RU

Ucalığın mübarək, Atam Balası!

Vətən savaşımız müzəffər Ordumuzun şanlı zəfəri, Ali Baş Komandanımızın və məğrur xalqımızın yumruq kimi birləşməyinin, milli birlik və düşüncə bütövlüyümüzün təntənəsi olaraq tarixə çevrildi.
 
Hər hansı bir zaman kəsiyində müəyyən bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca tuta... Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı... Ramazan Göydağlı məhz belə qəhrəman oğullardır. Vətənin azadlığı uğrunda mübarizədə xalqının döyünən ürəyi olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarixdir...
Mənim balamın nişanı da, toyu da məzarı başında ucalan Azərbaycan bayrağıdır!
 
 
Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün nə böyüklükdə ürəyi olmalıdır, İlahi? - Şəhid anasının dilindən bu sözləri eşidəndə həyat bir loxma quru çörək kimi boğazımda düyünlənir...
 
İndi bildinizmi, VƏTƏNə nə üçün ANA deyirik?
 
30 illik işğala, zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib. Ramazanı dünyaya gətirən Nur üzlü Zülfünaz Anamız kimi...
Bu həyatda valideyn olmaq ən çətin peşədir, çünki şəxsiyyət yetişdirirsən. Zülfünaz Anamızla Əbülfət Atamızın Ramazan kimi milli məfkurəyə sahib, əqidəli, dönməz, cəsur və sağlam təfəkkürlü övlad yetirməsi onların valideynlik görəvinin öhdəsindən necə şərəflə gəldiyinin göstəricisidir. Atası Əbülfət müəllim hərbi müəllim olduğundan Ramazan körpə yaşlarından elə vətənpərvər ruhda tərbiyə olunmuşdu. Qəhrəman şəhidimiz ta uşaqlıqdan hərbçi olmaq arzusuyla böyüyürdü.
Ramazan Göydağlı 4 fevral 1997-ci ildə Culfa rayonunun Kırna kəndində dünyaya göz açıb. "Göydağlı" soyadı ona Ordubad rayonunun Nürgüt kəndindəki Göydağın şərəfinə verilib.
 
İlk təhsilini 2003-cü ildə Culfa rayon Kırna kənd tam orta məktəbində alan Ramazan 2014-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ildə hərbi xidməti bitirib və bir sıra fərqli sahələrdə işləməyə başlayıb. O, bu müddət ərzində Azərbaycanda, həmçinin Türkiyə və Qazaxıstanda da müxtəlif işlər üzrə təcrübə qazanıb.
 
 
Bir neçə illik iş təcrübəsindən sonra 2020-ci ilin 5 sentyabrında Ramazan Göydağlı MAHHXHQ əsgər olub, bununla da hərbi fəaliyyətinə yenidən başlayıb. Vətən Müharibəsi başlayan vaxt hərbi kursu təzəcə bitirən MAHHXHQ əsgər Ramazan Göydağlı 15 oktyabrdan döyüşlərə və hərbi əməliyyatlara qoşulub. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda döyüşlərdə döyüş tapşırığını yerinə yetirib. MAHHXHQ əsgər Ramazan Göydağlı Xocalı rayonunun bir neçə kəndi istiqamətində gedən döyüşlərdə də iştirak edib, 28 oktyabr 2020-ci ildə Xocalı rayonunun Çanaqçı kəndi uğrunda davam edən döyüşlərdə şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ramazan Göydağlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Ramazan Göydağlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Ramazan müharibənin qızğın döyüş çağlarında döyüş yoldaşına son dəfə bu sözləri söyləyib:
“Mən bura şəhid olmağa gəlmişəm. Canım Vətənə fəda olsun!"
Sosial şəbəkə hesabında paylaşdığı son mesaj da Qəhrəman şəhidimizin bu yolda canını hər an fəda etməyə hazır olduğunun göstəricisidir.
“Bizi böyük sınaqlar gözləyir. Əgər biz bu sınaqları keçsək, Allahın izni ilə cənnətə gedəcəyik...”
 
