ABŞ rəhbərliyi Rusiyanın Ukraynada istifadə etdiyi uzun mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və daşınmasında rol oynamaqda ittiham etdiyi iki Çin şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sanksiya qərarları ilə bağlı açıqlama yayıb. Açıqlamada Rusiyanın Ukraynada istifadə etdiyi və bir Rusiya şirkəti tərəfindən təkmilləşdirilən “Garpiya” adlı uzun mənzilli PUA-ların mühərriklərini istehsal edən “Xiamen Limbach Aircraft Engine Co.” PUA-ların daşınması ilə məşğul olan “Redlepus Vector Industry” adlı şirkətlərə qarşı sanksiyaların tətbiq ediləcəyi bildirilib.
Açıqlamada PUA-ların Ukraynanın kritik infrastrukturunu məhv etdiyi və “kütləvi itkilərə” səbəb olduğu iddia edilib və onların Çində istehsal edildiyi bildirilib.
Açıqlamada həmçinin qeyd olunub ki, hücum PUA-ları hazırlayan Rusiya şirkəti və onun baş menecerinə qarşı sanksiyalar tətbiq olunacaq.
Nəsimi Ələsgərli