RU

"Səbail"ə xal qazandıran De Zerbi fanatı - italiyalı mütəxəssisin yoluyla getməyə çalışan məşqçi

Şahin Diniyevin istefasından sonra "Səbail"in Elvin Məmmədova tapşırılması gözlənilməz oldu. Çünki ölkəmizin tanınmış futbolçularından olan Məmmədov məşqçilik peşəsində yenidir. 

Təyinatı müvəqqəti qiymətləndirilsə belə, ciddi təcrübəsi olmayan mütəxəssisə Premyer Liqa klubunu əmanət etmək sıradan qərar deyil. Lakin bütün bunlara rəğmən, Elvin Məmmədov Premyer Liqada keçirdiyi ilk oyunda barəsində xoş fikirlər yaratdı. 

Yaxşı oyunlarından birini keçirən "Səbail" qələbə qazanmağa yaxın idi. Lakin Elvin Məmmədovun özünün də dediyi kimi, indiki durumda "Turan Tovuz"la heç-heçə də yaxşı nəticə sayılmalıdır. 

Orası da məlumdur ki, bu sahədə böyük təcrübəyə malik olan "Səbail"in icraçı direktoru Firuz Abdulla lap bir-iki oyunluq olsa belə, çətin duruma düşən komandanı bacarıqsız birinə tapşırmazdı. Əslində, seçimin Elvin Məmmədov üzərində dayanması səbəbsiz deyil. 

"Səbail"in U-19 komandasını çalışdıran Elvin Məmmədov ilk günlərdən işə yanaşması ilə hamını sözün yaxşı mənasında təəccübləndirməyə başlayıb. Sən demə, italiyalı mütəxəssis Roberto De Zerbinin fanatı olan Məmmədov neçə müddətdir ki, onun iş prinsiplərini mənimsəməyə çalışır. Xeyli araşdırmalar aparıb De Zerbinin iş metodikasını dərindən öyrənən Məmmədov "Səbail"in U-19 komandasında fəaliyyətini məhz bu istiqamətdə qurub.

Elvin Məmmədovu məşqçilik peşəsində üzərində çox çalışan, yeniliklərə açıq olan biri kimi xarakterizə edirlər. Böyük ehtimalla, "Səbail"də baş məşqçi kimi davam etməyəcək. Amma həvəsdən düşmək lazım deyil. Elvin Məmmədov mütəxəssis kimi gəncdir, özünü isbat eləmək üçün hələ çox imkanı olacaq.

 

Həmid

saytlarin hazirlanmasi

Избранный
21
sportal.az

1Источники