Onun döyüşlərdə necə mətinliklə vuruşduğunu, göstərdiyi rəşadəti qazi olan döyüş yoldaşları danışmaqla bitirmirlər. Döyüş yoldaşlarından biri danışır ki: "Mən Cəbrayılda ağır yaralandım. Tibb məntəqəsi isə döyüş meydanından xeyli aralıda idi. Ramazan bir əlində silah döyüşə-döyüşə çiynində məni neçə kilometr tibbi xidmət göstərilən məntəqəyə çatdırdı. Çox təəssüf ki, biz dostları Ramazan kimi igidi namərd güllənin qarşısından xilas edə bilmədik. Oktyabrın 28-də böyük əks-hücum əməliyyatlarında böyük şücaət göstərərək şəhadətə yüksəldi".
Hər bir insan ömrü bütöv bir təcrübədir. İnsanların ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, hamı bir-birinin yaşamını təkrarlayır. Amma Ramazan gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki, onun ömrü bu məmləkətdə nəsil-nəsil insanlardan ötrü bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq - namus, qeyrət, şərəf, ləyaqət, kişilik, mərdlik və fədakarlıq nümunəsi...
Ramazanı gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam Xocalıda günahsız körpələrin, əliyalın qocaların, hamilə qadınların, ana - bacılarımızın başına gətirilən izaha gəlməz müsibətlər idi. Və Ramazan Xocalının qisasını almağı özünə həyat qayəsi seçmişdi.
 
Ən böyük arzusu şəhidlik zirvəsinə - şəhadət məqamına ucalmaq idi, amma qisas alınandan sonra. Dediyini etdi, əqidəsindən və yolundan dönmədi, düşməndən qisasını aldı və şəhid oldu.
 
Vətən, torpaq, böyük amallar və müqəddəs, qutsal bir qayə uğrunda candan keçmək, özünü şüurlu şəkildə fəda etmək... Tanrının verdiyi ömür payını Vətənin və gələcək nəsillərin firavanlığına bağışlamaq... Ölüm var ki, həyat qədər dəyərli... - dedikləri yəqin elə budur - şəhadət məqamı...
 
Nur içində uyu, Ramazan Qardaşım! Siz bizim hər ayın hansısa günü mütləq qara ilə haşiyələnmiş təqvimimizi dəyişdirdiniz. İndi yazdıqca xatırlayıram ki, hər ilin neçə-neçə qara rənglə haşiyələnmiş işğal tarixi çəkicin zindanı döyəclədiyi kimi ruhumuzu, qan yaddaşımızı döyəcləyirdi. Və indi artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər yoxdur. Artıq bütövləşmiş Vətən və o Vətənin azad edildiyi qırmızı haşiyəli gün var - Zəfər günü!!!
 
 
Qalibiyyətin qutlu, Zəfərin mübarək, Ramazan Qardaşım!
Yurdumun ər qeyrətli, Tarix yazan Mərd Oğlu!
Siz indiyədək oxuduğumuz tarix kitablarını tarixin arxivinə gömdünüz, tariximizi yenidən yazdınız...
Siz qanınızla köksü param-parça olan Vətənimizi bütövləşdirdiniz!
Siz İlahi Ədaləti bərpa etdiniz!
Siz gerçəkdən Tarix yazdınız!!!
Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizidək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!
Yaşadıqlarımız bizi nə qədər ağrıtsa da, bunlar tarixdir, bunları yazmaq Sizin müqəddəs ruhunuz qarşısında vəfa borcumuzdur...
***
Bu gün Culfa rayon Kırna kənd məzarlığında vüqarla dalğalanan Azərbaycan bayrağının kölgəsində vüqarlı bir oğul uyuyur...
İndi təkcə Zülfünaz Ananın deyil, Vətən boyda Anamızın oğludu Ramazan!...
 
