RU

Yaşıl Zona – işgüzar iqlim müzakirələri məkanı

COP29 Sədrliyi tərəfindən təşkil olunan, icmaların iştirakını, “yaşıl” keçid, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona Bakı Beynəlxalq İqlim Konfransının ilk günündən qapılarını ziyarətçilərin üzünə açıb. İqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin – dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gəldiyi bu məkanda dayanıqlılıq mövzusuna dair müzakirə keçirilib.

 COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilən ilk tədbir iqlim fəaliyyəti və karbon neytrallığı mövzusunda olub. “Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda maraqlı tərəfləri bir araya gətirən məclisdə iqlim fəaliyyəti üzrə təşəbbüslər müzakirə edilib. COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və “yaşıl” maliyyələşmə üzrə beynəlxalq təcrübəyə malik COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elek­tron istehsal sənayesində zəngin iş təcrübəsi olan mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiya xeyriyyəçisi və karbon bazarları üzrə ekspert Deyv Rozun iştirak etdikləri sessiyada tullantıların düzgün idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz emissiyalarının azaldılması kimi mühüm mövzular müzakirə olunub.

Eyni zamanda, dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. İştirakçılar, həmçinin COP29-un daha “yaşıl” və dayanıqlı resurslardan səmərəli şəkildə istifadə edən dayanıqlı tədbir etalonu kimi mövqeləndirilməsinə necə dəstək vermələri barədə müzakirələri dinləyiblər.

Xatırladaq ki, COP29 konfransının ilk günündə fərqli şirkətlər tərəfindən keçirilən biomüxtəlifliyin qorunması, bərpaolunan enerji sahəsində innovasiyalar, iqlim ədaləti və dayanıqlılıq uğrunda mübarizədə nəsillərarası əməkdaşlıq, ali təhsilin iqlim dəyişmələrinə qarşı mübarizədə həlledici rolu və bu kimi digər mövzularla bağlı müzakirələr aparılıb, seminarlar təşkil olunub. 

Yeri gəlmişkən, COP29 Yaşıl Zonasında növbəti günlərdə də fərqli formatlarda tədbirlərin keçirilməsi planlaşdırılıb. Belə ki, 22 noyabr tarixinədək COP29 rəsmi tərəfdaşları ilə əməkdaşlıq formatında bir sıra mövzularda panel diskussiyalar təşkil ediləcək. Həmin tədbirlərdə iqlim və dayanıqlılıq sahəsinin aparıcı ekspertləri və tanınmış simaları iştirak edəcəklər. 

Yeri gəlmişkən, iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi, eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin keçirilməsi üçün mərkəz rolunu oynayan Yaşıl Zonaya yerli və beynəlxalq ziyarətçi marağı anbaan artır. Təkcə onu qeyd etmək kifayətdir ki, noyabrın 9-da iTicket.az platforması vasitəsilə Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinə start verildiyi ilk 2 saat ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub.

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6–18 yaşlı uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.

Xatırladaq ki, Yaşıl Zona ödənişsiz biletlərini əldə edən ziyarətçilər tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən xüsusi marşrutlu avtobuslar ayrılıb. İştirakçılar rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu müəyyən edə bilərlər.

Избранный
167
18
xalqqazeti.az

10Источники