RU

Sülhün bir addımlığında...

Regional və qlobal şərtlər prosesi müsbət nəticəyə yönləndiri

Türkiyədən növbəti çağırışErmənistan Azərbaycanın dəvətini qəbul etsə...

Uzun sürən müharibədən sonra Cənubi Qafqaz ilk dəfədir sülhün bir addımlığındadır. SSRİ-nin dağılması ilə həm Azərbaycanın, həm də Ermənistanın müstəq?llik əldə etdiyi tarixdən bəri işğalçı və təcavüzkar siyasət yürüdən İrəvan regionda normal dövlətlərarası münasibətlərin yaranmasına, bölgənin iqtisadi potensialından tam istifadə edilməsinə imkan verməyib. 2020-ci il Vətən müharibəsi ilə aradan qaldırılan işğal faktının ardından regionda həm də yeni siyasi reallıqlar yaranıb - artıq, sülh regionun gələcək inkişafı üçün ən vacib şərt kimi önə çıxıb.

2022-ci ildən Azərbaycanın təşəbbüsü ilə meydana çıxan proses ötən ildən yeni istiqamət alıb - xüsusilə, ikitərəfli danışıqların aparılması, dövlətlərin müvafiq strukturlarının birgə açıqlamalar yayması, eyni zamanda, bəzi ərazilərlə bağlı delimitasiya və demarkasiya işlərinin görülməsi uğurlu nəticə üçün ümid yaradıb. Bu fakt həm dövlət rəsmiləri, həm də prosesə yaxın olan bir sıra qonşu ölkələr tərəfindən təsdiqlənir.

Ankara Bakı ilə koordinasiyalı işi davam etdirəcək

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi özündə başqa bir məsələni də ehtiva edir - sülhün imzalanması İrəvanın Türkiyə ilə də münasibətlərinn normallaşması üçün yaşıl işıq yandıracaq. Türkiyə rəsmiləri hər zaman İrəvan-Ankara danışıqlarının müsbət istiqamətə köklənməsini Azərbaycanla yürüdülən sülh prosesindən asılı olduğunu qeyd edirlər. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasındakı çıxışında regionda gedən proseslərə diqqət çəkərək Ankaranın Azərbaycan-Ermənistan arasında sülh prosesinin bağlanması üçün Bakı ilə koordinasiyalı işi davam etdirəcəyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistanın bu istiqamətdə səmimi səylərini görür və Ankara prosesi izləməyə davam edəcək: “İndi davamlı sülh üçün unikal imkan var. Ümid edirik ki, kənar qüvvələr prosesi sabotaj edə bilməyəcək və tezliklə xoş xəbərlər eşidəcəyik. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik”.

O bildirib ki, oktyabrın 18-də İstanbulda “3+3” regional platformasının nazirlər toplantısı keçirilib. Ərdoğanın sözlərinə görə, platforma məhsuldardır və Ankara onu institusional platformaya çevirmək istəyir.

Xatırladaq ki, bu platforma çərçivəsində keçirilən İstanbul toplantısında da Prezident Ərdoğan Ankaranın Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi istiqamətində səyləri dəstəklədiyini bildirmişdi. Oktyabrın 18-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində baş tutan görüşdə tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə etmişdilər.

Sülh regiona inkişaf vəd edir...

Vurğulandığı kimi, sülh üçün beynəlxalq şərtlər də, regional şərtlər də məqbul sayılır - dünyanın aparıcı dövlətləri də bu fikri təsdiqləyir. Bir müddət öncə, Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin sülhün vacibliyini qeyd etmişdi. Oktyabrın 21-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda sülh sazişinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcəyini, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcəyini qeyd etmişdi.

Region ölkələrinin də prosesə münasibəti təxminən eynidir - Türkiyə və Gürcüstan dəfələrlə sülhün Cənubi Qafqaz üçün nə qədər önəmli şərt kimi çıxış etməsini vurğulayıb. Sülhün imzalanması region üçün olduqca böyük perspektiv vəd edir. Sülh:

- Regionda proseslərin axarını və mahiyyətini dəyişəcək;

- Cənubi Qafqazın real vahid iqtisadi-siyasi zonaya çevrilməsini təsdiqləyəcək;

- Yaxın qonşuluq münasibətlərini formalaşdıracaq və sabit reigon statusu qazandıracaq;

- Qlobal iqtisadi xəttin mühüm bir parçası kimi çıxış etməyə imkan verəcək.

