Dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco"nun xalis mənfəəti yanvar-sentyabr aylarında 11% azalaraq 83,9 milyard dollar olub.
Poliqon xəbər verir ki, bu barədə "Saudi Aramco"nun son hesabatında deyilir.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk doqquz ayında şirkətin xalis mənfəəti 94,5 milyard dollar olub.
Üçüncü rübün nəticələrinə görə, "Saudi Aramco"nun mənfəəti illik müqayisədə 15% azalaraq 27,6 milyard dollar təşkil edib.
Hesabatda deyilir ki, belə maliyyə nəticələri neftin qiymətinin ümumi düşməsi, eləcə də emal marjasının azalması ilə bağlıdır. Belə ki, iyul-sentyabr aylarında "Saudi Aramco" bir il əvvəl 89,3 dollar/barellə müqayisədə orta hesabla 79,3 dollar/barel neft satıb.
Səudiyyə Ərəbistanı OPEC+ sazişləri çərçivəsində könüllü olaraq neft hasilatını azaltmağa davam edir. Üstəlik, krallıq və alyansın bir hissəsi olan digər yeddi ölkə bu yaxınlarda enerji hasilatının azaldılmasını uzatmaq qərarına gəlib.
Poliqon.info