RU

Kişinyovun Gürcüstan kimi kritik seçimi - Moskva sevinsin, yoxsa...

Rusiya faktoru Moldova cəmiyyətini də ikiyə bölüb

Bazar günü-oktyabrın 20-də Moldovada prezident seçkisi və Avropa Birliyinə üzvlüyə dair konstitusiya referendumu ilə bağlı səsvermə keçirilib. Prezident seçkisi yarışında prezidentliyə 11 namizəd mübarizə aparıb.

Moldovanın hazırkı dövlət başçısı Maya Sandu prezident seçkisində liderlik edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Seçkidə 11 namizəd mübarizə aparıb, onların arasında hazırkı prezident Maya Sandu (Hərəkət və Həmrəylik Partiyası), keçmiş baş prokuror Aleksandr Stoyanoqlo (Sosialist Partiyası) və “Bizim partiya”nın lideri Renato Usatii də var.

Protokolların 37 faizi açıqlandıqdan sonra Sandu 35 faizlik nəticə ilə liderdir.

Onun ardınca 29 faizlə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo gəlir.

Namizədlərdən heç biri seçicilərin yarısından çoxunun səsini toplamadığı üçün noyabrın 3-də ikinci tur keçiriləcək. İkinci turda Maya Sandu və Aleksandr Stoyanoqlo mübarizə aparacaq.

Bundan başqa, 20 oktyabr seçkilərində seçicilər “Moldova Respublikasının Avropa Birliyinə üzv olması üçün konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı” sualına da cavab veriblər.  Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı keçirilən referendumda 50,03 faizi ölkənin quruma üzvlüyünə səs verib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Təşkilata üzvlüyün əleyhinə səs verənlər 49,97 faiz olub.

Müvafiq məlumatı Moldova Mərkəzi Seçki Komissiyası protokolların 98,33 faizinin işlənməsinin nəticələrinə əsasən verib.

Bu referendum həm də muxtar respublikalarda maraqlı nəticələri ilə yadda qalıb. Qaqauziyada əhalinin 90%-dən çoxu Aİ-yə yox deyərkən (gözlənildiyi kimi), Dnestryanı ərazidə iştirakçıların cəmi  60%-dən  çoxu Qərbə yox deyib.

Digər maraqlı, əslində isə gözlənilən nəticə paytaxt Kişinyovla bağlıdır. Burada əhalinin daha çox hissəsi Sanduya, əksəriyyəti isə referendumda Aİ-yə üzvlüyə səs verib. Əgər gecə saatlarında artıq bir çoxları referendumun nəticələri üzrə “lehinə” və “əleyhinə” arasında fərqin 10-15% olacağını düşünürdülərsə, erkən səhər saatlarında paytaxtdakı nəticələrin hesablanmasından sonra “hə” və “yox” deyənlər arasında fərq demək olar ki, bərabərləşdi.

Burada ən maraqlı məqam ondan ibarətdir ki, əgər seçki qutularının 90%-i açılan səslər arasında fərq 54% əleyhinə, 46% lehinə idisə, 96% protokolların hesablanmasından sonra nəticələr müvafiq olaraq 51 - 49 göstərilib.

Qeyd edək ki, ölkədə rusdilli əhali cəmiyyətin mühüm hissəsini təşkil edir. Eyni səbəbdən Rusiyaya rəğbət kifayət qədər güclüdür. Moldova ərazisində həmçinin Rusiya hərbi kontingentinin yerləşdiyi separatçı Dnestryanı bölgə var.  

Bu seçkilər ölkənin hansı inkişaf yolunu seçdiyini göstərdi.  Rusiyaya, yoxsa Avropa Birliyinə yaxınlaşmağa üstünlük verdi? Azərbaycan üçün yaxın-uzaq təsirləri hansıdır? 

Elxan

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Moldovada və Gürcüstanda sanki oxşar proseslər gedir. Hər iki ölkədə cəmiyyətlər bölünüb. Bir qrup Avropaya inteqrasiyanı dəstəkləyir, digər qrup Rusiyaya yaxınlaşmağın tərəfdarıdır: “Moldovada hazırkı prezident Maya Sandunun birinci turda üstünlük qazanması seçkinin ikinci turunda şansını artırır. Bu o deməkdir ki, Maya Sandu ölkəsinin Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirəcək. Amma maraqlıdır ki, Avropa İttifaqına inteqrasiya məsələsi ilə bağlı seçkilərdə səsvermədə cüzi üstünlük Avropa İttifaqına inteqrasiya tərəfdarlarının xeyrinə olub. Bu məsələdə cəmiyyət faktiki iki hissəyə bölünüb. Bir hissə isə Avropa İttifaqına inteqrasiyanın əleyhinə səs verib. Bu fikirdə olanlar hesab edirlər ki, Rusiyadan uzaqlaşıb Avropa İttifaqına yönəlmək Moldova üçün təhlükələr yaradacaq. Həm düşünürlər ki, Moldova üçün elə ən yaxşı bazar Rusiyadır, Moldova mallarını Avropada qəbul etməyə də bilərlər. Halbuki Brüssel Moldova ilə yaxınlaşma siyasətini ola bilsin ki, davam etdirəcək”.

Politoloq  Moldovadakı bu seçkilərin nəticələrinin Cənubi Qafqazdakı proseslərə elə də böyük təsirinin olacağını zənn etmir: “Ukraynada da vaxtıilə oxşar proseslər oldu, keçmiş prezident Vktor Yanukoviç Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqdan imtina etdikdən sonra Avropaya inteqrasiya tərəfdarları Kiyevdə küçələrə çıxdılar, mitinqlər başladı və çevriliş oldu. İndi isə Ukrayna gəlib məlum vəziyyətə çıxıb. Gürcüstanda yaxın günlərdə parlament seçkilərində müəyyənləşəcək ki, indiki komanda hakimiyyətdə qalır, yoxsa müxalifət gəlir və Qərblə əməkdaşlığa üstünlük verən siyasət yürüdülür. Amma rəy sorğuları göstərir ki, oliqarx Bdzina İvanişvili və onun dəstəklədiyi hökumətin qələbə çalmaq şansı müxalifətə nisbətən daha çoxdur. Bu da o deməkdir ki, Gürcüstan Moldovanın yolu ilə getməyəcək. Azərbaycana gəldikdə, Azərbaycanın Avropa İttifaqına üzvlük kimi hədəfi yoxdur. Bu, coğrafi baxımdan da bir qədər problematikdir. Hətta biz qarşımıza hədəf qoysaq belə, kimsə bizi Avropa İttifaqına qəbul etməz, bizə xüsusi intiyazlar verməz. Zatən Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərdən doqquzu ilə ikitərəfli əməkdaşlıq sazişi var. Avropa İttifaqı ilə enerji əməkdalığımız mövcuddur. Qara dənizin dibi ilə yeni bir enerji layihəsini də birgə icra edəcəyik. Bunlar Azərbaycan üçün kifayətdir. Azərbaycandakı müxalifət partiyaları da Azərbaycanın Avropa İttifaqına üzvlüyü məsələsini qarşılarına birmənalı hədəf qoymurlar. Bizim üçün önəmli olan ölkənin gücləndirilməsi, strateji hədəflərin müəyyənləşdirilməsi, Türk dünyasına inteqrasiyasıdır. Prezident İlham Əliyev bu istiqaməti əsas fəaliyyət istiqamətlərindən biri kimi göstərib”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Избранный
27
50
musavat.com

10Источники