RU

Fətullah Gülən ÖLDÜRÜLÜB? – ABŞ və Türkiyə kəşfiyyatının…

Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ-nun lideri Fətullah Gülən ölüb. Bu barədə xəbəri FETÖ-nun mətbuat orqanları elan edib. Qeyd olunub ki, ABŞ-nin Pensilvaniya ştatında yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada dünyasını dəyişib. F.Gülənin ölümünü onun yaxın qohumu Ebuseleme Gülən də təsdiq edib və sosial media hesabında bu barədə paylaşım edib.

F.Gülənin ölümü bir sıra mülahizələrə yol açıb. Onun öldürüldüyü barədə iddialar irəli sürülüb. Ehtimal edilib ki, o, Türkiyənin ABŞ ilə gizli anlaşması sayəsində, hər iki ölkə kəşfiyyatının  əli ilə öldürülüb. Bununla da Ankara ilə Vaşinqton arasında F.Gülənə görə yaranan anlaşılmazlıq aradan qaldırılıb. Hətta FETÖ rəhbərinin Türkiyə xüsusi-xidmət orqanları vasitəsilə aradan götürüldüyü fikrini ortaya atanlar da var.

Səsləndirilən iddialar nə dərəcədə əsaslıdır?

Politoloq Ərəstun Oruclu bu sual ətrafında fikirlərini Medianews.az-a bölüşüb. O qeyd edib ki, F.Gülənin ölümü heç nəyi dəyişməyəcək. Politoloqun qənaətincə, FETÖ adlandırılan bu təşkilatın Türkiyədəki dayaqları çoxdan sarsıdılıb: “Artıq bir neçə gün idi ki, Fətullah Gülən faktiki olaraq görünmürdü. Onun səhhəti imkan vermirdi ki, o, təşklata bilavasitə özü rəhbərlik etsin. Gülən hərəkatı, yaxud FETÖ adlandırılan bu təşkilatın Türkiyədəki dayaqları çoxdan sarsıdılıb. Bu təşkilat idi, yoxsa elə Fətuallah Gülən hərəkatından, onun şinelindən çıxmış AKP-nin digər gülənçilərlə daxili ziddiyyəti idi, bunun üzərində dayanmaq istəmirəm. Mən şəxsən hesab edirəm ki, bu, daxili münaqişədir və burada bir çox məsələlər artıq çoxdan öz həllini tapıb. Türkiyədə AKP adı altında partiya kimi formalaşan keçmiş gülənçilərin və qeyri-gülənçilərin birliyi hakimiyyəti əlində saxlayır. Onlar bütün resurslara nəzarəti demək olar ki, bərpa ediblər. Bu proses artıq bitib”.

Ə.Oruclu söyləyib ki, bugünkü şəraitdə F.Gülən hərəkatı nə isə etmək gücündə deyil: “Heç öz zamanında, aktiv fəaliyyət dövründə bunu etməyə qadir deyildisə, bundan sonra ümumiyyətlə, bu gücdə olmayacaq. Təbii ki, onun bəzi tərəfdarları qalxacaq, müəyyən bir şəkildə onu əvəzləyən lider də tapılacaq. Geniş miqyasda olmasa da, hər halda müəyyən bir səviyyədə struktur qorunub saxlanılacaq. Onların Türkiyə dövlətinə qarşı, yaxud da rəsmi Ankaraya qarşı fəaliyyət göstərəcəyi inandırıcı deyil. Belə bir reallıq fonunda Fətullah Gülənin Türkiyə kəşfiyyatı tərəfindən öldürülməsi iddiası əsaslı deyil. Fətullah Gülən onsuz da xəstə idi. Son illər onun hansısa bir şəkildə fəaliyyəti görünmürdü. Nə ehtiyac var idi onu öldürməyə? Türkiyə kəşfiyyatı doğrudanmı o imkanlara malikdir ki, ABŞ daxilində hansısa bir əməliyyat keçirsin? Bu, riskli addımdır. Sabah bunun üstü açılarsa, ABŞ və Türkiyə münasibətlərində ciddi gərginlik, münaqişə yarada bilər. Bu gün nə Türkiyəyə, nə də ABŞ-yə belə bir vəziyyət lazım deyil”.

