1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Özünəməxsus repertuarı olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının maraqlı aktyorları var.
Onlardan biri - həm aktyor, həm də müğənni kimi tanınmış Murad İsmayıldır.
O "Kaspi" qəzetinə müsahibəsində sənətinin özünəməxsus sirlərini açıb.
- Sizdə incəsənətə meyil haradan başladı?
- Uşaqlıqdan musiqiyə böyük həvəsim olub. Anamın təkidi ilə musiqi məktəbində qarmon sinfində oxusam da, skripka, pianonu daha çox sevirdim. Orada mənə yeganə doğma olan xor dərsi idi ki, oxuyurdum, bundan böyük zövq alırdım. Bununla yanaşı, üzgüçülük, futbolla da məşğul olurdum. Şuluq uşaq idim, həmişə danlanırdım. Amma elə o vaxtdan fərqləndiyimi hiss edirdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsinə qəbul oldum ki, burada səsin olmağı çox vacibdir.
Səs imkanlarımın olması mənə Musiqili Teatrda işləməyimə imkan versə də, daha çox drama meyilli idim. Tələbə ola-ola "Azdrama"da aktyor studiyasının üzvü idim. Orada Pərviz Məmmədrzayev, Vidadi Həsənov, Məmməd Səfa müəllimdən dərs almışam. Məni ilk dəfə tamaşada səhnəyə çıxaran Xalq artisti Bəsti Cəfərova olub. Onun ilk rejissor işi olan "Nağıllar aləminə səyahət" tamaşasında rol almışam. "Azdrama"dan sonra Xalq artisti Fuad Poladovla "Müsyo İbrahim və Quran çiçəyi" tamaşasına təsdiqləndim. Universiteti bitirəndən sonra Rus Dram Teatrına gəldim və elə o vaxtdan buradayam. "Azdrama"dan sonra burada işləmək mənə bir qədər çətin oldu. Sanki burada yenidən sıfırdan başladım. Tədricən orta rollarda, bir neçə də baş rolda oynayıram.
- İllərdən sonra "Azdrama" səhnəsinə Ariflə gəldiniz...
- Mehriban Ələkbərzadənin quruluşunda "İblis və..." tamaşasında Arif roluna dəvət aldım. Məşq üçün çox az vaxt qalmışdı və mən bu rolu canlandırmaq üçün əlimdən gələni etdim. Bu rol üzərində Mehriban xanımın əziyyəti böyükdür. Əgər obraz alınıbsa, bu, məhz onun fədakar əməyinin sayəsindədir. O səhnədə yenidən oynamaq bir başqa hiss idi həm də...
- Hansı rollar sizin üçün maraqlıdır?
- Düzü, müsbət obrazlardan yorulmuşam. Mənfi obrazlara meylim daha çoxdur. Çünki onlar üzərində iş çoxdur. "Aydın" tamaşasında Dövlət bəy obrazımı sevirəm. Çoxları inanmırdı ki, mən mənfi obrazı canlandıra bilərəm. Amma özümə inanırdım. Xalq artisti, mərhum rejissorumuz İranə Tağızadə mənə bu inamı vermişdi. Onun zəhməti nəticəsində mən o rolun öhdəsindən gələ bildim. Əməkdar artist Firdovsi Atakişiyevin də dəstəyini xüsusi vurğulamaq istəyirəm.
- Bəs İblis?
- İblis mənim üçün, düşünürəm, çox tezdir. Ondan ötrü daha çox təcrübə lazımdır.
- Səhnə, yoxsa çəkiliş meydançası?
