RU

Qurban Qurbanov “Ayaks”la matçın hakimliyini tənqid etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Ayaks”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Ağdam klubu Bakıda qarşılaşdığı Niderland nəhənginə 0:3 hesabı ilə uduzub.

Matçdan sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov bunları söyləyib:

“Təəssüf ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımızın qırmızı vərəqə almağı xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım. Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu cür bəsit vərəqələr verilirsə, deməli, biz yenə bəzi xırda detallara fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cəsarəti qoruyub-saxlasaq, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Buna inanıram. Bir daha gördük ki, böyük komandalar kiçik fürsətlərdən necə istifadə edirlər”.

Baş məşqçi qırmızı vərəqə almış Elvin Cəfərquliyev və Julio Romao ilə bununla bağlı söhbət edəcəyini bildirib:

“Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. İkinci hissədə Juninyonu iki əllə yıxanda penalti vermirsə, Romaonun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, biz komanda azlıqdadırsa, hesabda geridədirsə və ikinci “sarı”nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nə olsun ki, biz “Qarabağ”ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz”.

Qurban Qurbanov hakim qərarlarından UEFA-ya şikayət etməyi planlaşdırmadıqlarını da söyləyib:

“Bir-iki dəfə etmişik, amma nəticəsi olmayıb. Oyun başa çatıbsa, faydası olmayacaq. Hakimlik barədə danışmasaq, yaxşıdır”.

Ağdam klubunun çalışdırıcısı növbəti turda qarşılaşacaqları “Bodo Qlimt”lə matça ciddi itkilərlə çıxacaqlarını vurğulayıb:

“Nə lazımdırsa, edəcəyik. Səfərə çəkinmədən, inamla gedəcəyik. 7 xalları var, hələ məğlub olmayıblar. Ələlxüsus evdə rəqibə oynamağa imkan vermirlər. Amma digər futbolçularımız var. Əlimizdə olanlarla yaxşı nəticə əldə etməyə çalışacağıq”.

“Qarabağ” birinci hissədə fantastik oynadı” – Farioli

“Ayaks”ın baş məşqçisi Françesko Farioli də matçdan sonra komandasının qələbəsinə şərh verib:

“Nəticə məni çox razı saldı. Futbolçularım öz bacarıqlarını nümayiş etdirərək qalib gəldilər. Növbəti oyunlara köklənməyə çalışacağıq. “Qarabağ” birinci hissədə fantastik oynadı. Oyuna enerjili başladılar. Dünənki mətbuat konfransında da bildirmişdim ki, “Qarabağ”a qarşı bizi çətin oyun gözləyir. Təbii ki, qırmızı vərəqədən sonra işlər lehimizə getdi. Daha çox şans yaratdıq. Buna baxmayaraq, “Qarabağ” sona qədər təzyiq göstərdi. Hakim idarəçiliyi ilə bağlı danışa bilmərəm. Biz heç vaxt onların qərarlarını müzakirə etmirik. Bu, bizim prinsipimizdir”.

Избранный
98
4
arena.az

10Источники