RU

İşığı sönmüş bağça

Gör nə günə qalmışıq, Tramp da üstümüzə gəlir. Deyir Amerikada yaşayan ərmənilər prezident seçkisində mənə səs versələr hamısını Qarabağa qaytaracağam.

Doğrusu, tam əmin deyiləm, xəbərin detallarını oxumamışam, ümid edirəm buraya Amerikada yaşayan ərmənilər daxil deyil. Onları qaytarsa da etirazımız yoxdur, ən azı Kim Kardaşyan gələ bilər. Ümid edirik XİN ona şərait yaradar. Hökumət qəzetləri də Kardaşyan haqda vaxtilə yazdığı tənqidləri dayandırar. Zarafat deyil, birbaşa Milli Məclisimizin orqanı olan “Azərbaycan” qəzeti bir zaman belə analitik məqalə ilə çıxış etmişdi ki, Kim xanım bütün Amerika qitəsində, mədəni ifadə eləsəm, əxlaqsızlıq yuvası açmışdır. Əlbəttə, qəzetdə ifadə necə idi, onu burada yaza bilmərəm - qəzeti məktəblilər oxuyur, əllərindən ala bilmirik.

Adama, yəni Tramp müəllim deyən gərək axı sən kim olmusan, dünənə qədər eloğlumuz Emin müəllim səni kefi istəyəndə bambılı artistlər kimi oynadırdı, kliplərinə çəkdirirdi. Ziya müəllimin övladı Anar müəllim isə ayı ovuna aparırdı. İndi bizə yol göstərən çıxmışdır. Üstümüzü unlu görüblər.

Eybi yoxdur, şairlər demişkən, bu da gələr, bu da keçər, ağlama. Hər şey yaxşı olacaq. Əsas odur səbrli olaq. Bağban tələsər, armud vaxtında yetişər.

Dövran da insanlarımızı səbrsiz, hövsələsiz edib, sürət əsridir axı. Hamı tələsir. Nəticədə təndirə düşür. Biz gələcəyə inamla baxmalıyıq. Mənim hesablamalarıma görə gələn yüzillikdə tam xoşbəxt olacağıq.

Bu yaxında Mingəçevirdən bir şikayət yayılmışdı, deyirdilər 1 aydır uşaq bağçasında işıq yanmır, körpələrimiz qaranlıqda qalmışdır, göz-gözü görmür və sairə. Əslində Mingəçevirdə - ölkəni işıqla təmin yerlərdən birində işıqsız uşaq bağçasının olması, savadlı adamlar demiş, nonsens idi, ancaq həmişə belə olmayıbdırmı? Şam, çıraq hər yerə işıq salır, bircə öz dibi, yaxın çevrəsi qaranlıq qalır. Dahi adamlar da belədir, gərək istedadını xalqa sərf etsin, özü isə acından ölsün. Dahi şəxsiyyət insan kimi yaşayanda xalqın xoşuna gəlmir. Bu temada rəhmətlik Aydın Məmmədovun bir aforizmi var idi, deyir xalq öz sevdiyi şəxsləri həmişə yuxarıda görmək istəyir və onun üçün fərqi yoxdur sevimli şəxsiyyət tribunadadır, yoxsa dar ağacında. Mövzudan uzaqlaşmayaq.

Mövzu isə uşaq bağçasının qaranlığa qərq olmasıydı. Sovetin axırları, 90-cı illər, o cümlədən 2000-ci illərin əvvəlləri kimin yadındadır? Həmin vaxtlar Bakıda, ölkəmizin hər yerində işıqlar limitlə verilərdi. Şahmat qaydasıyla söndürmək deyə bir üsul vardı. Gah o məhəlləni söndürürdülər, gah bu birini. Ki, gərginlikdən xətlər, transformatorlar-filan sıradan çıxmasın. Nə tez unutdunuz o günləri? İndi 1 ay bağçada işıq kəsilib, uşaqların, tərbiyəçilərin çığırtısı ərşə bülənd olmuşdur. Hələ onu yazmıram ki, dədə-babalarımızın heç şamı da olmayıb, axşam düşən kimi yıxılıb yatıblar. Təbiətlə iç-içə yaşayıblar. Səhər torağaylarla durublar, şeh suyundan içiblər, toranlıq düşəndə alaçığa çəkiliblər. Yemək-içmək də təbii idi, ona görə hər ailədə 10-15 uşaq olurdu. Uşaq demişkən, bu yaxında bizim məhəllədə də bir neçə saatlığa işıq sönmüşdü, mobil qurğuların enerjisi də tükənmişdi, evdə, ailədə necə mehribançılıq yaranmışdı, sözlə təsvir edə bilmirəm. Qonşumuz hətta çoxdan itirdiyi uşağını tapdı. Hazırda onlarda uşaqgörmə mərasimidir, yazını bitirib getməyə məcburam.

Uşaq bağçaları haqda yazmağa vaxtım qalmadı, üzrlü sayın.

Yazını da bir nəğmə çələngi ilə bitirək, maraqlı olsun:

Bağçalarda yasəmənlər verdi baş-başa,

Lalələr bürüdü çəməni, düzü.

Bu yerlərdə, ay sevgilim, gəzməsək qoşa,

Çəmənlər, çiçəklər qınayar bizi.

 

 

Избранный
20
musavat.com

1Источники