1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada, xuliqanlıqda, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə və soyğunçuluqda təqsirləndirilən Mədət Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Mədət Əkbərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ilk hadisə 19 may 2023-cü il tarixdə, saat 20:45-də Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksi ərazisində yerləşən marketin qarşısında qeydə alınıb. Belə ki, zərərçəkmiş Uğur Rəfiyev (şərti) Mədətin atasının idarə etdiyi sərnişin avtobusunun üzərinə sürüldüyünü zənn edərək sürücünün ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Mədət avtobusdan düşüb ucadan nalayiq ifadələr işlədib və Uğurun sol kürək nahiyəsinə əlindəki bıçaqla qəsdən bir dəfə vuraraq xəsarət yetirib.
Bundan başqa, Mədət Əkbərov 29 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yeni inşa edilməkdə olan yaşayış binasının həyətində gözətçi işləyən zərərçəkmiş Habil Fərəcovun (şərti) "fəhləyə ehtiyac olmadığını, çıxıb getməsini" tələb etdikdən sonra yerdən götürdüyü taxta parçası ilə zərərçəkmiş şəxsin sağ qoluna qəsdən bir dəfə vuraraq xəsarət yetirib. Sonra təqsirləndirilən şəxs Habilin 20 manat dəyərində "Nokia" markalı mobil telefonunu onun əlindən alaraq hadisə yerindən qaçıb.
Bundan başqa, Mədət Əkbərov 3 sentyabr 2023-cü il tarixdə, gecə saat 3 radələrində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı tərəfindəki dayanacaqda dayanmış zərərçəkmiş İmran İslamovun (şərti) "Mercedes-Benz" markalı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırıb.
Hadisələrdən sonra Mədət Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.