- İkisi də mənə doğmadır. Hər ikisinin özünə görə çətinliyi, asanlığı, doğmalığı var. Mən səhnədə özümə çox əminəm, özgüvənim yüksəkdir. Kamera qarşısında da sərbəstəm və rahat işləyə bilirəm. Çox vaxt seriallarda çəkilirəm. Onun da öz çətinlikləri var. Bizdəki şəraitdə serial işində çalışanlara halaldır. Kiçik imkanlarla böyük işlər görürlər. Türk serialları ilə müqayisə isə ən gülməlisidir. Orada bir seriyaya ayrılan vəsait bizim az qala bütün mövsüm üçün ayrılan vəsait qədərdir. Adamlar kiçik nüansları bilmir, ona görə də bəzən çox sərt tənqid edirlər. Həyatda bəzi reallıqlar var ki, biz onları qəbul etməliyik.
- Səhnədə yaratdığınız obrazın alındığını nədən bilirsiniz?
- Birincisi, öz içində bilirsən bunu. İkincisi, səmimi alqışlardan. Üçüncüsü də ətrafdakı insanlardan. Hər kəsin fikrini dinləyirəm. Lap elə başqa sahənin adamlarını da. Bəzən yad sahədən olan adam elə bir məsləhət görür ki, heç peşəkar onu görmür.
- Tamaşada zaldan enerji ala bilirsiniz?
- Zaldan kimsə mənə mənfi enerji də ötürə bilər, müsbət də. Mən bu baxışlardan çəkinmirəm. Baxışlar məni çaşdırmır. Amma ən möhtəşəm enerjini uşaq tamaşalarında almışam. Uşaqlar ən yaxşı tamaşaçıdır, onları aldatmaq olmur. Gərək elə oynayasan ki, uşaqlar sənə inansınlar. Uşaqların sevinci, alqışı, təbəssümünün ötürdüyü enerji ən gözəlidir.
- Murad İsmayıl yaradıcılıqda daha nə istəyir?
- Hər bir aktyor, hər bir müğənni kimi ən yaxşı layihələrdə iştirak etmək istəyərəm. Arzum budur ki, dövlətimi xarici ölkələrdə təmsil edim.
- Müğənni kimi hansı yeniliklər var?
- Rusiyadan bizim bir soydaşımız mənə rus dilində mahnı hədiyyə edib. Bu mahnı aranjeman olunur, tezliklə klip çəkiləcək və həm Azərbaycan, həm də Rusiya platformalarında yayımlanacaq. Mahnının uğur qazanacağına inanıram.
- Ümidli adamsınız?
- Çox ümidli adamam. Buraya qədər öz gücümə gəlmişəm. Bundan sonra da hədəfimə doğru gedəcəyimə inanıram. Özümü ən yuxarılarda görmək arzusu ilə çabalayıram.
- Özünüzü rejissor kimi sınamaq ağlınızdan keçib?
- Mənim kənardan görmək qabiliyyətim yaxşıdır. Amma rejissor işi çox çətindir. Aktyor bir öz öhdəsinə düşəni fikirləşir, rejissor isə hamının əvəzinə.
- Hansı müğənnilər ürəyinizə yol tapıb?
- Azər Zeynalov, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Akif İslamzadəni dinləməyi çox sevirəm. Türk pop musiqisini çox dinləyirəm.
- Murad İsmayıl nədən qorxur?
- Mən sevgisiz qalmaqdan, tələbatlı olmamaqdan, diqqətdən kənarda qalmaqdan qorxuram. Özümü dəyərsiz, gərəksiz hiss etdirəcək həyatım olsun istəmərəm. Deyirlər, xanımların diqqətə ehtiyacı var, xeyr, elə kişilərin də diqqətə ehtiyacı böyükdür. Sənət adamlarının isə bu diqqətə və qayğıya xüsusi ehtiyacı var. Bizi bu yaşadır. Qocalsam da sevilən, yaddaqalan, tələbatlı aktyor olmaq istəyirəm. Özümdən sonra izim qalsın istəyirəm.
- Bəs yaradıcılıqdan başqa nə arzunuz var?
- Düşünürəm ki, incəsənətlə məşğul olmasaydım, hansısa məşhur restoranlardan biri mənim olardı. Çünki yemək bişirmək və restoran işinə böyük marağım var.