RU

"Sabunçu tuneli"ni inşa edən şirkətdən daha bir açıqlama: "Ona qalsa, "Bağırov" körpüsünə də su dolub..."

Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb. Bundan əvvəl tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-nin müdir müavini Pravda.a açıqlamasında problemin səbəbləri barədə araşdırma başladıldığını demişdi.

 
Pravda.az-ın əməkdaşı araşdırmanın gedişatı ilə maraqlanmaq üçün yenidən “KBT” ilə əlaqə saxlayıb. 

 

Bu dəfə özünü şirkətin Hüquq şöbəsinin hüquqşünası kimi qələmə verən və soyadını açıqlamaq istəməyən Rüfət adlı şəxs saytımıza deyib ki, məsələ ilə bağlı araşdırmanı şirkət deyil, dövlət orqanları həyata keçirir: “Dövlət layihəsidir, tunel sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır. (“Azərbaycan Dəmir Yolları” QSC) Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır. “KBT” tikinti sahəsində brend bir şirkətdir. Adı da, özü də brenddir. Çox yüksək keyfiyyətdə tikir. Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. “KBT” motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb. İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub. İstər “KBT”, istərsə də digər tikinti şirkətləri işi başa çatdırandan sonra 1 il zəmanət üçün nəzarət edir, bundan sonra müvafiq dövlət orqanlarına təhvil verir. Şirkət illər boyu tikilinin arxasınca getmir. Nəzarəti artıq müvafiq dövlət orqanları davam etdirirlər. Hadisə günü motorların işləyib-işləməməsi bizə aid deyil. Məlumata görə, motorlar işləyib, sadəcə, yağıntıların miqdarı normadan artıq olduğu üçün kanalizasiyalara yüklənib, su geri qayıdıb. Kimsə bizi günahlandırmaq istəyirsə, birinci iş barədə ətraflı öyrənsin. “Körpü Bina Tikinti” MMC bundan başqa onlarla körpü tikib, heç birində qüsur olmayıb. Ona qalsa, Bağırov körpüsünə də su dolub. Fövqəladə hal nəticəsində baş verən hadisədir, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Allah həyatını itirən iki vətəndaşımıza rəhmət etsin. Ailələrin acıları ağırdır, başları sağolsun. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, iki nəfərin həlak olması motorların işləməməsi, tuneli su basması ilə əlaqədar deyil. FHN əməkdaşları onların yanında olarkən su hələ bellərinə çatmamışdı. Su maşının qapısında idi. Yeriyə-yeriyə çıxa bilərdilər. Nəyə görə sudan çıxmadıqları müəmmalıdır. Araşdırma gedir, yəqin ki, nəticəsi mətbuata açıqlanacaq. Kim yaxşı iş görür, ayağından dartmaq istəyirlər. 4 il əvvəl tikib, təhvil vermişik. Görən görür ki, orada “KBT”lik nə var?”

 

Xatırlatma: “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.

 

Aytəkin Qardaşova 

 

Tarix: 28 Oktyabr 2024, 13:12   
Избранный
18
14
pravda.az

10Источники