RU

Lionel Messi və “İnter Mayami” tarixi rekorda imza atdılar

MLS-in “İnter Mayami” – “Nyu-İnqlend Revolyuşn” oyunu həm “vağlar”, həm də komandanın ulduz kapitanı Lionel Messi üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, “İnter Mayami” evdə, doğma Fort-Loderdeylin “Di-Er-Vi Pi-En-Ka Stedium” arenasında 0:2 hesabı ilə geridə olduğu bu oyunda geri-dönüş edərək, rəqibini 6:2 hesabı ilə məğlub edib.

Messi isə komandasının əzmkar qələbəsinə 3 qolla və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.

Beləliklə, Messi “İnter Mayami”nin tarixən ən sərrast qolçusu ünvanına sahib olub. “Vağlar”ın buna qədər 32 qolla ən sərrast qolçusu, ekvadorlu hücumçu Leanordo Kampananın nəticəsini geridə qoymuş Messinin hesabında indi 33 qol var.

Vurğulayaq ki, bu, argentinalı ulduzun ardıcıl ikinci het-trikidir. Bundan əvvəl “Leo” 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsi çərçivəsində oyunda (6:0) Boliviya yığmasının qapısına üç qol vurmuşdu.

“İnter Mayami” bunu ilk dəfə bacardı

Qələbə sayəsində “İnter Mayami” bir mövsümdə ən çox xal toplamaqla, MLS müntəzəm mövsümünün rekordunu müəyyənləşdirib. “Vağlar”ın hesabında 34 oyundan 74 xal var. Bu, həm klubun, həm də liqanın tarixində ən yaxşı göstəricidir.

Oyundan sonra “İnter Mayami”nin ingilis həmsahibi, iş adamı və ötənlərin məşhur futbolçusu Devid Bekhem Lionel Messiyə MLS müntəzəm mövsümünün qənimətini təqdim edib.

“Vağlar” bu uğurları sayəsində növbəti, MLS-in ələmə mərhələsinə yüksəliblər.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 22 qol vurub və 13 məhsuldar ötürmə verib. Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 36 oyun, 33 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 189 oyun keçirib, 112 qol vurub və 60 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Избранный
24
12
arena.az

10Источники