Moldovada seçkiləri ikinci tura qaldı – Noyabrın 3-də keçiriləcək
Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 3-də keçiriləcək, çünki namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib. Yeniavaz.com xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman brifinq zamanı bildirib. “İlkin məlumatlar göstərir ki, Moldova Prezidenti vəzifəsinə 11 namizəddən heç biri seçkilərdə iştirak edən seçicilərin 50%-dən çoxunun səsini toplaya bilməyib”, - Karaman bildirib. Protokolların 98,56 %-nin işlənməsinin nəticələrinə əsasən, Moldovanın hazırkı prezidenti Maya Sandu seçkilərdə 42,07%, Sandunun rəqibi, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26,27% səs toplayıb. “Bizim partiya”nın lideri Renato Usatıy 13,72% səslə ilk üçlüyü tamamlayıb. Sonrakı yerlərdə müvafiq olaraq 5,44% və 4,50% səs toplayan Qaqauziyanın keçmiş rəhbəri İrina Vlax və keçmiş prokuror Viktoriya Furtune, ardınca isə keçmiş baş nazirlər Vasili Tarlev (3,22%) və İon Kiku (2,08%) gəlir.