Təsadüfi deyil ki, bir neçə gün öncə Kazanda baş tutan BRICS toplantısında da Şərq-Qərb istiqamətində ticari logistikanın, nəqliyyat daşınmasının və dəhlizlərin önəmi vurğulanmışdı. Cənubi Qafqazda formalaşacaq sülh mühiti bu mənada da yeni beynəlxalq iqtisadi münasibətlər sisteminə töhfə verə bilər. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, Şərq və Qərb ticari xəttinin qovşağı sayılan Azərbaycan yeni mərhələ üçün həm də Şimal - Cənub tranzitlərinin aktiv fəaliyyətinə zəmin yaradır. Azərbaycan istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu qlobal layihələrin ilk növbədə Cənubi Qafqaz regionunu əhatə etməsi, bölgəyə dividendlər qazandırması faktoruna fokuslanır. Bunun üçün isə sülh əsas şərtdir...

İrəvan iradə göstərməlidir...

Sülhün yaranması üçün isə Ermənistan iradə nümayiş etdirməli və beynəlxalq hüquqa uyğun davranış sərgiləməlidir. Sülhün bərqərar olması üçün zəmini formalaşdıracaq iki şərt ortadadır: onlardan biri və birincisi Ermənistanın manipulyasiyalardan əl çəkərək qeyri-konstruktiv davranışlarına son qoymasıdır. Azərbaycanın humanist və beynəlxalq hüquqa söykənən mövqeyinin qarşılığında rəsmi İrəvanın bir sıra məsələlərdə məqsədli şəkildə ləngiməsi prosesin effektivliyini azaldan amil kimi çıxış edir. İlk növbədə Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Sülh üçün ilkin və əsaslı şərt məhz budur - bunun üçün isə Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir.

Zəmini formalaşdıracaq ikinci əsas məqam isə məsələlərin vasitəçisiz və ikitərəfli təmas əsasında razılaşdırılmasıdır. Xüsusilə, ATƏT-in Minsk qrupunun artıq qeyri-funksional halı təsdiqlənməlidir - bunun üçün Ermənistan öz tərəfindən belə bir quruma ehtiyacın qalmadığını bəyan etməlidir. Çünki artıq “Qarabağ münaqişəsi” tarixə çevrilib və hazırki proses beynəlxalq status daşımır - bu, iki dövlət arasında münasibətlərin tənzimlənməsi prosesidir. Faktlar da sübut edir ki, iki dövlət arasında vasitəçisiz təmaslar prosesin inkişafına daha çox müsbət təkan vermək qabiliyyətindədir.

Azərbaycan rəsmi dəvət göndərib...

Hər zaman irəli sürdüyü qlobal təşəbbüslərlə yadda qalan Azərbaycanın ev sahibliyi edəcək COP29 da sülh üçün bir platforma olmaq iqtidarındadır. Ötən ilin dekabrında bu tədbirin Azərbaycanda baş tutmasına razılıq verən Ermənistanın bu tədbirdə təmsil olunması da sülh üçün mühüm çağırışa çevrilə bilər - qeyd edək ki, bununla bağlı Bakı İrəvana rəsmi dəvət göndərib. İki ölkə arasında diplomatik münasibətlərin olmadığını nəzərə alsaq, bu dəvəti Azərbaycanın sülhpərvər mövqeyinin növbəti təsdiqi də saymaq mümkündür. Hətta Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Bakıya səfər etməsini də mümkün sayır - erməni politoloqlar burada İrəvana sənəd imzalanmasının təklif oluna biləcəyini belə vurğulayıblar. Beləliklə, iqlim dəyişikliyi konfransı kimi mühüm bir tədbirdə sülh prosesinin inkişafına dair atılması ehtimal edilən hər bir addım bölgənin ümumi siyasi-iqtisadi mənzərəsinə əlavə rəng qata bilər. Ermənistan isə regionda yeni siyasi-iqtisadi mərhələdə iştirakçı olaraq yer almaq istəiyrsə, özünün əsassız iddialarından əl çəkməli və ortadakı münbit şəraitin müsbət nətixcəyə yol açması üçün səy göstərməlidir.

P. SADAYOĞLU

Избранный
153
50
yeniazerbaycan.com

10Источники