RU

Marşall adaları: Enerji keçidinin kifayət qədər ədalətli olub-olmayacağı bu gün əsas məsələdir

Yeni kollektiv kəmiyyət hədəfi yalnız tərəflərin öz öhdəliklərini yerinə yetirəcəyi halda işləyəcək.

“Report” xəbər verir ki, bunu Marşall Adaları Respublikasının Prezidenti Hilda Hayn Bakıda COP29 Liderlər Sammitində deyib.

"Bu gün qarşımızda enerji keçidinin baş tutub-tutmayacağı məsələsi dayanmır. Məsələ onun kifayət qədər ədalətli və inklüziv olub-olmayacağı ilə bağlıdır. Biz qalıq enerji mənbələrindən imtina edirik, lakin görürük ki, digər ölkələr hasilatı davam etdirir, kömürdən istifadə edir. Heç kim iqlim böhranının təsirlərindən qaça bilməyəcək. Lakin kifayət qədər resursu olmadığı üçün daha çox əziyyət çəkən ölkələr var", - o bildirib.

H.Hayn qeyd edib ki, Marşall adalarının təmiz enerji keçidinə və adaptasiyaya əsaslanan öz gələcək strategiyası var. Lakin bu strategiyanı həyata keçirmək üçün mümkün qədər tez bir zamanda daha çox vəsait lazımdır.

"Bizim ən həssas ölkələrdən biri olduğumuzu nəzərə alsaq, enerji keçidi zamanı həyatımızın hər bir aspekti dəyişəcək. Bu, infrastruktur, təhsil, səhiyyə, iqtisadiyyat, mədəniyyətə aiddir. Biz maliyyə hüququnu müdafiə etməyə çalışırıq, lakin bu, illərlə vaxt aparır", - o bildirib.

H.Haynın sözlərinə görə, yeni kollektiv kəmiyyət hədəfi yalnız hər bir tərəfin öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə işləyəcək. Qlobal emissiyada kiçik paya malik olmağımıza baxmayaraq, biz onu azaltmaq üçün səy göstərməyə davam edirik, lakin digər ölkələrdə bunu müşahidə etmirik.

"Gələcək nəsillər bizi konkret əməllərimizə, öhdəliklərimizi necə yerinə yetirməyimizə görə mühakimə edəcək. Problemləri həll etmək üçün birləşmək vacibdir. Biz artıq keçmişdə ilişib qalan və qeyri-bərabərliyi daha da artıran beynəlxalq maliyyə arxitekturasına ümid bəsləyə bilmərik. Beynəlxalq maliyyə qurumlarında islahatlar aparılmalıdır", - Marşall Adaları Respublikasının Prezidenti qeyd edib.

Siyasətçi həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi həm də insan hüquqları məsələsidir, çünki hər bir insanın sağlam ətraf mühit hüququ var. "Əgər bu gün qətiyyətli tədbirlər görülməsə, qadınlar və uşaqlar daha çox əziyyət çəkəcək. Paris Sazişi bu gün bütün dünyanın üz tutduğu ümid işığıdır. Uğur hamımızdan asılıdır", - o bildirib.

Избранный
58
far.az

1Источники