Bu ana torpağın köksündəki ən doğma, ən əziz, müqəddəs ünvanlardan biridir Ramazan!…
 
Azad Qarabağın aydın səmasında ucalan bayraqdı Ramazan!…
 
Minlərlə soydaşımızın qutsal and yeri, məbədi, piridi Ramazan!…
 
Zülfünaz Ana ilə Əbülfət bəyin qoşa qanadı, əllərinin qabarı, alnının təridi, Ramazan!…
 
Cismi torpağın bağrında olsa da, könlümüzdə hər daim diridi, Ramazan!…
 
**
 
 
4 ildir Zülfünaz ananın evində, ocağında, obasında Ramazan adı nisgilə dönüb…
 
4 ildir Zülfünaz ananın “Oğul!” deyən dili hicran odunda kösöv olub…
 
4 ildir O uca Qadının qanadları qırılıb, daha qol-qanad aça bilmir…
 
Qol-qanad açmaq nədi, yaşamaqdan ötrü birtəhər tutunur həyata ürəyidağlı Ana…
 
Vətən deyə-deyə Vətən olan övladının həsrətinə, bir ananın içində qaysaq tutmayan, bağrının başında qübar eyləyən övlad yarasını heç nəylə sarımaq mümkün olmasa da, heç olmasa, bu gün Vətən yaramızı bayraqla sarıyıb Azərbaycan əsgəri!
 
Bu gün Ramazanın müqəddəs ruhu azad Qarabağın aydın səmasında bayraq kimi ucalır!
 
***
 
 
27 sənə öncə Tanrıdan bir Nur parçası qopmuşdu…
 
Yaşasaydı bu sənə 27 yaşını tamamlayacaqdı…
 
Doğulduğu gün İlahidən müqəddəs bir görəv almışdı, bu dünyaya ilahi ədaləti bərqərar etmək üçün göndərilənlərdən idi…
 
Hamımız kimi sıradan bir ömür yaşamırdı, Tanrı tərəfindən görəvləndirilmişdi və o alın yazısını yaşayırdı…
 
Böyük bir dünya daşıyırdı içində… Özü ilə bərabər sirr kimi, səhifələri açılmamış kitab kimi əbədiyyətə apardı ürəyindəkiləri…
 
Hələ “Sevirəm!” deməyə macal tapmamışdı…
Ürəyinə sığmayan sevda dolu xəyalları göyün üzündə qanadlanırdı hələ…
Dünya boyda ürəyində bir dünya arzuları vardı…
 
23 yaşında Tarix yazdı, adıyla ucaldı, adını tarixə yazdı…
 
Gəldiyi paklığında üzüağ, alnıaçıq Tanrıya vardı…
 
Tanrıdan qopan o Nur parçası Ona qayıtdı…
 
 
Bu, Allahın Ramazan Əbülfət oğlu Göydağlı adına yazdığı ömrün ssenarisi idi… Bizə görə yarımçıq ola bilər, amma Tanrıdan ötrü tam və uca bir ömür idi…
Həyatın qızıl qaydası belədir. Ondan gələn əlbət bir gün Ona dönəcək… Ömür dediyimiz iki nəfəs arasında fasilədi – Tanrıdan qopub gəldiyimiz anla – ilk nəfəslə, doğuluşla Ona döndüyümüz an – son nəfəs arasında zaman məsafəsidi ömür…
 
Zatən bir gün hamımız gedəcəyik O müqəddəs ünvana. Məsələ getmək yox, necə getmək, Haqqın dərgahına hansı üzlə gedəcəyimizdədi…
 
Ramazan bu gənc ömründə şərəflə yaşadı, mərdlik və ləyaqət örnəyi oldu, gəldiyi paklığında Haqqın dərgahına döndü… Gənc ömrünü Ucalan bayrağın və Azadlığın ömrünə calayıb könüllərdə unudulmayan bir nəğməyə – dillərdə dastana döndü…
 
Haqq savaşının fədaisi kimi – müqəddəs cihadın şəhidi kimi üz tutdu Göylərə…
Tanrıdan qopan Nur parçası Tanrıya döndü… Ondan gələn Ona qayıtdı!…
 
Tanrı Dərgahında– Əbədiyyətdəki Doğuluşun, Ucalığın, Şəhadətin mübarək, Atam Balası!
Xəyalə Zərrabqızı
Filologiya üzrə fəlsəfə doktoru
Bakı, 27 oktyabr 2024
Избранный
63
moderator.az

1Источники