RU

Türkiyənin müdafiə sənayesinə qarşı gizli təhdidlər- ÖZƏL

"Ankaradakı terror hücumu Türkiyənin müdafiə sənayesinin dünyada bəzilərini narahat etdiyini büruzə verir. Çünki hücuma məruz qalan şirkət Türkiyə müdafiə sənayesinin ən önəmli şirkətlərindən biridir. Müasir Türkiyənin ən müasir silahlarının yaradılmasında və istehsalında xüsusi rol oynayan bir şirkətdir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Belə anlaşılır ki, bəzi dünya dövlətləri Türkiyənin müdafiə sənayesinin qazandığı böyük uğurlardan ciddi şəkildə narahat olublar. Türkiyənin müdafiə sənayesinin belə uğurlu fəaliyyətinin qarşısını almağın yollarını axtarırlar. Təbii ki, üzdə görünməsə də, bu terror aktının arxasında hansısa dünya ölkəsinin, xüsusilə də Qərb ölkəsinin əlinin ola biləcəyi qətiyyən şübhə doğurmamalıdır. Məsələ ondadır ki, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan qruplaşmaların hamısının arxasında bəzi Qərb ölkələri dayanır. Məsələn, Amerika Birləşmiş Ştatları Ankarada baş verən terror aktını qətiyyətlə pislədiyini bəyan edib. Ancaq reallığa baxdıqda nəzərə almaq lazımdır ki, Türkiyəyə qarşı terror fəaliyyəti ilə məşğul olan PKK terror təşkilatı ABŞ tərəfindən dəstəklənir. Həm PKK-çı terrorçulara təlim keçirilir, həm də PKK terror təşkilatına ABŞ-dən silah yardımları göstərilir. Eyni zamanda Ağ Ev indiyə qədər dəfələrlə açıq şəkildə bəyan edib ki, Suriya və İraqdakı PKK terror təşkilatı Amerika Birləşmiş Ştatlarının bölgədəki əsas tərəfdaşları sırasına daxildir. Belə olan təqdirdə PKK-nın Ankarada törətdiyi terror aktını qətiyyətlə pisləmək barədə bəyanatı bir qədər riyakarlıq təsiri bağışlayır. Çünki əgər Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı terror fəaliyyətini pisləyirsə, Türkiyə ilə NATO müttəfiqi olan Amerika Birləşmiş Ştatları ilk növbədə PKK-ya dəstəyini dayandırmalıdır. PKK terrorçularına hərbi təlimləri ləğv etməlidir və terrorçuların silahlandırılmasından imtina olunmalıdır. Bu halda ABŞ-nin  Ankaradakı terror aktını qətiyyətlə pisləməsi daha səmimi görünərdi. Belə məqamları nəzərə alanda bu terror aktının təsadüfi olmadığını ehtimal etmək mümkündür. Rəsmi Ankara artıq qətiyyətlə bəyan edib ki, Türkiyəyə qarşı terror təhlükəsinin tamamilə ləğv olunmasına qədər terrorçulara qarşı mübarizə davam etdiriləcək. Ona görə də dünyada bəzi dövlətlərin Türkiyəyə qarşı terrorçu təşkilatları dəstəkləməsinin elə bir ciddi nəticə verəcəyi inandırıcı görünmür".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
35
olaylar.az

1Источники