblərindən danışarkən deyib.

"İsrail-İran gərginliyi məsələsinə bir neçə aspektdən yanaşmaq olar. Burada Qərbin, ərəb ölkələri, İslam dünyasının və birbaşa ABŞ-İsrailin şərikli yanaşması mövcuddur. Öncə qeyd edim ki, bölgədə yeni müharibənin başlanması artıq realdır. Əvvəllər İsrailin İranla gərginliyi Tehranın nəzarətində olan proksi qüvvələrilə olurdu. İsrail 30-a yaxın şiə qruplaşması ilə dolayı yolla baş-başa qalmışdı. Amma "Hizbullah” lideri Həsə Nəsrullahın öldürülməsindən sonra İranın İsrail və Qərbə tətbiq etdiyi diplomatik səbr anlayışı artıq hücum ritorikası ilə əvəzləndi", deyə Rufiz Hafizoğlu qeyd edib.
 
Ekspert bildirib ki, İsrailin bölgədəki şiə radikal qruplaşmalara hücumu əslində İranın milli maraqlarına hücumdur:

"İran bu gün bölgədə çıxılmaz vəziyyətdədir. İsrail Əfqanıstandan Livana qədər uzanan şiə koridorunda bir etibarsızlıq zənciri yarada bilib. İsrail də bilirdi ki, Livana gətirilən peycerlər məhz bu koridor vasitəsilə qeyri-qanuni yolla həmin ölkəyə çatdırılırdı. Nəticədə Təl-Əviv bölgədəki şiə qrupları arasında ciddi etibarsızlıq yarada bilib. İsrailin İrana cavab zərbəsinin gecikməsinə gəldikdə, bu cavab olacaq. Həmin cavab simvolik də ola bilər. Amma birbaşa zərbələrin olma ehtimalı azdır. Nüvə obyektləri də zərbəyə tuş gələ bilər. Lakin bundan daha çox İsrailin etmək istədiyi əsas məsələsi İranın neft infrastrukturunu çökdürməkdir. İsrail İranı Küveytin işğalından sonra İraqın düşdüyü vəziyyətə salmağa çalışır. Ona görə cavab gecikəcək, amma mütləq şəkildə olacaq".
 


Ekspert qeyd edib ki, İranla İsrailin hər ikisinin gözlədiyi başqa bir məqam da var:

"İranın ali dini lideri Seyid Əli Xamenei yaşlaşıb, səhhətində ciddi problemlər var. İranda ali dini liderin ölümündən sonra nə olacaq problemi var. Ondan sonra həmin rütbəyə kimin gələcəyi problemi mövcuddur. Yəni hazırda İran lider bəlirsizliyilə üz-üzədir. Yeni seçiləcək dini lideri azərbaycanlılar, kürdlər, bəlluclar, əhvazlar qəbul edəcəkmi? Düşünürəm ki, hazırda İran və İsrail üçün əsas məsələ sonra nə olacağı məsələsidir. Qərb İranı daxildən çökdürmək istəyir. Xameneinin ölümü də bunun üçün ciddi başlanğıc ola bilər. Qərb və İsrail bu məsələdən maksimum faydalanmağa çalışır".

Həmsöhbətimiz deyib ki, son zamanlar Bəşər Əsəd də İranla məsafə saxlamağa çalışır:

"Suriya bu günə qədər İsrail əlehinə, "Hizbullah” və digər qruplaşmaları dəstəkləyən açıqlamalar verməyib. Sadəcə keçən həftələrdə İran XİN rəhbəri Arakçinin Bəşər Əsədlə görüşü zamanı, Suriya prezidenti bir kəlmə dedi ki, Tehranın İsrailə cavabı güclü idi. Əsəd başa düşür ki, İranla eyni masanı bölüşdürmək ciddi problemlərə gətirir”. 

Ekspertin fikrincə, İranla İsrail arasında enhtimal olunan müharibədən ən çox ziyan çəkən ölkələrdən biri Azərbaycan olacaq:

"Ehtimal olunan müharibədən ən çox əziyyət çəkəcək ölkələr sırasında təəssüf ki, Azərbaycan da var. Azərbaycan bu fonda qaçqın ordusu ilə qarşılaşa bilər. Bu da maraqlarımıza xidmət etmir. Suriyalı qaçqınların Türkiyədə nə kimi ciddi problemlərə səbəb olduğunu görmüşük. Kilisdə demoqrafik problem açıq şəkildə özünü göstərir. Bölgəyə gələn suriyalı qaçqınların sayı şəhər əhalisindən qat-qat çox olub. Yəni dolayısı ilə qaçqın ordusu sadəcə insan kütləsi kimi yox, eyni zamanda, mədəniyyət transferi kimi də nəzərə alınmalıdır. Digər tərəfdən, qaçqın ordusu içərisində dövlət və güc strukturlarının xüsusiu təlim keçmiş nümayəndələri də olur ki, onlar da real təhlükə yaradacaq amildir”. 

Qeyd edək ki, İsrail tərəfi İrana cavab zərbələri endirəcəyini bəyan etsə də, hələlik bu istiqamətdə real addımlara start verilməyib. Yəni sentyabrın sonlarında İranın İsrailə raket zərbələrinə Təl-Əvivin cavabı gecikir. Bu cavab zərbəsinin olacağı mütləqdir. Amma bununla belə gecikir ki, bu da müəyyən suallara səbəb olur. 

Rüfət Sultan

Избранный
2
50
qaynarinfo.az

10Источники