Politoloq deyib ki, F.Gülən siyasi-dini bir cərəyanın yaradıcısı, rəhbəri kimi Türkiyənin əvvəlki dövlət modelindən uzaqlaşaraq bugünkü dövlət modelinə keçidində özünəməxsus rol oynamış şəxsdir: “Mən bugünkü modelin əvvəlki modellə müqayisəsini aparmaq istəmirəm. Nəyin müsbət, nəyin mənfi olduğunu demək istəmirəm. Hər birinin öz mənfi və müsbət tərəfləri var, şübhəsiz, amma hər bir halda Gülən bu rolu oynayıb. Bir mənəvi lider kimi, təşkilat qurmuş şəxs kimi bir rol oynadı. Neqativ və ya pozitiv roldur, bunu müxtəlif cür qiymətləndirənlər var. Şəxsən mən buna qiymət vermək istəmirəm. Bu, Türkiyənin daxili işidir. Qoy Türkiyə vətəndaşları, siyasətçiləri desinlər. Vaxtilə gülənçiləri təbliğ edən bəzi adamların bu gün Fətullah Güləni terrorçu kimi təqdim etməsi isə siyasi riyakarlıqdır. Yəni Gülən tarixdə çox ziddiyyətli bir fiqur kimi qalacaq. Amma tarixini də bir xüsusiyyəti var. Bu gün tarix bir cür görünür, sabah bir başqa cür yazıla bilər, biri gün üçüncü mövqedən təqdim oluna bilər. Odur ki, gələcəkdə Fətullah Gülənə münasibət bir neçə dəfə dəyişə bilər”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, F.Gülənin ölümü yeni mövzular gündəmə gətirəcək: “Aydındır ki, örgütün liderinin Türkiyədə dəfn olunması mümkün deyil. Böyük ehtimalla onu yaşadığı ABŞ-nin Pensilvaniya ştatının və ya başqa ştatın müsəlman qəbiristanlığında basdıracaqlar. İkinci məsələ örgütün fəaliyyətini hansı şəkildə davam etdirəcəyidir. Fətullah Gülən ağır xəstəliyi səbəbi ilə varisini əvvəlcədən seçməmiş deyil. Həmin varis ya onun qohumlarından, ya da Pensilvaniyadakı yaxın ətrafından biri olacaq. Həmin varis şəbəkəni ayaqda saxlamağa və topladıqları milyardlarla dolları idarə etməyə çalışacaq. Həmin varis FETÖ içində Gülən qədər populyar olmayacağından örgütdə fikir ixtilafının dərinləşməsi istisna deyil”.

Politoloqun sözlərinə görə, Türkiyənin müvafiq strukturları F.Gülənin ölümündən sonra ümumiyyətlə örgütü çökdürməyə çalışacaqlar: “Bu, asan olmayacaq. Çünki örgütün ABŞ, Avropa, hətta Afrikada müxtəlif mərkəzləri fəaliyyət göstərir. Onlar böyük gəlir gətirir. Vaxtilə Azərbaycanda da örgütlənmişdilər, indinin özündə də Fətullah Güləni “hocamız” deyə qiymətləndirənlər var. Onlarla çox mübahisəm olub. Hər dəfəsində də “hocanın” hərbi çevrilişə cəhddə və nəticədə yüzlərlə insanın həlak olmasında heç bir rolunun olmadığını “vurğulamağa” çalışıblar. Sanki yadplanetlilər hərbi çevrilişə cəhd edib və insanlara atəş açıblar”.

Vüqar MƏMMƏDOV

Избранный
17
medianews.az

1Источники