“Ayaks”ın türkiyəli futbolçusu Ahmetcan Kaplan Sportinfo.az-a müsahibə verib.
21 yaşlı müdafiəçi komandasının Avropa Liqasının Liqa mərhələsinin üçüncü turunda “Qarabağ” üzərində Bakıda qazandığı 3:0 hesablı qələbə haqda sualları cavablandırıb.
- “Qarabağ” sizin düşərgədən necə göründü?
- “Qarabağ” oyuna çox yaxşı başladı. İlk 15 dəqiqədə matça nəzarət edirdi, qol fürsətləri axtarırdı. Onsuz da bu rəqibə qarşı oynamağın çətin olduğunu bilirdik və buna hazır idik. Xüsusən Bakıdakı görüşlərdə azarkeşlərin dəstəyi ilə özünü daha rahat hiss edir. Qırmızı vərəqədən sonra normal olaraq oyunlarında eniş yaşanınca, bundan maksimum istifadə etdik. Bura qələbə dalınca gəlmişdik, ona da nail olduq.
- Qırmızı vərəqə qarşılaşmaya nə dərəcədə təsir etdi? O “qırmızı” olmasaydı...
- Olmasaydı, təbii ki, bizim üçün çətin olacaqdı. Amma bu, futboldur, bilmək olmur. Bəzən gözləmədiklərin baş verir.
- Türkiyəli olduğun üçün futbolçu yoldaşların səndən “Qarabağ” haqda soruşurdu?
- Nə gizlədim, “Qarabağ” barədə geniş məlumatlara sahib deyildim. Hamının görüb-bildiklərindən xəbərdar idim. Onsuz da məşqçilər heyəti ilə analizlər zamanı bu komandanın nəyə qadir olduğunu görmüşdük. Açığı, bu dəfəki təhlillər bir az uzun çəkdi. Çünki bir neçə detalların üzərində xüsusi işləməyə gərək var idi.
- Qardaş ölkə Azərbaycanda necə qarşılandın? Şəxsinə qarşı münasibət necə idi?
- Dediyiniz kimi, qardaş ölkələrik. Türkiyədə necədirsə, burada da elə. Açığı, ətrafdakı insanlarla çox da ünsiyyət qurmaq imkanım olmadı. Amma gördüklərimdən çox razı qaldım. Onsuz da başqa cür də ola bilməzdi. Biz türklər gülərüz və qonaqpərvərik.
- Özünü Türkiyə millisində təsəvvür edirsən?
- Bu, özümdən asılıdır. İlk növbədə klubumda möhkəmlənməliyəm ki, milli komandanın məşqçilər heyəti məni görsün. Bütün yaş qruplarından ibarət yığmalarda oynamışam, məqsədim təbii ki, A millidə yer almaq və ölkəmiz ən gözəl şəkildə təmsil etməkdir.
HƏBİB