RU

Uşaq bağçasında dərman QALMAQALI səngimir: İşçilər niyə çıxarılıblar?

Bakının Yasamal rayonunda yerləşən “Esmanur” özəl uşaq bağçasında uşaqlara “Ketotifen” dərmanının verilməsi ilə bağlı qalmaqal getdikcə böyüyür.

NOCOMMENT.az  Oxu.Az-a istinadən xəbər verir ki, valideynlərdən biri övladının qanında analiz zamanı həmin dərmanın aşkarlandığını sosial şəbəkədə paylaşmış, bağça isə iddianı təkzib edərək, valideynin polisə verdiyi şikayətini geri götürdüyünü, üzr istədiyini bildirmişdi. Bir qədər sonra isə sözügedən bağçanın bağlandığı, müəllimlərin işdən çıxarıldığı barədə məlumat yayıldı.

Sözügedən məsələ ilə bağlı Oxu.Az şikayətçi olan valideyn Elnurə Hüseynova ilə əlaqə saxlayıb. O bir daha bildirib ki, qeyd olunan bağçada övladına dərman verilib:

“Bağçada uşağıma dərman verilib. Bununla bağlı polisə şikayət vermişəm. Analizin nəticələrini də polisə təqdim etmişəm. Bağçanın rəhbəri İlahə xanımı mən ötən həftənin cümə günü tanımışam. O, məsələdən xəbər tutan kimi ədalətli qərar verərək, Yasamaldakı bağçanın işçilərinin hər birini işdən azad etdi. Bu faktın hər birini təsdiqləyəcək sübutlarım, videolarım var. Sübutlarımı da yalnız polisə təqdim edirəm. Nə ərizəmi geri götürmüşəm, nə də kimdənsə üzr istəmişəm. Şahidin dediyinə görə, bağçada iki uşağa dərman verilib. Onun da görüntüləri var, həmin şahidi tapıb, susdurmağa çalışırlar. Dəcəl uşaqlara verirmişlər ki, yatsınlar”.

E.Hüseynova müəllimlə arasında yaşanan mübahisəyə də aydınlıq gətirib:

“Qapıya təpik vurduğumu dedikləri də yalandır. Mən o mədəniyyətə sahib biri deyiləm ki, bunu edim. Müəllimlə aramda problem yaranıb. Kameradan baxıb görmüşəm ki, başqa uşaq mənim uşağımı vurub, həmin uşağa heç nə deyilməyib, mənim uşağım qolundan tutulub, masaya oturdulub. Mənə bu xoş gəlmədiyinə görə zəng edib bildirmişəm ki, uşağıma dəymə, gəlirəm bağçaya. Gedəndə də normal insan kimi içəri girmişəm. Oradakı iki müəllimin mən içəri girəndə verdikləri reaksiya barədə səsyazısı da var”.

“Esmanur” Tədris İnkişaf Mərkəzinin rəhbəri İlahə Xuduqızı isə bağça kollektivinin işdən azad edilməsinin səbəbinin uşaqlara dərman verilməsi olmadığını bildirib:

“Əgər uşağa dərman verilibsə, həkimdən arayış olmalıdır. Mən ondan nə qədər sübut tələb etsəm də, heç bir sübut göstərməyib. Polislə də əlaqə saxlamışam, onlara analizlə bağlı məlumat verilməyib. Mənim işçiləri bu səbəbdən işdən azad etməyim də yalan məlumatdır. Bağça orada əvvəldən var, cümə günü isə mən götürmüşəm. Əvvəl oranı başqa xanım işlədirdi. “Esmanur” adı ilə işləmirdi, başqa bağça adla işləyib. Biz işləmirdik. Bağçanı mən götürdükdən sonra isə öz kollektivimi gətirdiyimə görə işçiləri işdən azad etdim. Burada xanımın öz marağı var, bunu da hamı bilir”.

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, vətəndaş E.Hüseynova oktyabrın 17-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində fəaliyyət göstərən uşaq bağçasında övladının müəllim tərəfindən döyüldüyünü bildirib:

“Vətəndaşın müraciəti üzrə polis şöbəsində təhqiqat araşdırması aparılır. Müraciət əsasında bütün xüsusat araşdırılır. Araşdırmanın nəticəsinə əsasən müvafiq qərar qəbul ediləcək”.

Избранный
37
nocomment.az

1Источники