Klaudio Ranyeri “Çelsi”də son mövsümünü keçirəndə britaniyalı jurnalistlər onun haqqında belə deyirdilər: “Dead man walking”. Bu ifadə ingiliscədən tərcümədə “ölü adam gəzir” mənasını verir. Adətən, ölüm hökmünə məhkum olunan adamlar haqda həbsxanada belə deyirlər: adam hələ sağdı, ancaq ömrünün sonuna sayılı günlər qalıb.
"Football-plus.az" xəbər verir ki, Ranyeri həmin vaxt heç də Erik ten Haqın son aylarda olduğu vəziyyətdə deyildi. Onda – 2004-cü ildə hər kəs anlayırdı ki, italiyalı yaxınlarda postunu tərk edəcək, ona görə ki, klubun yeni sahibi Roman Abramoviç daha güclü məşqçi istəyir. Ancaq oxşar cəhət də var: Ten Haq da məhkum idi.
Niderlandlı mütəxəssisin işi lap əvvəldən düz getnədi. O, MY tarixinə 100 ildə ilk iki çempionat oyununda uduzan birinci məşqçi kimi düşdü. Özü də kimə - “Brayton”a (1:2) və “Brentford”a (0:4)!
Ten Haq ardından daha sarsıdıcı zərbə aldı – Kriştiano Ronaldo ilə münaqişə yaşadı. Portuqaliyalı təkcə 2022-ci ilin sonunda MY-dən qalmaqalla ayrılmadı, həm də son illərin ən qalmaqallı müsahibələrindən birini verərək Ten Haqın imicini korladı.
Niderlandlı həmin zərbədən heç cür özünə gələ bilmədi. Hərçənd düzünə qalsa, o, şəraitin əsiri idi: Kriştiano baş məşqçinin planlarına daxil olmasa da, “Yunayted”in sisteminə uyğunlaşmalıydı. Hə, Erik publika önündə Ronaldo haqda danışarkən taktika işlədirdi, ancaq meqaulduzu heç cür cilovlaya bilmədi. Və artıq həmin vaxtdan bəri öz hökmünü yazmağa başladı.
Düzdü, 2023-ün əvvəlində belə göründü ki, “Yunayted” böhrandan çıxacaq və Ronaldonun gedişi bu prosesdə katalizator rolunu oynayacaq. MY fevraldı son 6 ildə ilk titulunu – Liqa kubokunu qazandı. Ancaq dərhal da qorxulu hadisə baş verdi: əzəli rəqibi “Liverpul” “qırmızı şeytanlar”a divan tutdu. Həmin 0:7 Ten Haqın adını klub tarixinə əbədi yazdı. MY 150 il ərzində belə böyük hesabla uduzmamışdı.
Komanda niderlandlının ilk mövsümündə premyer-liqada 3-cü yeri tutdu, mövsümü ölkə kubokunun finalındakı məğlubiyyətlə bitirdi. Fevralda qazanılan Liqa kubokunu da nəzərə alsaq, pis nəticələr deyildi. Ancaq indi belə aydın olur ki, bu, Ten Haq üçün tavan imiş, o qədər də hündür olmayan tavan. Bu qədər yatırım, ambisiya və gözlənti fonunda “Yunayted” daha artığına layiqdi.
2023-ün payızı yeni məyusluq gətirdi: “qırmızı şeytanlar” “Kopenhagen”lə “Qalatasaray”ı özündən irəli buraxmaqla Çempionlar Liqasının qrupunda sonuncu oldu. Onlar İngiltərə klubları üçün yeni antirekord da müəyyənləşdirdi – bu ölkənin təmsilçilərindən heç biri əvvəllər qrup mərhələsində 15 top buraxmamışdı.
“Yunayted” tədricən lağ obyektinə çevrilməyə başladı: Onana ilə Maquayrın səhvləri, Antoninin mənasız fintləri, Heylunun büdrəmələri, Kazemiro ilə Reşfordun deqradasiyası, Sançonun isterikası – bütün bunlar superkluba aiddi. Ten Haq özü isə yanan evdə çay içən nağıl qəhrəmanına bənzəyirdi: “Hər şey qaydasındadı”. O, hər müsahibədə iddia edirdi ki, hər şey yaxşıdı, böhran yoxdu, nəticələr mütləq gələcək.
Nə qədər qəribə olsa da, Erik yalan demirdi. Axı “Yunayted” bu ilin mayında gözlənilmədən ölkə kubokunu qazandı, hərçənd çempionatdakı 8-ci yerdən sonra istefa təhlükəsi real idi. MS ilə həmin finaldan əvvəl əksər media təmsilçiləri Ten Haqın nəticədən asılı olmayaraq qovulacağını yazırdı.
Qələbə qazandı və qaldı. Hələ üstəlik MY onunla müqavilə müddətini uzatmaqla özünə qəbir qazdı: indi klub niderlandlını istefaya göndərdiyinə görə 21 milyon avro kompensasiya ödəməlidi. Elə yayda müqavilə müddətini uzatmaq qərarı qəribə görünürdü. Axı niderlandlının əvvəlki müqaviləsinin müddəti 2025-ci ildə bitəcəkdi. Daha bir təəccüb doğuran məqam: klub ötən mövsümün gedişində yeni sahibi Cim Retkliffə qovuşmuşdu, o isə öz mütəxəssisini “sükan arxasına” gətirə bilərdi. Ancaq Erik qaldı – “gəzən ölən adam” statusunda.
Bu mövsüm durum daha da pisləşdi: MY Avropa Liqasında belə çətinliklə xal toplayır, premyer-liqada isə 14-cü pilləyə yuvarlanıb. Məğlubiyyətlər komanda üçün adiləşib, hərçənd Ten Haq daim hər şeyin nəzarət altında olmasıyla bağlı görüntü yaradırdı. Demək olar ki, hər həftə hansısa yeni antirekord müəyyənləşirdi. Nəhayət, “Vest Hem”ə məğlubiyyətdən sonra klub rəhbərliyinin səbri daşdı. Baxmayaraq ki, elə bu mövsüm baş məşqçinin qovulması üçün daha münasib məqamlar da var idi. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdi!
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта