RU

“Sadəcə, bir oyuna kapitan sarğısı ilə çıxdım” - Bəhlul “Qarabağ”ın pley-offa çıxmaq şansının olduğunu dedi

11-ci turun son oyununda “Qarabağ” “Şamaxı”nı 3:0 hesabıyla məğlub etdi.

“Ayaks” önündəki darmadağından sonra bu qələbə “köhlən atlar”ın əhval-ruhiyyəsini bir qədər yerinə gətirdi. Kapitan sarğısını daşıyan Bəhlul Mustafazadə oyundan sonra “Futbol+”ə danışdı.

- “Şamaxı”nın qapısına 3 xal vuraraq 3 xal qazana bildiz. Birinci hissədə sanki temp aşağı idi, qolları da ikinci hissədə vurduz. Səbəb nə idi?
- "Şamaxı" ilə çətin oyun gözləyirdik. Hazırlaşmağa vaxt az idi. Buna baxmayaraq, komanda şəklində yaxşı çıxış etdik. Bəzi məqamlar alınmadı. Amma qələbəyə sevindik. 3 xal qazandığımız üçün xoşbəxtəm.

- Azarkeşlər Avropada qələbə istəyir. Bu qələbə "Ayaks"la oyundan sonrakı psixoloji enişi aradan qaldıra bilərmi?

- Əlbəttə, qələbə qazanmaq həmişə xoşdu. Bu iki oyunu müqayisə etmək düzgün olmazdı. Amma istənilən halda, qalib gəldiyimizə görə şadıq. Avropa Liqasında da qələbələri sıralamaq istəyirik. Bunun üçün çalışırıq. Sözsüz, biz də azarkeşlərimizi həmişə sevindirmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Bu gün səni kapitan kimi gördük. Bir kapitan kimi komandanı arxanca daşıya bildinmi? Növbəti oyunlarda da sarğını sən daşıyacaqsan?

- Bu haqda nəsə deməyim tezdi. Sadəcə, bir oyuna kapitan sarğısı ilə çıxdım. Baş məşqçimizin qərarıdı. Necə məsləhət bilsə, elə də olacaq.

- "Ayaks"la oyunda hakimliklə bağlı mübahisəli məqamlar çox oldu. Sən nədən narazı qaldın? Ümumiyyətlə, epizodlara sonradan baxdınmı?

- Əlbəttə, mübahisəli epizodlar var idi. Juninyoya qarşı kobudluğa görə penalti verilə bilərdi, verilmədi. Məncə, bu kimi bir çox epizod vardı. Amma bunun üstündə çox dayanmaq istəmirik. Önəmli olanoyunumuzu daha da yaxşılaşdırmaqdı ki, gələn oyunda müsbət nəticə qazanaq.

- 3 turdu qələbə qazana bilmirsiz.

- Hər oyuna qələbə üçün çıxırıq. Son üç oyunda məğlub olmağımıza baxmayaraq, növbəti oyunlarda da hədəf qələbə olacaq. Əlimizdən gələni edəcəyik ki, bunu bacaraq. Mənfi düşünmürük, ümidliyik.

- Ən çox tənqid edilən də siz müdafiəçilərsiz. Məşqlərdə əlavə çalışırsızmı?

- Əlbəttə, çalışırıq. Müdafiə təkcə arxadakı 4 nəfərdən ibarət deyil. Komanda şəklində müdafiə olunmalı, daha yaxşı bacarmalıyıq. Bunun üzərində də çalışırıq ki, gələn oyunlarda eyni səhvləri təkrarlamayaq.

- “Qarabağ”ın pley-offa adlamaq şansını necə görürsən?
- Hələ ki şansımız var. Bunu maksimum dəyərləndirməyə çalışırıq.

RÖYANƏ OĞUZ

Избранный
33
football-plus.az

1Источники