RU

GÜNDƏM: Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi; Azərbaycan beynəlxalq əməkdaşlığı genişləndirir

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur.

Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

* * *

Azərbaycanla Rusiya arasında yeni saziş təsdiq edilib.

Fins.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar sazişin iki ölkə arasında qeyd olunan sahədə əlaqələrin inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Müzakirələrdən sonra saziş səsverməyə qoyularaq təsdiq edilib.

* * *

Azərbaycanla Özbəkistan arasında müttəfiqlik əlaqələri inkişaf etdiriləcək.

Fins.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zaman sazişin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib.

Müzakirələrdən sonra müqavilə səsverməyə qoyularaq təsdiq edilib.

* * *

29 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Sahir Şamşad Mirza ilə görüşüb.

XİN-dən bildirilib ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı iki ölkə liderləri, eləcə də xarici işlər nazirləri arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmə mexanizmlərinin, regional əməkdaşlıq platformalarının dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək səviyyəyə qalxması işinə töhfə verdiyi məmnunluqla qeyd edilib. Siyasi, iqtisadi, ticarət, yüksək texnologiyalar, müdafiə, təhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın daha da inkişafının vacibliyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkə liderləri arasında görüşlər üçün əlavə imkan yaranacağı, bu tədbirin iki ölkə arasında əməkdaşlıq üçün xüsusi fürsət olduğu qeyd edilib.

Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

* * *

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.

Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihədə öz əksini tapıb.

Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçirilir və müvafiq ödənişlər ödəniş xidməti təchizatçıları vasitəsilə təmin ediləcək.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

* * *

Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binasının təmiri işlərinə başlanılır.

Bu barədə Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Belə ki, Xankəndi şəhərində yerləşən “Mədəniyyət mərkəzi”nin binasının bərpasının layihəsi işlərinin hazırlanması həyata keçiriləcək.

Məlumata görə, artıq Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icarsını “Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla dəyəri 328.060,31 AZN (328 min 60 manat 31 qəpik) olan müqavilə bağlayıb.

Избранный
61
fins.az

1Источники