RU

COP29: Azərbaycan regional və qlobal proseslərə dəstəyini davam etdirəcək

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində keçirilən COP29 tədbirinə gələn ay Azərbaycan ev sahibliyi edəcək. Belə bir beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində xüsusi bir önəmə malikdir.

COP29-un sonrakı mərhələlərdə Azərbaycanın region ölkələri ilə əmədaşlığına hansı faydaları olacaq?

Naqif Həmzəyev: Bu tədbir Azərbaycanın böyük bir addımı olacaq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanda keçiriləcək COP29 tədbiri Azərbaycanın region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində böyük rol oynayacaq.

Onun sözlərinə görə, tədbirin əsas məqsədləri arasında karbon tənəzzülü və təhlükəsiz enerji ilə bağlı məsələlərin həllinə yönəlmiş beynəlxalq əməkdaşlığı gücləndirmək və Azərbaycanın bu sahədəki inkişafını təşviq etmək yer alacaq:

“Bu tədbir Azərbaycanın region ölkələri ilə əməkdaşlığını gücləndirəcək və karbon tənəzzülü ilə bağlı proqramlar üzərində birgə işləməyə imkan yaradacaq. Həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın təhlükəsiz enerji proyektlərinə dəstək olaraq, enerji təhlükəsizliyini artıracaq. Bu tədbir Azərbaycanın böyük bir addımı olacaq və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlıdır”.

Naqif Həmzəyevin sözlərinə görə, COP29 tədbiri Azərbaycanın beynəlxalq səhnədəki mövqeyini gücləndirmək və iqlim dəyişiklikləri ilə bağlı səylərini nümayiş etdirmək üçün böyük bir fürsətdir və bu tədbir, bir neçə mühüm məqamı və perspektivləri özündə cəmləşdirir.

Müsahibimiz bu tədbirin Azərbaycanın regionda rolunu güclədirmək istiqamətində mühüm addım olduğunu qeyd edib. Bildirib ki, COP29 Azərbaycanın region ölkələri ilə əməkdaşlığını gücləndirmək üçün vacib bir platformadır:

“Xüsusilə, Azərbaycan qonşu ölkələrlə birgə iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq edə bilər və bu, ətraf mühit problemlərinin həllində birgə səylərin artırılmasına və regionda ekoloji vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək”.

Deputat onu da deyib ki, COP29 Azərbaycanı beynəlxalq təşkilatlarla, o cümlədən BMT, Dünya Bankı və digər qlobal təşkilatlarla daha yaxın əməkdaşlığa dəvət edir ki, bu əməkdaşlıq da, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini gücləndirəcək və qlobal səviyyədə daha effektiv nəticələr əldə etməyə imkan verəcək.

Azərbaycannın COP29 tədbiri çərçivəsində yaşıl enerji təşəbbüslərini və bərpa olunan enerji mənbələrini tanıtmaq üçün geniş imkanlar əldə edəcəyini vurğulayan millət vəkili bunun həm ölkə daxilində, həm də xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayacağını, yaşıl enerji sektorunun inkişafının ölkənin iqtisadi inkişafına və ekoloji dayanıqlığına töhfə verəcəyini söyləyib:

“COP29, həm də Azərbaycanın ictimaiyyətini iqlim dəyişiklikləri və ekoloji problemlər haqqında məlumatlandırmaq üçün vacib bir platformadır. Tədbir zamanı keçiriləcək müzakirələr və maarifləndirmə kampaniyaları, əhalinin ekoloji məsələlərə daha çox diqqət yetirməsinə və gündəlik həyatlarında daha məsuliyyətli davranışlara ilham verəcək”.

Həmsöhbətimiz COP29-un Azərbaycanın qlobal səhnədə nüfuzunu artırmaq üçün mühüm bir imkan kimi çıxış etdiyini, Azərbaycanın ekoloji problemlərlə mübarizədə lider ölkələrdən biri kimi tanınmasına və iqlim dəyişikliyi ilə bağlı qlobal səylərə töhfə verməsinə səbəb olacağını deyib:

“Ümumilikdə, COP29 tədbiri Azərbaycanın region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində mühüm bir addım olacaq. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi, ölkənin ekoloji dayanıqlığı və dayanıqlı inkişaf sahəsindəki səylərini və nailiyyətlərini dünya ictimaiyyətinə nümayiş etdirməyə imkan verəcək”.

Həm də Azərbaycan ümumiyyətlə uzun bir müddətdir həm regionun enerji siyasətinə və təhlükəsizliyinə töhfə verir, eyni zamanda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan təbii ki, praktiki olaraq COP29-un təşkili də bir daha göstərir ki, Azərbaycan növbəti dövrlərdə də həm regional və qlobal proseslərə dəstəyini davam etdirəcək, həm də çox fərqli proqramların reallaşmasına töhfə verəcək.

Vüqar Bayramov: Azərbaycan fərqli proqramların reallaşmasında rol oynayacaq

Milli Məclisin deputatı Vüqar Bayramov Bakıvaxtı.az-a açıqlama verərək bildirib ki, COP29 iqlim dəyişikliyi ilə bağlı tədbir olmaqla yanaşı, həm də Azərbaycanın potensialını təqdim etməsi baxımından vacibdir və praktiki olaraq COP29-a ev sahibliyi etməklə Azərbaycan qlobal və regional yaşıl zonanın yaradılmasına töhfəsini genişləndirir.

V.Bayramovun sözlərinə görə, bir tərəfdən COP29-un təşkili, digər tərəfdən Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən BRİKS-lə əməkdaşlığının gücləndirilməsi Azərbaycanın aparıcı ölkələrlə əməkdaşlığında xüsusi bir mərhələnin başlanması anlamına gəlir:

“Həm də Azərbaycan ümumiyyətlə uzun bir müddətdir həm regionun enerji siyasətinə və təhlükəsizliyinə töhfə verir, eyni zamanda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu baxımdan təbii ki, praktiki olaraq COP29-un təşkili də bir daha göstərir ki, Azərbaycan növbəti dövrlərdə də həm regional və qlobal proseslərə dəstəyini davam etdirəcək, həm də çox fərqli proqramların reallaşmasında rol oynayacaq”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Избранный
18
bakivaxti.az

1Источники